Yaponiya ərazi sularındakı patrul xidmətini gücləndirəcək

Yaponiya ərazi sularındakı patrul xidmətini gücləndirəcək

Tokio, 8 iyul, AZƏRTAC

Yaponiya hökuməti Çinə məxsus iki patrul gəmisinin ona məxsus ərazi sularına daxil olaraq 39 saat orada qalmasından sonra həmin bölgədə patrul xidmətini gücləndirmək üçün var gücünü sərf edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa ənənəvi mətbuat konfransında deyib.

Xatırladaq ki, iyulun 2-də Çinə məxsus iki patrul gəmisi Şərqi Çin dənizində Yaponiyanın nəzarətində olan Senkaku adaları yaxınlığında yapon balıqçı qayığına yaxınlaşıb.

Baş katibin bildirdiyinə görə, Çin gəmiləri yapon ərazisini iyulun 3-də gecə saat 23:00 radələrində tərk edib. Lakin bundan bir qədər sonra iyulun 4-də gecə saat 2:00 radələrində yenidən Yaponiyanın ərazi sularına qayıdıb. Bu gəmilər ərazini yalnız saat 6:00-da tərk edib.

Y.Suqa əlavə edib ki, Çin gəmilərinin məqsədini şərh edə bilməz. Lakin Yaponiya hökuməti Senkaku adaları ətrafındakı ərazi sularının mühafizəsi üçün lazım olan bütün addımları atacaq.

Mənbə: azertag.az