"Bunu bilə-bilə dirəşiblər ki, yox ki, yox, hərbi əməliyyatlara başlamaq lazımdır"

"Bunu bilə-bilə dirəşiblər ki, yox ki, yox, hərbi əməliyyatlara başlamaq lazımdır"

Gördünüz, “Ukraynanın “Neptun” raket sistemi Sevastopola çatmağa qadirdir”, dedilər. Rusiya necə reaksiya verdi? Ukraynanı xəritədən silərik anlamında cavab gəldi...

Ukraynanın əhalisi Azərbaycanın əhalisindən ən azı 4 dəfə çoxdur. Ukrayna xristian ölkəsidir. ABŞ və Avropa Birliyi tərəfindən birmənalı şəkildə müdafiə olunur. Ancaq Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarını azad edə bilmir. Niyə bunu bacarmır? Çünki Ukraynanın Rusiyaya gücü çatmır.

Azərbaycanda isə bəzi dostlarımız iki ayağını bir başmağa dirəyib ki, tez olun, həmən Dağlıq Qarabağı və ətrafındakı əraziləri ermənilərdən təmizləyin.

Azərbaycan Ordusuna işğal altındakı əraziləri ermənilərdən təmizləmək üçün uzağı bir həftə vaxt lazımdır. Ancaq Azərbaycan hərbi əməliyyata başlaya bilmir. Çünki hərbi əməliyyatlara başlamaq Rusiyaya müharibə elan etmək anlamına gəlir. Bu isə daha böyük itkilər deməkdir. Hər şey bu qədər bəsit və birmənalıdır. Bunu bilə-bilə dirəşiblər ki, yox ki, yox. Hərbi əməliyyatlara başlamaq lazımdır.

Çox o yan bu yan etsək Rusiya təmas xəttinə öz qoşunlarını yeridəcək. Onda biz nə edəcəyik? “Həmən hərbi əməliyyatlara başlayın”, deyənlər bu barədə düşünmək belə istəmirlər. Hələ orası da var ki, Rusiya Dağlıq Qarabağı istədiyi vaxt müstəqil dövlət kimi tanıya bilər. Mixail Saakaşvili Cənubi Osetiya və Abxaziyanı yenidən Gürcüstanın nəzarəti altına qaytarmağı özü üçün prioritet məsələ hesab edirdi. Axırı nə oldu? Həmin əraziləri Rusiya müstəqil dövlət kimi tanıdı. Təbii ki, lazım gəlsə, Dağlıq Qarabağı da tanıyacaq...

Biz işğal altındakı torpaqları nə vaxtsa azad edə bilərik? Deyim ki, bu ehtimal realdır. Çünki biz zəif Ermənistanla üz-üzəyik. Ancaq bizim kimi 20 faiz ərazisini itirən Gürcüstanın belə bir şansı demək olar ki, yoxdur. Çünki Rusiya həmin əraziləri müstəqil dövlət kimi rəsmən tanıyıb.

Erməni işğalında olan torpaqların azad olunması üçün ən azı Rusiya qarışmalıdır. Bu, nə vaxt olacaq? Kimsə bilmir. Ancaq biz məhz o vaxtı gözləməliyik. Başqa variant yoxdur...

Qara-qışqırıq salmaqla, yaxa cırmaqla bu məsələ düzəlməz. Şəxsən mənim doğulduğum torpaq işğal altındadır. Ancaq mən həmin torpaqlara görə bütövlükdə Azərbaycanın varlığının təhlükə altına atılmasının əleyhinəyəm..

Mənbə: moderator.az