“Azərbaycan XİN-nin kadrları ermənilərin maraqlarına xidmət ediblər” - Partiya sədri

“Azərbaycan XİN-nin kadrları ermənilərin maraqlarına xidmət ediblər” - Partiya sədri

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat nəinki Azərbaycanda, digər ölkələrdə də böyük marağa səbəb olub. Böyük maliyyə mənbəyi olmayan, dövlətin məhrəm strukturlarından biri sayılan Azərbaycanın Xarici İşlər Nazirliyi ilə bağlı əməliyyat və bir neçə məmurun həbsi ciddi hadisə sayılır.
Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev Reyting.az-a müsahibəsində DTX-nın XİN-də keçirdiyi əməliyyatı gecikmiş hadisə kimi qiymətləndirib:
- Biz bu əməliyyat tədbirini çoxdan gözləyirdik. Çünki, Azərbaycanın beynəlxalq səviyyədə milli siyasətinin və hədəflərinin məhz bu nazirlik tərəfindən həyata keçirilməsi başlıca dövləti vəzifədir. Təəssüflər olsun ki, XİN milli hegemonluq prinsiplərimizi uzun illərdir fərqli məcrada həyata keçirirdi. Partiyamızın başlıca prinsipləri olan cümhuriyyətçilik, istiqlalçılıq, xalqçılıq, milli hegemonluq və dünyəvi şərtlərin tələbləri baxımından yanaşdıqda görürük ki, adıçəkilən nazirlikdə çalışan məmurlar artıq neçə ildir dövlətimizə böyük zərbə vurmaqla məşğul olublar.
Biz, CXP olaraq hər zaman açıq şəkildə bildirmişik ki, dövlətimizin xarici siyasəti milli düşüncəli kadrlardan təşkil edilməli, xarici siyasət milli maraqlar müstəvisində idarə olunmalıdır. Milli iqtisadiyyatımız, milli təhsilimiz, milli ordumuz dövlətmizin strateji hədəflərindən biri kimi təqdir edilməlidir. Bunları nəzərə alaraq xarici siyasətimiz milli hədəflərimizə söykənməlidir. İstənilən dövlətin strateji baxımdan təhlükəsizliyinin təməl prinsipi milli hədəflər çərçivəsində tətbiq olunmalıdır. Əgər dövlətimizin xarici siyasəti milli maraqlarımız çərçivəsində həyata keçirilmirsə, deməli, orada çalışanlar ölkəmizə yad olan hansısa maraqlarla çıxış edirlər.
1991-ci ildə dövlət müstəqilliyimizi əldə etdikdən sonra, təəssüflər olsun ki, beynəlxalq münasibətlər kursumuzda milli hegemonluq siyasətimizin maraqlarını özündə ifadə edə biləcək diplomatik kadrların qıtlığı ilə üz-üzə qaldıq. Beləcə, ikiyüz ildir Azərbaycanda formalaşmış, düşüncə baxımından “Beşinci kalon”u təmsil edən qüvvələr ixtisaslı kadr adı altında xarici siyasət doktrinamızın məcrasını bağlı olduqları beyin mərkəzlərinin iradəsi ilə idarə ediblər. Ona görə də, biz, CXP olaraq, milli kadr siyasəti hədəflərini önə çəkirik. Strateji baxımdan dövlətimizin təhlükəsizliyi və inkişafı üçün bu faktor çox önəmlidir.
XİN-də çalışanların çoxunun Azərbaycanın milli tarixi, mədəniyyəti, tarixi coğrafiyası, sosial-iqtisadi sistemindən xəbəri yoxdur. Xüsusilə rusdilli kadr siyasəti önə çəkildiyi üçün dövlətimizə sarsıdıcı zərbələr vurulub. Çünki, diplomatik işlə birbaşa əlaqəli olduqları üçün, beynəlxalq səviyyədə dövlətimizin milli ləyaqət və şərəfini qorumaq onların vəzifə borcu idi. Min dəfələrlə təəssüflər olsun ki, bütün bunları XİN-də çalışan əksər məmurların timsalında görməmişik.
- XİN-dəki kadr siyasətinə çox sərt yanaşırsınız...
- Özünə beynəlxalq miqyasda hörmət qoyan və istənilən dövləti təmsil edən kadrlar həm də onun milli institutlarının hədəflərini nümayiş etdirir. Azərbaycanın Xarici İşlər Nazirliyində çalışan kadrların əksəriyyəti bu düşüncədən hər zaman uzaq olublar. Bu nazirlikdə çalışanların əksəriyyətinin “rus, ingilis, fransız aksenti” ilə danışması faktı bir daha sübut edir ki, onlar millilikdən və xəlqilikdən çox uzaqdırlar. Çünki, düşüncələri yad dillərin və düşüncələrin məhsulu olduğu özünü göstərir. Belə məmurlar hətta bu faktı “qürur”la önə çəkərək keçmişdəki kimi, hansısa neokolonial düşüncə sisteminin daşıyıcısı olduqlarını nümayiş etdiriblər.
Dövlətimizin strateji və milli maraqlarının əvəzində neçə illərdir lobbiçilik və digər sahələrdə milyonlarla vəsaiti havaya sovurublar. Beləliklə, milli düşüncə sistemindən məhrum olan bu kadrlar Qarabağ problemi ilə bağlı BMT, ATƏT-in Minsk qrupu, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq diplomatik münasibətlərdə birbaşa ermənilərin maraqları çərçivəsində fəaliyyət göstəriblər.
- Bədrəddin bəy, bu çox ciddi ittihamdır...
- CXP olaraq, bu mövqeyimizdən heç zaman geri çəkilməmişik. Ona görə ki, XİN-də çalışan məmurların əksəriyyəti keçmiş rus-sovet imperiyasının məmurları kimi davranıblar. Baxmayaraq ki, keçmiş sovet rejimi dağılıb, XİN sanki Rusiyanın agentura sisteminin bir parçasıdır.
DTX-nın bu şəbəkəni çökdürmək üçün keçirdiyi əməliyyat tədbirlərini təqdir etmək lazımdır. Hələ bir neçə ay öncə prezident İlham Əliyev ölkəmizdəki “Beşinci kalon”un milli dövlətçilik siyasi kursumuza qarşı ən böyük əngəl olmasına açıq şəkildə işarə etmişdi. Həmin kalon əsasən ideoloji sahədə dövlətmizə qarşı çox ciddi zərbələr vurduqlarını etiraf etmək əvəzinə, hətta dirəniş göstərirdilər. Ona görə də Mədəniyyət Nazirliyində və XİN-də DTX tərəfindən bu əməliyyat tədbirləri həyata keçirildi.
XİN demək olar ki, Azərbaycanda özünü maliyyələşdirən qurumlardan biri hesab olunur. Vizalardan əldə olunan gəlirlər, bundan əlavə, Bakıda tikdirdikləri bir sıra korpuslar, xaricdə lobbiçilik fəaliyyətləri adı altında yeyintilər, bir sıra sahibkarlara və məmurlara diplomatik pasportların verilməsi ən gəlirli sahələrdən biri idi. Xarici agenturaya bağlı kadrlara xidməti pasportların verilməsi və digər mənfi hallar bu nazirliyin nə qədər antimilli olduğunu isbat edən mühüm faktorlardır.
Bizi ən çox narahat edən faktlardan biri də, dövlətimizin xarici siyasət atributu olan XİN-də çalışanların çoxunun rusdilli olması idi.
- Bəs Qarabağ məsələsində nə hansı səhvlərini və ya xəyanətlərini deyə bilərsiniz?
- Əvvəla Azərbaycanda “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Var Qarabağ bölgəsi. Ölkəmizin Aran, Bakı-Abşeron, Qərb, Cənub, Şimal, Qarabağ və Naxçıvan inzibati bölgələri mövcuddur. Bundan əlavə, qanunla iqtisadi baxımdan bölgə anlayışları var. Quba-Xaçmaz, Kəlbəcər-Laçın və Dağlıq Şirvan iqtisadi rayonları mövcuddur. Ancaq XİN uzun illərdir Qarabağ məsələsini kiçik səviyyəyə endirərək ermənilərin maraqlarına uyğun “Dağlıq Qarabağ” anlayışı çərçivəsində diplomatik yolla milli hədəflərimizə sarsıdıcı zərbələr vurub. Azərbaycan Respublikasının Ana yasasında “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, unitar dövlət quruluşuna sahibik. Beynəlxalq səviyyədə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Qarabağı süni şəkildə iki hissəyə bölərək masa arxasında oturmamalıyıq. Erməni ekspansionizm siyasətinin işğalına məruz qalmış bütün rayonlarımızın adlarını birlikdə sadalamalıyıq. Keçmiş Sovetlər Birliyi dönəmində termin kimi işlədilən “Dağlıq Qarabağ”a bağlı rayonların adlarını da Azərbaycanın ərazisi kimi inzibati vahid olaraq göstərməliyik. Bundan əlavə, Ermənistanın işğalçılıq siyasətinin iç üzünü açan Qazax rayonuna məxsus 7 kəndin, Tovuz və Gədəbəy rayonlarının ərazilərinin daim atəş altında saxlanılması, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin erməni işğalında olması faktlarını gündəmə gətirməliyik. Azərbaycan dövləti və xalqının iradəsi xaricində rus imperiyasının siyasətinin XİN-nin simasında hələ də davam etməsi dövlətçiliyimizə vurulan sarsıdıcı zərbələrdən biridir.
Bir faktı yadınıza salım. Amerikalı jurnalist Pit Erlinin 2008-ci ildə çap olunan kitabında Azərbaycanın BMT-dəki səfiri Eldar Quliyevin FSB-nin (Rusiya) agenti olması barədə geniş faktlara yer verilib. E. Quliyev 1994-2001-ci illərdə orada çalışıb. İndiki Xarici işlər naziri Elmar Məmmədyarov E. Quliyevin himayəsində olmaqla BMT-dəki nümayəndəliyimizin I katibi vəzifəsində (1993-1995) işləyib. 2008-ci ildən indiyə kimi XİN tərəfindən bu fakt təkzib olunmayıb.
- XİN bunun üçün əslində nə etməlidir?
- Biz hər zaman olduğu kimi, indi də öz mövqeyimizdə qalırıq. İşğal altında olan ərazilərimizi Ermənistanın beynəlxalq terrorizm yuvasına çevirməsi faktını ortaya qoymalıyıq. Necə olur ki, Azərbaycan və beynəlxalq KİV-lər bu barədə faktları ortaya qoyur, bizim XİN isə buna göz yumur? İşğal altında olan ərazilərimizdə Rusiyanın ermənilərə xidmət göstərən bankları var. “Master kart”lar belə, orada asanlıqla çalışır. Əgər bank əməliyyatları həyata keçirilirsə, deməli, orada ofşor bölgə kimi irihəcmli çirkli pullar da yuyulur.
O da bəllidir ki, Azərbaycanın işğal altındakı əraziləri ayrıca beynəlxalq subyekt hesab olunmur. Yaxın Şərqdə terrorizmin dəstəklənməsi, silah və narkotik maddələrin transferi üçün ermənilər münbit şərait yaradıblar. Xüsusilə beynəlxalq terrorizmin gəlir mənbəyi olan və İranın molla rejiminə bağlı şirkətlərə qarşı bu günə qədər XİN rəhbərliyi etiraz bildirməyib. Həmin faktları ortaya qoyaraq bu məsələdə beynəlxalq tədbir keçirməyib. Ona görə də biz, milliləşmə siyasətinin dövlət maraqları çərçivəsində həyata keçirilməsi ideyasını irəli sürürük.
Azərbaycan otuz ildir müstəqildir. Əfsuslar olsun ki, XİN-nin milliləşməsi problemi hələ də aktual olaraq qalır. Biz ancaq, milli təfəkkürə malik kadrlarımızla uğurlara imza ata bilərik. İndiki proseslər bir daha göstərir ki, “Beşinci kalon” sıradan çıxarılır. Milli dövlət sistemi öz yerini tutmaq üçün önə çıxmaqdadır.

Mənbə: www.dia.az