“Prezident yalnız öz xalqı üçün deyil, bütün insanların sağlamlığı üçün mübarizədədir” ÖZƏL-MÜNASİBƏT

“Prezident yalnız öz xalqı üçün deyil, bütün insanların sağlamlığı üçün mübarizədədir” ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Respublikasının rezidenti Cənab İlham Əliyevin televiziya kanallarına müsahibəsi nəinki ölkəmizdə, dünyada baş verən hadisələri real faktlarla qiymətləndirmək, dünənin və bu günün müqaisəsini vermək baxımından əhəmiyyətli olduğu kimi, həm də gələcək vəzifələrin daha dəqiq və məsuliyyətlə yerinə yetirilməsinə hesablanmışdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, ölkə rəhbəri bütün hallarda olduğu kimi, dünyanı lərzəyə salan və yüz minlərlə insanın ölümünə səbəb olan koronavirusa qarşı mübarizədə öz uzaqgörənliyini bir daha nümayiş etdirdi.
"İnkişaf etmiş bir çox dövlətlərin rəhbərləri ilk günlərdə xəstəliklə mübarizəyə laqeyid yanaşdıqları halda Cənab İlham Əliyev pandemiyanın dəhşətlərini, çətinliklərini ilk andan dərindən qiymətləndirdi və çox ciddi qabaqlayıcı tədbirlərə əl atdı. Mövcud xəstəxanalar hazırlıq vəziyyətinə gətirildi, Operativ Qərargah yaradıldı, tibbi avadanlıqlar, dərman preparatları alınıb gətirildi. Aprel ayının əvvəllərində dövlət başçısı mobil tipli xəstəxanaların quraşdırılmasını gündəmə gətirərkən çoxları buna əhəmiyyət vermədilər və hətta daxilmizdə olan düşmənlər bunu bir qazanc mənbəyi kimi ictimaiyyətə təqdim etməyə çalışdılar. Ancaq, dünyada xəstəliyin sürətlə yayılması və bunun Azərbaycandan da yan keçməməsi Cənab İlham Əliyevin nə qədər uzaqgörən olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə ki, dövlətimizin rəhbərinin fəaliyyəti koronavirusa qarşı mübarizəyə bütün dünya dövlətlərini cəlb etmək, Türk Birliyi, Qoşulmama Hərəkatına üzv dövlətlərin videokonfranslarının keçirilməsi, hətta BMT Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının çağırılması təşəbbüsü Azərbaycan Prezidentinin bəşəri dəyərlərə sadiqliyinin, insanların sağlamlığı və təhlükəsizliyi üçün fədakarlığının nümunəsidir. Bu gün beynəlxalq təşkilatlara, dünyanın əksər xalqlarına bir fikir aydındır ki, Azərbaycan Prezidenti yalnız öz xalqı üçün deyil, dünyada yaşayan insanların sağlamlığı üçün mübarizədədir və bu mübarizə ilk gündən düzgün istiqamətləndirilmişdir.
Əgər ilk gündən ölkəmizdə koronavirusa qarşı ciddi tədbirlər görülməsəydi 5000 çarpayılıq xəstəxanalar xəstələrin istifadəsinə hazırlanmasaydı, mobil tipli xəstəxanalar quraşdırılmasaydı, müasir tipli tibb avadanlıqları alınıb gətirilməsəydi hansı vəziyyətdə olacağımızı təsəvvür belə etmək mümkün deyildi. Dövlət başçısı pandemiyaya qarşı mübarizəni gücləndirməklə, bu sahəyə külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, yaxşı haldır ki, sosial layihələrin də həyata keçirilməsi dayandırılmamışdır. Bütün vasitələr Azərbaycan vətəndaşlarının sağlamlığına və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. Cənab İlham Əliyev dünənki müsahibəsində də bir daha bəyan etdi ki, onun üçün xalqın xoşbəxliyindən, onun firavan həyatından, təhlükəsizliyindən, vətənin müstəqilliyindən əziz heç nə yoxdur. Əlbəttə bu həyata keçirilən mühüm tədbirlər bir daha özünü göstərir və xalqımızı yeni qələbələrə ruhlandırır, onlarda inamı daha da artırır", deyə Tahir Rzayev bildirib.

Mənbə: sia.az