Karantin rejiminin pozulmaması üçün daha hansı tədbirlər görülsün – deputatlardan açıqlama

Karantin rejiminin pozulmaması üçün daha hansı tədbirlər görülsün – deputatlardan açıqlama

Fazil Mustafa: “Daha çox aztəminatlı insanlar intizamlı olmağa çalışmalıdır, çünki...”

Musa Quliyev: “İki həftə də bu cür rejimi gözləsək, karantin rejiminə ehtiyacımız qalmaz”

Əhməd Qəşəmoğlu: “Din xadimləri də çıxıb camaata çağırış etsinlər”

Sərt karantin tədbirləri davam edir. 16 şəhər və rayonlarda ictimai nəqliyyat dayandırıldı, ictimai nəzarət daha da gücləndirildi. Əlbəttə ki, bütün bunlar ölkədə koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyətin yaxşılaşdırılması üçündür. Lakin şahidi olduq ki, bütün qadağalara baxmayaraq, insanlar həftə sonları rayon və kəndlərə axın etdi, istirahət mərkəzlərində, otellərdə dincəlməyə çalışdılar.

Hüquq mühafizə orqanları Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydalrı pozaraq istirahətə gedənləri müəyyən edərək cərimələdi. Eləcə də ötən gün məşhur “Fairmont Baku” otelində karantin rejimini pozaraq, istirahət edən şəxslər cəzalandırıldı. Bir neçə rayonda, eləcə də Bakı şəhərində yas məclislərinin keçirildiyi aşkarlandı.

Bununla da sual yaranır ki, niyə hələ də qadağaları pozan, özünün və ətrafındakı insanların həyatını təhlükəyə atmaqdan çəkinməyənlər var? Hökumət daha hansı qadağaları tətbiq etməlidir?

Mövzu ilə bağlı deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, bu, əsgər xarakteri olmayan bir ənənədən gəlir: “Əsgər xarakteri nə deməkdir? Cəmiyyətimiz hərbi intizam anlayışından çox uzaqdır. Sovet dövründə də hərbi intizamı bir qədər ərköyünlüklə keçirmişik. Yəni intizam anlayışına kollektiv yanaşma ənənəmiz yoxdur. Ona görə də bu məsələyə də hər kəs özünün hərbi istirahət məsələsi kimi baxır. Burada təkcə zənginlərdən söhbət getmir. Hovuzda çimən zənginlə dükanın qabağında oturub, pivə içən gənclərin arasında heç bir fərq yoxdur. Sadəcə birinin imkanı yoxdur ki, bahalı bir otelin hovuzunda çimsin. Əgər imkanı olsa, o da pul ödəyib, hovuza çimməyə gedəcək.

Beləliklə, artıq intizamsızlığın yoxsul və ya zənginlə ciddi bir əlaqəsi yoxdur. Halbuki, bizdən daha pis vəziyyətdə olan ölkələr intizamın hesabına nisbətən vəziyyətdən çıxa bildilər. Məsələn, Macarıstan nümunəsini qeyd etmək olar. Macarıstanlılar bir ay intizama tabe oldular, daha sonra tədricən yumşalmaya doğru getdilər.

Azərbaycanda isə müəyyən qədər bir ay məcburi tabe olmağa gedildi. Lakin karantin yumşaldılan kimi, insanlar qeyri-ciddi olmağa, problemi adiləşdirməyə başladılar.

Bu gün də insanlar sanki ilin boş keçməməsi üçün istirahət hüquqlarının acığını kimdənsə çıxmaq istəyir, kiməsə inad göstərirlər. Dövlətə, xəstəliyə, yoxsa nəyə inan göstərdiklərini heç özləri də bilmir, yaşam tərzlərini, adət-ənənələrini dəyişmək istəmirlər. Bu da təzadın yaranmasına səbəb olur.

Şahidi oluruq ki, insanlar maskanı polis üçün taxır. Çoxlu sayda insan var ki, maskanı çənəsinin altında gəzdirir, polis görən kimi ağızlarına tuturlar. Bunu sanki kiməsə hesab verirmiş kimi edirlər.

Biz dini də bu cür yaşayırıq. Çoxlarımız hacılığı da, hacıxanımlığı da göstəriş üçün edirik. Anlamırıq ki, bunun mahiyyəti nədir, sadəcə titul xətrinə bu adı almağa çalışırıq. Eləcə də universiteti də bu cür oxuyuruq. Universitetlərimizdə çoxlu sayda gənc var ki, nə üçün təhsil aldığının fərqində deyil və sairə.

Beləliklə, pandemiya bu cür xarakterlərimizi daha çox üzə çıxaran proses oldu. Düşünürəm ki, bunu maarifçiliklə və yaxud hansısa şəkildə qadağa ilə deyil, sosial araşdırma ilə həll etmək olar”.

Fazil Mustafanın sözlərinə görə, daha çox aztəminatlı insanlar intizamlı olmağa çalışmalıdır: “Çünki xəstələnəndə müalicə almağa pulu yoxdur. Pulun varsa istənilən tibbi aparatdan keçə bilərsən. Amma müayinə üçün sənin 100 manatın yoxdursa, deməli hamıdan çox sən qorunmalısan ki, xəstələnməyəsən. Şahidi oluruq ki, daha çox 100 manatı olmayan məsuliyyətsiz yanaşır, pandemiya vecinə deyil. Və bu da cəmiyyətdə az-çox intizamlı olan şəxslərin faciəsinə səbəb olur”.

Fazil Mustafa xüsusən rayon və kəndlərdə hələ də yas mərasimlərinin əvvəlki qaydada keçirildiyini diqqətə çatdırıb:

“İnsanlara anlada bilmirik ki, yas yerlərinə axın etməyin. Bir telefon zəngi ilə başsağlığı vermək mümkündür. Amma görürük ki, rayonlarda yas sahibləri onun yasına gəlməyənlərdən inciyir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Çox az sayda mədəni insanlar var ki, özləri zəng edib xahiş edir ki, “gəlməyin, ehtiyac yoxdur””.

Tibb elmləri namizədi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə qeyd etdi ki, əvvəlki vaxtlarla müqayisədə proseslə ilə bağlı xeyli irəliləyiş var:

“Xüsusən də cənab prezidentin Gəncədə, Mingəçevirdə çıxışları zamanı insanları sosial məsuliyyətə dəvət etməsi, ictimai qınağın aktuallığını, nəzarətin artırılmasını qeyd etməsi çox müsbət rol oynayıb. Artıq bu məsələyə ciddi yanaşanların sayı artıb. Hətta kimsə maska taxmayıb, sosial məsafə gözləməyəndə ictimai etirazlar olur. Lakin iki ay öncə avtobuslarda, iaşə obyektlərində maska taxanlar qeyri-adi qarşılanırdı. Bu mənada sosial münasibətlərin tənzimlənməsində ictimai qınağın çox böyük əhəmiyyəti var.

Doğrudur, rayonlara, dağa-bağa gedənlər də var. Bunun üçün ictimai nəzarəti bir qədər də gücləndirmək lazımdır”.

Musa Quliyev qeyd etdi ki, dünyanın bütün ölkələrində karantin rejimini pozanlar, cərimələnənlər var:

“Bu vəziyyət təkcə bizdə mövcud deyil. Bütün ölkələrdə karantin rejimini pozanlar, cərimələnənlər var. Amma hansı ölkələrdə daha çox məsuliyyətli yanaşma, qayda-qanuna riayət etmə, intizamlılıq var, onlar artıq karantin rejimindən çıxıb və koronavirusla mübarizədə daha üstün vəziyyətdədirlər.

Bizdə də son həftəni təhlil edəndə görürük ki, artıq yavaş-yavaş da olsa yoluxma sayında stabilləşmə, enmə var. Üstəlik xəstəxanadan çıxanlar ilə yeni yoluxanların say nisbətinin azalması da müsbətə doğru addımdır.

Hesab edirəm ki, iki həftə də bu cür rejimi gözləsək, bundan sonrakı etaplarda karantin rejiminə ehtiyacımız qalmaz”.

Sosioloq Əhməd Qəşəmolu isə bildirdi ki, rayon və kəndlərdə intizama tabe olmaq istəməyənlərin sayı həddən artıq çoxdur:

“Çoxlu sayda tələbəm var ki, hazırda onlar rayon və kəndlərdədir. Onlarla əlaqə saxlayıb, birlikdə prosesi izləməyə çalışırıq. Araşdırmamdan belə məlum olur ki, kəndlərdə əhali qayda-qanunlara əməl etməyə qarşı sanki böyük bir mübarizə, müqavimət göstərir. Məsələn, mənim tələbələrimdən biri deyir ki, “müəllim, mən maska taxıb, küçəyə çıxanda mənə lağ edirlər ki, “forslanır” və yaxud deyirlər ki, kənddə, dağ yerlərində koronavirus ola bilməz” və sairə. Amma sonra eşitdik ki, digər dağ kənddə bir nəfər virusa yoluxub, öldü”.

Və yaxud kənd yerlərində yasa getməyənlər qınanılır. Hüzr yerləri əvvəlki qaydada davam etdirilir, mollası da gəlir, məclislərini də keçirirlər. Sanki polisə inad bu cür hərəkət nümayiş etdirir və bunu “qəhramanlıq” kimi dəyərləndirirlər.

Niyə hələ də rayon və kənd yerlərində insanlar bu cür davranır? Bunun tələbələrim ilə birlikdə araşdıranda məlum olur ki, bir qrupu bu prosesin “siyasi oyun” olduğunu, bir qrupu “Allahın onları qoruyacağını” düşünür.

Bəlkə də cəmiyyət içərisində xalqa düşmən olan qüvvələr qəsdən rayon və kəndlərdə əhali arasında sakitçilik, etinasızlıq yaradır ki, yoluxanların sayı çox olsun. Bu, sadəcə mənim ehtimalımdır”.

Sosioloq vəziyyət ilə bağlı öz təklifini də bildirib:

“Təklif edirəm ki, bütün icra hakimiyyətlərində təşviqat qrupu yaradılsın. Bu qrupa daxil olan insanlar əhali arasında olub, söhbətlər aparsın, rəy versinlər. Həmin insanlara tapşırıq verilsin ki, insanları küçədə və yaxud yasda görəndə danışıqlar aparsınlar, məsələni qaydasına qoysunlar. Beləliklə, bütün icra nümayəndələri ardıcıl olaraq, təşviqat işləri aparsa, onda bu problemin qarşısını almaq olar.

Bu məsələdə din xadimləri də rol oynaya bilər. Çoxlu sayda insan var ki, din xadimlərinin təsiri altındadır. Lakin bir dəfə də görmədik ki, din xadimləri geniş şəkildə çıxıb camaata çağırış etsinlər”.

Mənbə: cia.az