Avropa ölkəsində pandemiyaya görə işsizlik təhlükəli həddə çatıb

Avropa ölkəsində pandemiyaya görə işsizlik təhlükəli həddə çatıb

İtaliya hökuməti ölkədə pandemiya ilə bağlı vəziyyəti normallaşdırmağa çalışır.

Amma bir çox iqtisadi sahələrdəki zərəri kompensasiya etmək mümkün deyil. Təkcə turizm və sənaye deyil, əmək bazarı da çox sarsılıb.

Bizimyol.info xəbər verir ki, İtaliyada iqtisadi vəziyyət hətta bir neçə il əvvəlki böhrandan da pisdir. İşsizliyin faizi 9-u aşıb. Rəqəmlər yalnız artan qrafik üzrə hərəkət edir. Ümumdaxili məhsul kəskin aşağı düşəcək.

İtaliyada 25 yaşı tamam olmayan şəxslərin dörddəbiri işləmir. Avrozonada bundan pis göstərici yoxdur.

Universitet tələbəsi İqnatsio Furfaro “Euronews”a deyib ki, iş tapmaq üçün çox çalışır: “Bir neçə yerə ərizə vermişəm, amma heç bir cavab gəlmir. Məni artıq xəbərdar ediblər ki, işə düzəlməyə böyük ümid bəsləməyim. Hətta qısamüddətli müqavilələr də dondurulub”.

Milli statistika institutunun direktoru Laura Sabbadini də nikbin deyil. Onun sözlərinə görə, insanlar heç bir plan qura bilmir. Hətta ailə qurmaq haqqında düşünmək də olmur: “Təkcə 25 yaşı tamam olmayanlar əziyyət çəkmir. Daha çox yaşı olanlar da böyük çətinlik yaşayır”.

Səhnədə ilk addımlarını atan gənc aktrisa Corciya Çyotola sənəti üzrə iş tapa bilmədiyini deyir: “İş tapılsa da, təkcə bununla yaşamaq mümkün deyil. Məcbursan ki, əlavə işlərlə məşğul olasan. Qonaqlıqlarda kiçik tamaşalarda rol alıram, uşaq xəstəxanasında klounessa kimi çıxış edirəm, hətta körpələrə də baxıram”.

Beynəlxalq təşkilatların statistikaları göstərir ki, dünyadakı işsizlərin altıdabirinin 25 yaşı tamam olmayıb. Bu şəxsləri COVİD-19 nəsli adlandırmağa başlayıblar.

Mənbə: www.bizimyol.info