Rəcəb Tayyib Ərdoğan: Türkiyə öz gücünə və imkanlarına inanır

Rəcəb Tayyib Ərdoğan: Türkiyə öz gücünə və imkanlarına inanır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi Aralıq dənizinin şərq hissəsində rəqiblərinin planlarını pozub. Bu fikirləri Ərdoğan videokonfrans formatında Tokatda su elektrik stansiyasının açılışı mərasiminin iştirakçılarına müraciətində söyləyib. Məlumatı ­“Anadolu” verib.

Dövlət başçısı energetikanın inkişafını hər bir dövlətin tərəqqisinin göstəricisi adlandırıb: “Pandemiya dövründə Türkiyə təkcə səhiyyə sahəsinə deyil, digər sektorlara da sərmayə qoymaqda davam edib, bununla da 2023-cü ilin göstəricilərinə çatmaqda qərarlı olduğunu göstərib”.
Türkiyə lideri hökumətin energetika sahəsində gördüyü işlərdən də danışıb. Onun sözlərinə görə, son 18 ildə Türkiyə bu sahəyə 100 milyard dollardan artıq sərmayə qoyub. Avqust ayında isə Türkiyədə günəş enerjisi istehsalı üzrə ilk panel zavodunun açılışı planlaşdırılır.
Ərdoğan deyib ki, ölkəsi dağ-metallurgiya sektorunun inkişafı üçün də ciddi səylər göstərir. Ona görə də Türkiyənin enerji daşıyıcıları idxalından asılılığını artırmaq istəyənlərin cəhdləri məhvə məhkumdur.
Dövlət başçısı qeyd edib ki, 2020-ci ilin ilk aylarında Türkiyə bərpa edilmiş mənbələr hesabına özünün elektik enerjisi tələbatının 66 faizini istehsal edib. 2019-cu ildə ölkə elektrik enerjisi istehsalı üzrə Avropada ikinci yeri tutub.
Bununla yanaşı, Türkiyə Prezidenti Avropa İttifaqı ölkələrində Ankaraya qarşı ikili standartların mövcudluğuna diqqət çəkib: “Qərb ölkələrinin Türkiyənin ünvanına tənqidi fikirlər söyləməsinin əsl səbəbləri bizə yaxşı məlumdur. Amma demokratik inkişafla bağlı özlərində ciddi problemlər var. Türkiyə öz gücünə və imkanlarına inanır, bu, bütün sahələrə aiddir: səhiyyədən tutmuş iqtisadiyyata, diplomatiyadan tutmuş təhlükəsizliyə qədər”.

 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com