Qasım Hacıyev: “Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan bu müqavilənin bağlanmasında nə bir erməni iştirak edib, nə də orada bir erməninin adı çəkilib”
“...O ki qaldı, tarixi ədalətə, hesab edirəm ki, bu haqda Münhen Təhlükəsizlik Konfransında kifayət qədər açıqlamalar verildi. Eşitmişəm ki, mənim çıxışımdan sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Çox yaxşı, əzbərləsinlər ki, tarixi yaxşı bilsinlər və özlərini, beynəlxalq ictimaiyyəti aldatmasınlar. Çünki Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur. Bu müqaviləni bir tərəfdən İbrahim xan və digər tərəfdən Rusiya generalı imzalayıblar. İbrahim xan Qarabağlı və Şuşalı - onun vəzifəsi haqqında bax, bu epitetlər, bu sözlər deyilmişdir. Beləliklə, bu tarixi həqiqət, əlbəttə ki, Ermənistan rəhbərliyi üçün gözlənilməz idi, yəqin bu tarixi bilmirdilər. Çünki onlar bir-birini o qədər aldadıblar, o qədər yalan danışıblar ki, bəzi hallarda bu yalana da inanırlar. Ermənistanın Baş nazirinin Ermənistanda hansısa meydanda yalan danışması bir məsələdir, bu yalanı beynəlxalq tədbirdə utanmadan danışması isə digər məsələdir. O, erməni xalqına heç bir aidiyyəti olmayan çarı erməniləşdirib. Bu, tam yalandır. “Qarabağ Ermənistandır” - növbəti yalan. Bu məsələ ilə bağlı kifayət qədər tutarlı cavab da verildi. Ermənistanda baş verən hadisələrlə əlaqədar yalanlar”. Bu fikirləri iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında bildirib.
Bildirək ki, son illər çap olunmuş tarixşünaslıq əsərlərində qeyd edilir ki, Gəncənin alınması, rus qoşunlarının sonrakı müvəffəqiyyətləri Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol oynadı. Tarixçilər qeyd edirlər ki, Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan Rusiya təəbəliyinə keçməyi tələb etdi. O yazırdı ki, “sizə yalnız yaxşısını seçmək qalır". Onun anlayışında “yaxşı yol” Rusiya idi. İbrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək xahiş edib.
Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş İran sarayı İbrahimxəlil xanın oğlu Əbülfət xanı 500 nəfərlik dəstə ilə Qarabağa göndərdi. Lakin İbrahimxəlil xan onu düşməncəsinə qarşıladı və onun dəstəsini Dizax yaxınlığında əzdi. Qarabağ xanının bu qələbəsindən sonra Sisianov onun xahişinə görə Qarabağa mayor Lisaneviç başda olmaqla dəstə göndərdi. Eyni zamanda o, Rusiya təəbəliyini qəbul etmək barədə cavabı sürətləndirməyi tələb etdi. İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. Sisianov Gəncənin gündoğarında, Kürəkçay üzərində düşərgə salmışdı, İbrahimxəlil xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və Qarabağın başqa əyanları ilə birlikdə buraya gəldi. Adam göndərib kürəkəni, Şəki hakimi Səlim xanı da əyanları ilə “böyük sərdarın” yanına çağırdı. Tərəflər arasında "Andlı öhdəlik" imzalandı. Kürəkçay müqaviləsi preambula və 11 artikuldan ibarət idi. Müqavilənin preambulasında şuşalı və qarabağlı İbrahimxəlil xanın Rusiya imperiyasının təəbəliyinə keçməsi təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilənin 1, 4, 6, 8 və 9-cu artikullarında İbrahimxəlil xan, 2, 3, 5 və 7-ci maddələrində Rusiyanın öhdəlikləri əks olunub. Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahimxəlil xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahimxəlil xanın adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahimxəlil xan kimi təqdim edilməsidir. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin X artikulunda qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. XI maddə ratifikasiya haqqında idi. Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilərin xanlığa hər hansı iddia və münasibətindən bir kəlmə belə yoxdur. Bütün bunlarla bərabər, Qarabağ xanlığının müsəlman dövləti olması və 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq, yeni tarixi şəraitdə imzalanması onun 5, 8, 9, 10, 11 və başqa artikullarda irəli sürülən müddəaların burada nəzərə alınmasına imkan verməmiş, əksinə, digər yeni şərtlərlə Qarabağ xanlığının təəhhüdləri ağırlaşdırılıb. Rus və gürcü dillərində imzalanan 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq, Kürəkçay müqaviləsi yalnız rus dilində imzalanmışdı. Bu hal da müqavilənin mətnində, xüsusilə Qarabağ xanlığına dair təəhhüdlərdə özünü büruzə verir. 1783-cü il Georgiyevsk müqaviləsi 1805-ci il 14 may Kürəkçay müqaviləsinin başlıca müddəalarının formalaşdırılması üçün əsas olduğu kimi, 1805-ci il 14 may Kürəkçay müqaviləsi Şəki xanı Səlim xanla həmin yerdə imzalanmış 1805-ci il 22 may Kürəkçay müqaviləsi və Şirvan xanı Mustafa xanla bağlanmış 1805-ci il 25 dekabr müqavilələri üçün əsas olmuşdu. Bu müqavilələrdə yalnız yerli şəraitlə bağlı olan bəzi dəyişikliklər (bacın miqdarı və s.) edilmişdi. Rusiya tərəfindən 1822-ci ildə Qarabağ xanlığının ləğv edilməsilə Kürəkçay müqaviləsinə son qoyuldu. Bütün bunlar müasir tarixşünaslıqda qeyd edilən faktlardır. Cənab Prezidentin də qeyd etdiyi və sənəddən də məlum olduğu kimi, burada ermənilərdən, ümumiyyətlə, hər hansı formadasa söhbət getməyib, heç onların adı çəkilməyib.
“Ermənilər Kürəkçay müqaviləsini nə qədər saxtalaşdırmağa cəhdlər etsələr də, buna nail ola bilməyəcəklər”
Prezident İlham Əliyevin toxunduğü bu məsələnin xülyalarla yaşayan ermənilərə öldürücü zərbə olduğunu deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev növbəti dəfə çox vacib tarixi faktı, həqiqəti gündəmə gətirib.
Q.Hacıyev vurğuladı ki, ermənilər hələ Sovet dövründən Kürəkçay müqaviləsini saxtalaşdırmağa cəhdlər ediblər. “Cənab Prezident olduqca vacib və diqqətçəkən fakta diqqəti yönəldib.
Bizim Gülüstan, Türkmənçay, Kürəkçay müqavilələrinin adlarını çəkməyə ehtiyat etdiyimiz Sovetlər dönəmində ermənilər əlaltdan işlərini görürdülər. Hətta onlar o vaxt Moskvaya müraciət edərək guya Qarabağda erməni məlikləri ilə Rusiya arasında Kürəkçay adlı müqavilə bağlandığını əsassız olaraq iddia ediblər. Ermənilər hələ Sovet dövründən belə saxtakarlıqlara əl ataraq Kürəkçay müqaviləsini təhrif etməyə, onu öz xeyirlərinə yönəltməyə cəhdlər ediblər. Hətta ermənilər Moskvadan tələb edirdilər ki, mərkəz onlara Kürəkçay müqaviləsinin yubileyini qeyd etməyə icazə versin. Sonradan Azərbaycan tarixçiləri, Azərbaycan ictimaiyyəti bunu bildi və artıq Kürəkçay müqaviləsi və bu müqavilələrin kimlər arasında bağlanması ilə bağlı tədqiqatlar aparıb məqalələr dərc etməyə başladılar. O vaxt Çar Rusiyasının işğalçılığı, İranın kəmfürsətliyi, ermənilərin xəyanəti Azərbaycanda dərc edilən məqalələrdə əksini tapmırdı. Bilirsiniz ki, o vaxt Sovet hökuməti buna imkan vermirdi. Ancaq onu deyim ki, saxtakarlığa əl ataraq bütün albanların erməni olduğunu iddia edir, alban məliklərini erməni hesab edirlər. Ən çox da XV əsrdən XIX əsrə qədər mövcud olan məliklərin erməni mənşəli olduğunu “sübut etməyə” çalışırlar. Hətta onların ərazilərini də bəzən “erməni dövləti” kimi qələmə verirlər. Halbuki, bu məliklər xristian-alban məlikləri idilər, onların mənşəyi alban idi. Adlarından da göründüyü kimi, onlar mülk sahibləri, məliklər idi. Amma onlar xristian birliyindən istifadə edərək həmişə hakimiyyətə qarşı sonradan Qarabağa köçürülən ermənilərlə birgə çıxırdılar. Deyək ki, xanlıqlar dövründə onların borcu xanın göstərişi ilə qoşuna cəlb olunmaq, dəstə düzəltmək, vergi vermək və xanlığın tərkibində xanlığı möhkəmləndirmək olduğu halda, çox vaxt onlar xanlara qarşı üsyanlar təşkil edirdilər. O cümlədən də İbrahimxəlil xan dəfələlə onların hərəkatlarını yatırtmışdı. Amma onların separatçı hərəkatı uzun müddət davam etdi. Sonradan Rusiya ilə Azərbaycan xanlıqları arasında başlanan qarşlıqlı çəkişmələr, döyüşlər zamanı Rusiya xanlıqları bir-bir ələ keçirməyə başladı. O cümlədən, Gəncə xanlığını ağır məğlubiyyətə uğratdıqdan sonra İbrahimxəlil xana Sisianovun məlum məktubu göndərildi. İbrahimxəlil xan orada qərara gəlir ki, artıq bu qədər qəddar, əlində böyük qoşunu olan amansız Sisianovla mübarizə aparmaq çətin olar. Hər halda, onun düşüncəsi belə idi və ətrafındakı adamlarla qərara gəlir ki, onsuz da İrandan gördüyümüzü görmüşük, Rusiyanı isə tanımırıq, Rusiya ilə bir müqavilə bağlayaq, bəlkə bir sülh əldə edə bilərik. Bu fikirlərlə həm vəzirin, həm oğlanlarının, həm də ətrafındakıların məsləhəti ilə İbrahimxəlil xan Rusiya ilə Kürəkçay müqaviləsi bağlamağa razılıq verir. 1805-ci ildə Qarabağ xanlığı ilə Sisianov arasında 11 maddədən ibarət traktat imzalanır. Bunun mənası odur ki, sizinlə razılaşırıq, sizin dediklərinizi qəbul edirik və vergi veririk. Beləliklə, hətta İbrahimxəlil xana general rütbəsi verdilər, onun başını qatmaq üçün ona çoxlu vəd verdilər. Qarabağı Kürəkçay müqaviləsilə Rusiyaya bağladılar. Sənəddən də göründüyü, ölkə başçısının da bildirdiyi kimi, Kürəkçayda, ümumiyyətlə, erməni adı çəkilmir. Ermənilərin Kürəkçay müqaviləsini təhrif etməsi, onu saxtalaşdırmaq cəhdi yolverilməzdir. Son zamanlar onlar daha da həyasızlaşaraq tarixi ciddi şəkildə saxtalaşdırırlar. Bilirsiniz ki, Paşinyan Azərbaycan Prezidentinin məntiqi, tarixi bilgisi, yüksək məlumatları qarşısında öz acizliyini, savadsızlığını ört-basdır edə bilmir, özünü bütün dünya qarşısında biabır edir. Orta məktəb şagirdi imtahana hazırlaşan kimi, Paşinyan da hər dəfə “hazırlaşıb” Prezidentimizin qarşısına çıxdıqda özünü yenidən gülünc vəziyyətə salır. Amma bundan dərs götürməyib yenidən saxta tarixdən danışır.
Azərbaycan dövlətçiliyinə aid olan və xanlıqlarımızdan biri olan Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan bu müqavilənin bağlanmasında nə bir erməni iştirak edib, nə də orada bir erməninin adı çəkilib. Hətta alban məliklərinin özləri o müqavilənin bağlanmasında iştirak etməyiblər. Orada onların nə işi ola bilərdi? Ermənilər Kürəkçay müqaviləsini nə qədər saxtalaşdırmağa cəhdlər etsələr də, buna nail ola bilməyəcəklər. Çünki bu, gün kimi aydın olan bir məsələdir. Bu da xaç daşlar deyil ki, üzərini silib “qədim erməni sözləri” yazalar, bu müqavilə arxivlərdə qorunan, çap olunan bir sənəddir. Traktatın bütün maddələrində də onun kimlər arasında bağlandığı və hansı məsələlər əks olunduğu açıq göstərilir. Ona görə də Prezidentimiz çox haqlıdır. Ermənilər indən sonra nə qədər saxtakarlığa əl atsalar da, həqiqətə, tarixi faktlara kölgə sala bilməyəcəklər” - deyə Q.Hacıyev vurğuladı.
İradə SARIYEVA
Mənbə: www.baki-xeber.com