BİHK: "Məhkumların vaxtından əvvəl azad etmə mexanizmi işlək olmalıdır"

"Məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə mexanizmi işlək və əlçatan olmalıdır"
Bakı İnsan Hüquqları Klubu bəyanatla çıxış edib.
Bakı İnsan Hüquqları Klubunun mətbuat xidmətindən Arqument.az-a daxil olan bəyanatda deyilir:
"Bakı İnsan Hüquqları Klubu (BİHK) İctimai Birliyi məhkumların şərti olaraq vaxtından əvvəl azad etmə mexanizminin praktikada tətbiqi zamanı ortaya çıxan problemlərlə bağlı öz narahatlığını ifadə edir.
BİHK-nun analiz etdiyi çoxsaylı sənədlərdən görünür ki, problemlərdən biri cəzanı icra edən müəssisənin mülahizəsinin qeyri-obyektiv, qanuni əsaslara istinad edilmədən, bəzi işlərdə açıq siyasiləşmiş formada tərtib olunmasıdır. Əldə edib qiymətləndirdiyimiz sonuncu belə mülahizələrdən biri 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən siyasi mövqeyinə görə məhkum edilmiş Həsənov Babək barədə verilmiş sənəd olmuşdur.
Mülahizədə qeyd edilir ki, Həsənov Babək daxili intizam qaydalarını pozmağa meyllidir, amma bu mülahizənin əsaslandırılması təqdim edilmir. Bu fikir əslində həm də onu sübut edir ki, Babək Həsənov olduğu müəssisədə daxili intizam qaydalarını pozmayıb, sadəcə müəssisə subyektiv olaraq onun bu qaydaları pozmağa meylli olması nəticəsinə gəlib. Mülahizədən digər bir çıxarış – "Məhkum Həsənov Babək Qəzənfər oğlu ilə aparılan tərbiyəvi söhbətlər zamanı dövlət əleyhinə müxalif yönlü çıxışlar edir”.
Suallar yaranır ki, söhbət hansı tərbiyəvi söhbətlərdən gedir? Vətəndaşın siyasi mövqeyinin dəyişdirilməsinə cəhd və ya başqa addım nəzərdə tutulur? Penitensiar müəssisənin işi məhkumların siyasi mövqeyini sorğulamaqdırmı? BİHK hesab edir ki, bu mülahizə açıq-aydın siyasiləşmiş tərzdə hazırlanmış bir sənəd olmuşdur.
Mülahizənin qeyri-obyektiv olmasını göstərən digər bir məqam ondan ibarətdir ki, Həsənov Babək tənbehi olmayan məhkum statusunda olsa da, onun 08.10.2018-ci il tarixində 1 dəfə tənbeh tədbirinə məruz qalması vurğulanmışdır. Cəzaların İcrası Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, tənbeh tədbiri verildiyi gündən 1 il ərzində məhkuma yeni tənbeh tədbiri tətbiq edilməzsə o, tənbehi olmayan sayılır. Həsənov Babək 08.10.2018-ci il tarixindən sonra heç bir tənbeh tədbiri almadığı üçün müvafiq olaraq tənbehi olmayan sayılmalı idi.
BİH-nun müəyyən etdiyi digər bir problem ondan ibarətdir ki, vaxtından əvvəl şərti olaraq azad etmə institutunun işləməsi faktiki olaraq məhkəmənin obyektiv mülahizəsindən daha çox şəxsin saxlandığı penitensiar müəssisənin mülahizəsindən asılı vəziyyətə salınıb. Belə ki, məhkəmələr bir qayda olaraq ancaq cəzaçəkmə müəssisələri tərəfindən verilmiş istənilən mülahizəni rəhbər tutaraq qərar verirlər. Halbuki "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 oktyabr 2010-cu il tarixli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər.
Babək Həsənovun işi üzrə də Bakı Şəhəri Nizami Rayon Məhkəməsi (sədrlik edən Hacıyeva Mətanət) özünün 30.06.2020-ci il tarixli qərarında ancaq 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş mübahisəli mülahizəyə əsaslanaraq Həsənovun vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmaqla bağlı ərizəsini təmin etməmişdir.
BHİK hesab edir ki, bu sahədə ciddi islahatların aparılmasına, nəticə etibarilə vaxtından əvvəl şərti azadlığa buraxılma və digər oxşar mexanizmlərin daha səmərəli tətbiqinə ciddi ehtiyac var. COVID-19 pandemiyasının yaratdığı böhran bu ehtiyacı bir qədər də aktuallaşdırır.
BHİK müvafiq dövlət qurumlarını bu məsələni araşdırmağa, vəziyyətin yaxşılaşdırılması üçün əməli addımlar atmağa və nəticə etibarilə mövcud problemləri həll etməyə çağırır. BHİK istənilən dövlət qurumu ilə bu mövzunu müzakirə edərək təkliflərini verməyə hazırdır. Eyni zamanda bəyanatda istinad etdiyimiz Babək Həsənov barəsində Nizami Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verərək bu və digər işlər üzrə bütün hüquqi imkanlardan istifadə edəcəyik".

Arqument.az

ƏVVƏLKİ XƏBƏR

"Koronavirusa qarşı kollektiv toxunulmazlıq mümkün deyil" – Pandemiya daha bir ümidə son qoydu...

SONRAKI XƏBƏR

Abşeron rayonunda reyd - VİDEO