Cənubi Afrika Respublikası ən aktiv yoluxma hallarının qeydə alındığı beşinci ölkədir

Cənubi Afrika Respublikası ən aktiv yoluxma hallarının qeydə alındığı beşinci ölkədir

Madrid, 8 iyul, AZƏRTAC

COVID-19 pandemiyası nəticəsində aktiv yoluxma hallarının sayının çoxluğuna görə beşinci ölkə olan Cənubi Afrikada son iki həftə ərzində Pretoriya və Yohannesburqda 205.721 yoluxma və 3310 ölüm halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən dərc edilən son məlumata görə, Cənubi Afrika Respublikası bütün qitə üzrə yeni koronavirusdan daha çox əziyyət çəkən ölkə olaraq qalmaqdadır. Afrika üzrə yoluxma hallarının təqribən 40 faizi bu ölkənin payına düşür.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa bildirib ki, virusdan ölüm hallarının səviyyəsinin digər ölkələrlə müqayisədə aşağı (1,6 faiz) olmasına baxmayaraq, yoluxmaların sayının artması xəbərdarlıqdır. “Biz karantin rejiminin qaytarılması barədə məsələni nəzərdən keçirmirik. Digər vasitələrdən istifadə etmək lazımdır: öz həyatını müdafiə etmək, həmçinin yaşamaq üçün vasitələri qorumaq lazımdır və bu, incə balansdır”, - deyə Prezident bildirib.

İqtisadçılar proqnozlaşdırır ki, COVID-19 pandemiyasının Cənubi Afrikada yayılması, özünütəcrid və sosial məsafənin gözlənilməsi tədbirləri iqtisadiyyatın 7,2 faiz aşağı düşməsi ilə nəticələnəcək. Bu da son 100 il ərzində ən yüksək göstəricidir.

Mənbə: azertag.az