Vətəndaşların minnətdarlığı və alqışı tükənməzdir

Vətəndaşların minnətdarlığı və alqışı tükənməzdir

Dünya ölkələrinin koronavirus (COVID-19) pandemiyası və onun nəticələri ilə mübarizəsi davam edir. İnfeksiyanın yaratdığı problemləri aradan qaldırmaq üçün inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə normal həyat tərzinə təsir göstərən müəyyən məhdudlaşdırıcı tədbirlər görülür. Əhalinin sağlamlığının qorunmasına və aztəminatlı təbəqə nümayəndələrinə, eyni zamanda, müxtəlif biznes subyektlərinə maddi yardımlar göstərilməsinə istiqamətlənmiş dövlət proqramlarının ic­rası da ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və Prezident İlham Əliyevə ünvanlanan minnətdarlıq məktublarında bütün çətinliklərə baxmayaraq heç bir sosial proqramların təxirə salınmaması və bir sıra vacib sosial-iqtisadi layihələrin həyata keçirilməsi alqışlanır, dövlətin hər bir vətəndaşın yanında olmasından məmnunluq ifadə edilir.

Yeni koronavirus infeksiyası in­san həyatının bütün aspektlərinə təsir göstərməkdə davam edir. Xəstələrin sayı dünyada artıq yüz minlərlə he­sablanır. Həlak olanların sayı isə 538 min nəfəri ötmüşdür. Ancaq sağalan­ların da sayı artır. Buna baxmayaraq, ölkələr virusun yayılmasının qarşı­sını almaq üçün müxtəlif tədbirlər həyata keçirirlər.

Azərbaycanda da bu bəla ilə ciddi şəkildə mübarizə aparılır, infeksiyanın yayılmağa başladığı ilk günlərdən etibarən sərt və vaxtında həyata keçirilmiş tədbirlər sayəsində hazırda ölkəmizdə sanitar-epide­mioloji vəziyyətin nəzarət altında saxlanılmasına nail olunmuşdur. Vətəndaşlarımızın Prezident İlham Əliyevə göndərdikləri minnətdarlıq məktublarında hökumətin yürütdü­yü sosial-iqtisadi siyasətin müsbət nəticələr verdiyindən bəhs olunur, koronavirus səbəbindən iqtisadiy­yatın müxtəlif sahələrində yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, həyata keçirilən maliyyə dəstəyi proqramlarının hər bir insanın rifah halına müsbət təsir göstərdiyi vur­ğulanır.

Məsələn, Zaqatala rayonu, Əliabad qəsəbə sakinləri Kamran Məmmədov və Səməd Vahabov yazırlar: “Hazırda koronavirus pandemiyası dünya ölkələrini təşvişə salaraq, iqtisadi böhran yaratmaq­dadır. Təəssüflər olsun ki, bu virus ölkəmizdən də yan keçmədi. Bu gün ölkəmizdə də bir çox insan bu viru­sun təsirindən əziyyət çəkməkdədir. Lakin danılmaz faktdır ki, məhz Sizin uzaqgörən, qabaqlayıcı tədbirləriniz və səyləriniz sayəsində Azərbaycanda digər ölkələrlə müqayisədə bu virusa yoluxanların sayı azlıq təşkil etməkdədir”.

Pandemiyanın ölkəmizdə yayıl­mağa başlayandan virusa yoluxan xəstələr üçün müasir standartlara cavab verən xüsusi xəstəxanaların istifadəyə verilməsini, xalqımızın maddi rifahı üçün sosial tədbirlərin həyata keçirilməsini Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayan məktub müəlifləri əlavə edirlər ki, ölkə başçısı bütün bu işləri ilə xal­qımızın yanında olduğunu bir daha göstərdi.

Azərbaycan dövləti istər əhalinin sağlamlığının qorunması, istərsə də ölkə iqtisadiyyatına pandemi­yanın təsirinin minimallaşdırılması istiqamətində mühüm qərarlar verir və ən əsası, bu qərarlar pandemiya­nın yarada biləcək mənfi təsirlərin qarşısını almağa yönəlmişdir. Dünya­nın maliyyə-energetika bazarlarında yaşanan mənfi proseslərə baxmaya­raq, Azərbaycan dövləti ölkə iqtisa­diyyatının bütün sahələrinə, xüsusilə də aqrar sektora öz güclü dəstəyini verir. Bununla bağlı, Şəki rayonun­dakı Kiçik Dəhnə kəndinin sakini Nüsrət Haqverdiyev yazır: “Sizin aqrar sahəyə ayırdığınız diqqət, göstərdiyiniz qayğı kəndlilərin torpağa, əkin-biçinə marağını daha da artırmışdır. Məlum olduğu kimi, hazırda ölkəmizdə suvarma suyu ilə bağlı çətinliklər vardır. Bu çətinliklərin aradan qaldırılması üçün Sizin mütəmadi olaraq Sərəncamlar imzalamağınız, lazımi göstərişlər verməyiniz məsələnin həllində əvəzsiz rol oynayır. Həm yeni suvar­ma kanalları çəkilir, həm də respubli­kamızın müxtəlif bölgələrində subar­tezian quyuları qazılaraq istifadəyə verilir”. Kiçik Dəhnə kəndində son bir ayda 2 yeni subartezian quyu­sunun yerli sakinlərin sərəncamına verildiyini, həmçinin, bir subarte­zian quyusunun təmir olunduğunu və yararlı vəziyyətə gətirildiyini vurğulayan müəllif yazır ki, Kiçik Dəhnə kəndlilərinin Prezident İlham Əliyevə minnətdarlığı və alqışı son­suzdur: “İndi növbəti əkin işlərinə həvəsimiz daha da artıb. Çalışacağıq ki, tarlalardan bol məhsul götürək, öz işimizlə göstərilən diqqətin qarşı­lığını verək. Allah işlərinizi avand eləsin”.

Saatlı rayonu, Əliabad kənd sakinləri İsmayıl Əliyev, Bahadur Mirzəyev, Əliabbas Namazov və başqaları minnətdarlıq məktubunda Saatlı rayonunda da ölkə başçısının dəyərli sözlərinin təsirinin hiss olun­duğunu bildirirlər. Məktub müəllifləti yazırlar ki, rayonda su qıtlığının aradan qaldırılması, təsərrüfatların suvarma suyu ilə təminatı üçün lazımi işlər görülür və bunun üçün böyük işçi qüvvəsi, texnika cəlb edilmişdir: “Cənab Prezident, kənd təsərrüfatının inkişafına, fermerləri narahat edən məsələlərin həllinə bu cür səy göstərdiyinizə görə Sizə minnətdarıq. Əhaliyə olan xoş münasibət Sizin çıxışlarınızdan, tapşırıqlarınızdan qaynaqlanır. Allah işlərinizi avand eləsin!”.

İsmayıllı rayonu, Hacıhətəmli kənd sakinləri Maqsud Hüseynov, Nazim Ağakişiyev, Əvəz Kərimov, Əlişir Babliyev, Ramil Salmanov və başqaları da yazırlar ki, İsma­yıllı rayonunda da əkin sahələrinin suvarma suyu ilə təminatının yax­şılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Prezi­dent sərəncamının bütün İsmayıllı sakinləri kimi, Hacıhətəmli kənd sakinlərinin də sevincinə səbəb olmuşdur. “Sərəncamınızla uzun illər susuzluqdan əziyyət çəkən Hacıhətəmli kənd sakinləri içməli su ilə təmin olunacaq və kəndin əsas problemlərindən biri həllini tapacaq­dır. Bu böyük diqqət və qayğınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”,-yazan məktub müəlifləri müstəqil Azərbaycanımızın tərəqqisi və inkişafı yolunda ölkə başçısına yeni uğurlar diləyirlər.

Salyan rayonu, Ərəbqardaşbəyli kənd sakinləri Samit Quliyev, Həbib Seyidov, Yusif Əliyev, Məryəm Abdullayev, Alim Cəfərov və başqaları ölkə başçısına ünvaladıqları məktubda yazırlar ki, koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq edilməsi, Prezidentin "Biz birlikdə güclüyük!" çağırışı, aztəminatlı ailələrə və şəhid ailələrinə göstərilən maddi və mənəvi yardımlar, sosi­al yardıma ehtiyacı olan insanlara verilən birdəfəlik ödənişin 600 min nəfərə şamil edilməsi, ən nəhayət, insan amilinə verilən yüksək dəyər Azərbaycan xalqını müdrik Preziden­tinin və qətiyyətli Ali Baş Koman­danının olmasına bir daha əmin etdi. Məktub müəllifləri pandemiya ilə mübarizə sahəsində həkimlərimizin də rolunu qeyd edərək, akademik Zərifə xanım Əliyevanın vaxtilə de­diyi sözləri də xatırlayırlar: “Həkim insanlara günəş qədər lazımdır". Bu gün həmin sözlərin nə qədər dəyərli olduğunun bir daha şahidi olduq­larını vurğulayan Ərəbqardaşbəyli kənd sakinləri böyük ruh yüksəkliyi ilə çalışdıqlarına görə həkimlərimizə minnətdarlıqlarını da bildirirlər.

Bundan başqa, məktubda bu çətin vaxtda sosial layihələrin icrasının dayandırılmamasının vətəndaşların sevincinə səbəb olduğunu yazan kənd ssakinləri əlavə edirlər ki, Ərəbqardaşbəyli kəndində 180 yerlik ən müasir tələblərə cavab verən məktəb tikilmişdir: “Bu da Sizin Azərbaycan təhsilinə verdiyi­niz qiymətin təzahürüdür. Bundan əlavə kəndimizdə yeni internet və telekommunikasiya xətləri çəkilmiş və əhalinin istifadəsinə verilmiş­dir. İnternetlə dünyaya çıxış gənc nəslin elminin və dünyagörüşünün inkişafında mühüm rol oynayır”. Ölkə başçısının göstərdiyi diqqət və qayğısına görə kəndin sakinləri adın­dan təşəkkür etdiklərini vurğulayan kənd sakinləri sonda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti daim dəstəklədiklərini də diqqətə çatdırırlar.

 

Hazırladı: Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com