Siyasi rəqiblərlə mübarizədə Paşinyanın “böyük müttəfiqi koronavirus” – təyinat Rusiya mediasından gəldi...

Siyasi rəqiblərlə mübarizədə Paşinyanın “böyük müttəfiqi koronavirus” – təyinat Rusiya mediasından gəldi...

Seyid Camal Əzimbəyli: “O, rəqiblərini sıradan çıxarmaq üçün nəinki koronavirus, bütün vasitələrdən kompleks şəkildə istifadə edir”

Rusiya mətbuatı yazır ki, Ermənistanın Baş naziri Paşinyan pandemiyadan siyasi rəqiblərini sıradan çıxarmaq üçün yararlanır.

Paşinyan ölkədə pandemiya vəziyyəti ilə bağlı müəyyən addımların atılacağından danışıb. O, söhbətin hansı addımlardan getdiyini açıqlamasa da, əlavə edib ki, bu sərt qaydalar "rəngarəng” olacaq: “Bu hal sərt karantin qaydalarının tətbiq edilməsi deməkdir. Bəs o zaman ölkə rəhbərliyini, fövqəladə rejim komendantını və Səhiyyə nazirini nə narahat edir? Adətən, bu göstəricilərə o qədər də ciddi əhəmiyyət vermirlər. Halbuki, dəfələrlə hökumətin iclasında Səhiyyə naziri Arsen Torosyan və Baş nazir tərəfindən səslənib. Söhbət ağır və həddən artıq ağır vəziyyətdə olan xəstələrdən gedir. Məhz bu məsələ də xüsusilə hökumətin ciddi narahatlığına səbəb olur”.

Rusiya mətbuatı yazır ki, ölkədə xəstə sayının sürətlə artması fonunda hakimiyyət daha çox diqqəti rəqiblərini sıradan çıxarmağa yönəldir: “Hökumət baçşısı isə bütün bunların fonunda yalnız rəqiblərini zərərsizləşdirməklə məşğuldur. Bu məsələdə isə ona ən yaxın müttəfiq hazırda koronavirusdur. Ermənistanın keçmiş təhsil və elm nazirinin müavini Baqrat Yesayanın dediyi kimi, "bu gün Nikolun ən yaxşı müttəfiqi koronavirusdur”. "Nikol utanmaz şəkildə sual verir ki, Ermənistanda yoluxmuş 20000 nəfərin günahkarı odursa, bəs dünyada yoluxan 10 milyon nəfərin günahkarı kimdir? Xalq artıq hipnoz edilmiş vəziyyətdən çıxıb və məsələləri həll etmək üçün müqavimət göstərə bilər”.

Belə məlum olur ki, Paşinyan həm də pandemiya amilindən istifadə etməklə rəqiblərini sıradan çıxarır. Hər halda, Rusiya mətbuatında yer alan məqamlar müəyyən əsaslara söykənir.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

“Ölkədə aparılan repressiv siyasət göz qabağındadır”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, əslində, Paşinyan rəqiblərini sıradan çıxarmaq üçün nəinki koronavirus, bütün vasitələrdən kompleks şəkildə istifadə edir: “Demokratiya adı altında hakimiyyətə gələn Paşinyan ilk vaxtlar gəlirli sahələrə əl qoymağa başladı. Daha sonra ölkədəki təsisatların ona tabe olmasına başladı. Demokratiyadan danışan Paşinyan məhkəmə sistemini sıradan çıxardı. Düzdür, ölkədəki məhkəmə sistemi əvvəlki hakimiyyətin vaxtında formalaşmışdı. Bu səbəbdən onlara düşmən gözü ilə baxırdı. Lakin, bütün hallarda, məhkəmə sistemi müstəqil olmalıdır. Paşinyanın apardığı siyasət isə bunun əksini ortaya qoydu. Ölkədə aparılan repressiv siyasət göz qabağındadır. Parlamentdə çoxluğa malik olan müxalifət partiyası sıxışdırılır. Sədrini həbs etdirmək istəyir. Təbii ki, ölkədəki pandemiya da onun bu qanunsuz əməllərinə zəmin yaradır. O, beynəlxalq aləmin diqqətini pandemiya ilə bağlı məsələlərə yönəltməklə, siyasi rəqibləri ilə haqq-hesab çürüdür”.

Bütün vasitələrə əl atan Paşinyan bununla Ermənistanda hakimiyyətdə qalma müddətini uzatmağa çalışır. Ancaq proseslər onu göstərir ki, bu o qədər də asan olmayacaq.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com