Nikol Paşinyan sosial partlayışdan yayınmaq üçün əhalini savaşla şantaj edir

Nikol Paşinyan sosial partlayışdan yayınmaq üçün əhalini savaşla şantaj edir

Hərbi provakasiyalar Ermənistanın özünə qarşı çevrilə və onu ciddi təhlükə altına sala bilər; Gələcək perspektivdə tam iflas ehtimalı olan Ermənistanın ümumiyyətlə, bir dövlət kimi, Cənubi Qafqazın xəritəsindən (dünya xəritəsində elə indi də demək olar ki, onsuz da görünmür) silinə biləcəyi istisna olunmur…

Cənubi Qafqaz regionunda geopolitik situasiyanın yenidən gərginləşmə təhlükəsi yaranıb. Belə ki, rəsmi İrəvan ölkədaxili gərginliyi regional geopolitik məkana daşımağa can atır.

Əslində, gözlənilməz deyil. Ən azından ona görə ki, Paşinyanın iqtidarının ölkədaxili dayaqları hər ötən gün daha da zəifləyir. Çünki Ermənistanda epidemiyaya yoluxma prosesi artıq nəzarətdən çıxmaq üzrədir. Ölkənin səhiyyə sistemi isə yoluxmanın sürəti və əhatə dairəsi qarşısında tab gətirməkdə çətinlik çəkir.

Epidemiya Ermənistanın maliyyə-iqtisadi sisteminə də sarsıdıcı zərbələr vurmaqdadır. Mövcudluğu onsuz da formal xarakter daşıyan Ermənistan iqtisadiyyatı demək olar ki, tam iflas həddinə yaxınlaşıb. Xarici yardımlar və erməni diasporunun ianələri hesabına formalaşan dövlət büdcəsində isə “böyük yırtıqlar” əmələ gəlib.

Paşinyan hakimiyyəti mövcud vəziyyətin sosial partlayış vəd etdiyini anlamamış deyil. Olacağı təqdirdə, qarşısında duruş gətirə bilməyəcəyini və ölkənin bir anda qarışacağını da anlayır...

Məsələ ondadır ki, bütün dünya pandemiya ilə can çəkişir. Dünyanın bütün dövlətlərinin iqtisadiyyatlarında kiçilmə prosesi müşahidə edilir. Odur ki, hər kəs öz başının çarəsinə baxmaq məcburiyyətində qaldığı üçün indi Ermənistan kiminsə yadına düşmür.

Ona görə də, vaxtilə oturub, xarici himayədarlardan yardımlar gözləyən rəsmi İrəvan indi özü maliyyə dəstəyi xahiş etmək məcburiyyətində qalıb. Və xahişlərin də umulan qarşılıqdan uzaq qaldığı artıq rəsmən etiraf edilməkdədir.

Təbii ki, bu cür vəziyyət Ermənistanı taqətdən salır. Əhali sürətlə yoxsullaşır, onsuz da ağır olan sosial rifah göstəriciləri ümidsizlik doğuracaq səviyyəyə yuvarlanmaqdadır. Bu isə istər-istəməz ölkədaxili narazılıqları artırır, Paşinyan hakimiyyətini hədəfə çıxarır.

Şübhəsiz ki, Paşinyan hakimiyyəti belə vəziyyətin sosial partlayış vəd etdiyini anlamamış deyil. Olacağı təqdirdə, qarşısında duruş gətirə bilməyəcəyini və ölkənin bir anda qarışacağını da anlayır.

Bəs, çıxış yolu nədir? Müşahidələrə əsasən, Paşinyan hakimiyyəti üçün belə bir sualın ümidverici cavabının olmadığını iddia etmək mümkündür. Hər halda, Paşinyan hökuməti çevik sosial-iqtisadi paketlər hazırlayaraq, əhalinin artan qəzəbini sakitləşdirmək şansına sahib siyasi qüvvə görüntüsü vermir.

Paşinyan hökuməti çevik sosial-iqtisadi paketlər hazırlayaraq, əhalinin artan qəzəbini sakitləşdirmək şansına sahib siyasi qüvvə görüntüsü vermir...

Ona görə də dəfələrlə sınaqdan çıxarılmış variantı yenidən aktuallaşdırmağa çalışırlar. Yəni “xarici düşmən faktoru”nu qabardıb, Azərbaycanla müharibə şəraitinin ön plana çəkilməsinə cəhd edirlər. Hətta bəzi ehtimallara görə, rəsmi İrəvanın daxili gərginliyi səngitmək, sosial durumu dözülməz həddə qədər ağırlaşmış əhalini müharibə təhlükəsi ilə şantaj etmək üçün cəbhə bölgəsində provakasiyalar törədə biləcəyi də iddia edilir.

Əlbəttə, bu, istisna deyil. Ancaq hərbi provakasiyalar elə Ermənistanın özü üçün riskli olmazmı? Hər halda, belə bir sualın üzərində düşünülməsi üçün kifayət qədər ciddi səbəblər olmamış deyil.

Birincisi, Azərbaycan artıq 90-cı illərdə Ermənistanın Rusiyanın səhnəarxası hərbi dəstəyi ilə savaşdığı ölkədən ciddi şəkildə fərqlənir. Azərbaycanın ordusu güclənib, hərbi-texniki təchizatı da Ermənistan üçün rəqabətə davam gətirilməyəcək səviyyəyə çatdırılıb. Belə vəziyyətdə istənilən hərbi provakasiya Ermənistan üçün ağır itkilərə və faciəvi nəticələrə yol aça bilər.

İkincisi, Ermənistan hazırda Rusiyadan ənənəvi hərbi-siyasi dəstəyə ümid bəsləmək şanslarını da məhdudlaşdırıb. Kremldə Paşinyan hakimiyyətindən məmnun olmadıqları artıq heç kəsə sirr deyil. Yəni, hərbi əməliyyatların bərpası halında, Rusiyanın Ermənistana siyasi və ya hərbi dəstək göstərməyə həvəsli olacağı əvvəlki kimi əminlik yaratmır.

Kremldə Paşinyan hakimiyyətinə qətiyyən güvənilmədiyi barədə məlumatlar artıq Rusiya mətbuatında da müzakirə edilməkdədir. Və Rusiyanın Paşinyan hakimiyyətini cəzalandıra biləcəyi ehtimal olunur...

 

Düzdür, Ermənistan prezidenti Armen Sarkisyan Rusiya ilə sərhəddə dalğalanan bayraqları iki ölkənin müttəfiqliyinin simvolu kimi dəyərləndirir. Amma deyəsən, bu, müttəfiqliyin sübutu üçün bir qədər zəif simvoldur. Çünki hər hansı iki dövlətin sərhədlərində bayraqların dalğalanması adi haldır. Və bundan uzaqgedən nəticələr çıxartmaq tamamilə yersizdir.

Bu baxımdan, bəzi ehtimallara görə, münaqişənin yenidən aktiv fazaya keçiriləcəyi təqdirdə, Rusiyanın baş verənlərə seyirçi mövqeyində qala biləcəyi də qətiyyən istisna edilmir. Çünki Kremldə Paşinyan hakimiyyətinə qətiyyən güvənilmədiyi barədə məlumatlar artıq Rusiya mətbuatında da müzakirə edilməkdədir. Və Rusiyanın baş verənlərə müdaxilə etməyərək, Paşinyan hakimiyyətini cəzalandıra biləcəyi ehtimal olunur.

Bunun qarşılığında Ermənistanın Rusiyadan uzaqlaşmaq şansları isə o qədər də ümidverici deyil. Çünki Paşinyan hakimiyyətini əvəzləyəcək istənilən siyasi qüvvə daha irəli mərhələdə bütövlükdə Ermənistanın itirilməməsi üçün həmişə Rusiyanın təlimatlarına boyun əymək məcburiyyətində olacaq.

Əks halda, Azərbaycan özünün bütün tarixi ərazilərini bərpa etmək üçün qətiyyətli addımlar atacağı təqdirdə, Ermənistan özündən müqayisə edilməyəcək qədər güclü dövlətlə hərb meydanında baş-başa qala bilər. Və bunun mümkün nəticələrini Ermənistanda kifayət qədər yaxşı anlayırlar.

Azərbaycan Prezidentinin bəyanatı Ermənistana tarixi torpaqlarımızın unudulmadığı və onlardan qətiyyən vaz keçilmədiyi ilə bağlı gələcəyə yönəlik xəbərdarlıq mesajı kimi də anlaşıla bilər...

Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Və heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək.

Əslində, Azərbaycan Prezidentinin bu bəyanatı Ermənistana tarixi torpaqlarımızın unudulmadığı və onlardan qətiyyən vaz keçilmədiyi ilə bağlı gələcəyə yönəlik xəbərdarlıq mesajı kimi də anlaşıla bilər. Və Ermənistanın başqasının tarixi ərazilərində qurulmuş qondarma bir dövlət kimi, nə vaxtsa ədalətin bərpası reallığı ilə də üzləşə biləcəyi qətiyyən istisna deyil.

Ümumiyyətlə, müşahidələrə əsasən, yaxın gələcəkdə Ermənistanı daha ağır ölkədaxili və regional situasiyanın gözlədiyini düşünmək olar. Hər halda, hazırda cərəyan edən proseslər Ermənistanın “qara günlər”inin hələ irəlidə olduğunu iddia etməyə əsas verir.

Hətta pandemiyadan sonra elə bir situasiya yarana bilər ki, Ermənistan bütün istiqamətlər – maliyyə-iqtisadi, hərbi-siyasi və s. sahələr üzrə tam şəkildə çıxılmaz vəziyyətlə üzləşər. Və gələcək perspektivdə tam iflas ehtimalı olan Ermənistanın ümumiyyətlə, bir dövlət kimi, Cənubi Qafqaz regionunun xəritəsindən (dünya xəritəsində elə indi də demək olar ki, onsuz da görünmür) silinə biləcəyi istisna olunmur.(musavat.com)

Mənbə: moderator.az