XİN-də kök atmış neqativliklər – Azərbaycanın beynəlxalq nüfuzuna və diplomatiyamızın gücünə mənfi təsirlər...

XİN-də kök atmış neqativliklər – Azərbaycanın beynəlxalq nüfuzuna və diplomatiyamızın gücünə mənfi təsirlər...

Məhərrəm Zülfüqarlı: “Sözügedən neqativ faktların ortaya çıxması, istər-istəməz, Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcək”

Məlum olduğu kimi, ötən həftə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) daxil olmuş məlumatlar əsasında Xarici İşlər Nazirliyində (XİN) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri diqqəti xarici siyasət idarəsinə yönəldib.

Belə ki, iyulun 6-da DTX XİN-də keçirilən əməliyyatın təfərrüatlarını açıqlayıb. DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılıb. XİN-in İşlər İdarəsinin müdiri, nazirliyin Tender komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin çoxsaylı qanunsuz əmələ yol vermələrinə əsaslı şübhələr müəyyən edilib. DTX-da aparılan cinayət işi üzrə Fərhad Mollazadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onu da qeyd edək ki, saxlanan şəxslər verdikləri ilkin ifadələrdə cinayət əməli törətdiklərini etiraf ediblər.

Bütün bunlarla yanaşı, XİN sistemində kök atmış bu cür neqativ halların ölkənin beynəlxalq imicinə və diplomatiyamızın gücünə nə kimi maneçilikləri olub?

“Belələri sabah düşmənə də işləyə bilər”

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlının fikrincə, XİN sistemində kök atmış belə şəbəkə olmasaydı, Azərbaycanın diplomatik uğurları daha çox olardı: “Sözügedən neqativ faktların ortaya çıxması, istər-istəməz, Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərəcək. Düzdür, bunun mənfi təsiri elə də böyük olmayacaq, amma olacaq. Çünki heç bir ölkə belə neqativ pozuntulardan sığortalanmayıb. Nəzərə almaq lazımdır ki, XİN hər bir ölkənin əsas nazirliklərindən biridir. Məsələn, dövlətin təhlükəsizliyi ilə, ictimai asayişin qorunması ilə bir sıra nazirliklər məşğul ola bilir. Ancaq xarici işlərlə bir nazirlik məşğul olur. Ona görə də sözügedən sahədə dövlətə sədaqətli, ölkənin tarixini, dilini bilən sınanmış insanlar təmsil olunmalıdırlar. Bu nazirlikdə hər hansı bir vəzifəyə kimisə təyin edəndə onun 7 arxasını yoxlamaq lazımdır. Müəyyən edilməlidir ki, vəzifəyə təyin edilən şəxs sədaqətlə işinə yanaşacaq. DTX-nin məlum əməliyyatı göstərdi ki, nazirliyin sistemində qanunsuz işlərlə məşğul olan şəbəkə mövcud olub. Azərbaycan müharibə şəraitində olan ölkədir. Belə halların mövcud olması heç yaxşı hal deyil. Ona görə də gələcəkdə Prezidentin apardığı islahatlar bu sahəni də əhatə etməlidir. Gələcəkdə diplomatlar seçilərkən millətə sədaqətli, təmiz azərbaycanlı olan, millətin dili, himni ilə fəxr edən şəxslərə üstünlük verilməlidir. Əgər XİN-də təmsil olunan diplomat dili, tarixi bilmirsə, Azərbaycanın himninə, bayrağına ironiya ilə yanaşırsa, bu cür insanlar ölkəni təmsil edə bilməzlər. Belələri sabah düşmənə də işləyə bilər. Ona görə də bu sahəyə diqqət artırılmalıdır. Çünki bizim Qarabağ kimi problemimiz var. Diplomatiya sahəsində uğur qazanmaq üçün dövlətə, millətə sədaqətli insanlara böyük ehtiyac var”.

Baş verənlər onu göstərir ki, XİN sisteminə götürülən kadrların kimliyinə, peşəkarlıq qabiliyyətinə xüsusi önəm verilməlidir.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com