Seçicilər hansı problemlərə görə müraciət edirlər? – Deputatlar pandemiya dövründən danışdılar

Seçicilər hansı problemlərə görə müraciət edirlər? – Deputatlar pandemiya dövründən danışdılar

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq edilir və insanlara müxtəlif məhdudiyyətlər qoyulub. Bu səbəbdən deputatlar da həm qaydalara əməl etmək, həm də özlərinin və seçicilərinin həyatlarını riskə atmamaq üçün onlarla üzbəüz görüşə bilmirlər. Onlar daha çox virtual olaraq görüşlər keçirərək, seçicilərini kompüter qarşısında, onlayn şəkildə dinləyirlər.
Bəs, hər şey pandemiya dövründə keçirilən virtual görüşlərdən ibarətdir? Seçicilərin əsas istək və müraciətləri nə ilə bağlıdır? Bu görüşlər deputatları və seçiciləri qane edirmi?
Vitse-spiker Adil Əliyev Musavat.com-a açıqlamasında bildirib ki, qərargahda oturan köməkçisi seçiciləri ilə onu onlayn şəkildə görüşdürür:
“Karantin dövrü seçicilərimin problemlərinin həllinə maneəçilik törətmir. Seçicilərimlə “Zoom” proqramı vasitəsilə, telefonla və s. görüşürük. Virtual problem yaratmır. Əgər əvvəllər seçicilərim, seçki qərargahıma canlı görüşməyə gəlirdilərsə, bu gün “Zoom” proqramına qoşulmaq üçün gəlirlər. Qərargahımın qapısı açıqdır. Yəni qərargahda oturan köməkçim, bizi onlayn görüşdürür. Əksər problemləri yerindəcə həll edirik. Aidiyyəiı qurumlara müraciət edirəm və s.”
Deputat Fazil Mustafa deyib ki, seçicilər əsasən pandemiya ilə bağlı yaranan problemləri dilə gətirirlər:
“Biz çalışırıq ki, seçicilərin problemlərinin həllinə nail olaq. Yardımlar edirik. Əsas istəklərdən biri də iş ilə bağlıdır. Sosial məsələləri dilə gətirirlər, digər məsələləri özləri də həll edirlər. Şərtlər elədir ki, bir çox dövlət qurumları çalışmır. Ona görə bəzi problemləri tənzimləməkdə çətinlik çəkirik. Amma hər bir halda göndərilən məktubları ünvanına çatdırmağa, insanları bir sıra qayğılarından xilas etməyə çalışırıq. Əks halda daha böyük sıxıntı içərisində olacaqlar. Bütövlükdə məsələlərin öhdəsindən gəlməyə çalışırıq”.
Deputat Arzu Nağıyev bildirib ki, seçiciləri ona şəxsən zəng edərək problemlərini dilə gətirirlər:
“Mənim seçicilərimin bir qismi Gədəbəy, bir qismi Tovuzun dağ kəndlərində yaşayır. Onlarla virtual olaraq görüşlər keçirmək imkanımız olmur. Köməkçilərim oradadır. Hər bir seçici ilə görüşür, onların problemləri ilə maraqlanırlar. Mənim nömrələrim bütün seçicilərimdə var. İstədikləri zaman zəng edib danışa, problemlərini deyə bilirlər. İş, müalicə və sosial məsələlərə görə müraciət edirlər. Respublikadan kənarda qalıb pandemiyaya görə sərhədi keçə bilməyənlərə görə əlaqə saxlayanlar var. Dağ adamları nağd olur. Çalışırlar ki, məsələləri tez həll etsinlər. Mən də əlimdən gələni edirəm. İstər maddi, istərsə də, ərzaq yardımları göstərirəm”.
Deputat Fəzail Ağamalı bildirib ki, pandemiya zamanı şikayət xarakterli müraciətlər yoxdur:
“Dövlətimiz özündən asılı olan köməyi edir, işsizlərin müavinətləri verilir, iş yerini itirənlərə yardımlar göstərilir. O baxımdan problemimiz yoxdur. Salyan rayonunun Kürsəndi kəndində su problem var, kanalla gedən su oraya çatmır. O məsələ ilə məşğul oluruq. Əminəm ki, yaxın zamanda öz həllini tapacaq. Köməkçim orada insanların içərisindədir. İnsanların ehtiyacları ilə maraqlanır, maariflənmə işləri aparır. Bu barədə sosial şəbəkələrdə də məlumatlar paylaşırıq ki, hər kəs bilsin ki, pandemiya dövründə seçicilərimizlə, vətəndaşlarımızla bərabərik”.
Musavat.com

Mənbə: www.dia.az