Koronavirusa yoluxan jurnalist və ailəsi sağalaraq evə buraxıldı

Koronavirusa yoluxan jurnalist və ailəsi sağalaraq evə buraxıldı

İyunun 24-dən 1 saylı Klinik Mərkəzdə koronavirusdan müalicə alan bacı-qardaş jurnalistlər -“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe.info xəbər portalı, "Cümhuriyət" qəzetinin müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşı Gülşən Abdullayeva sağalaraq evə buraxılıb.

Bu barədə Cebhe.info-ya Müşfiq Abdulla məlumat verib.

O bildirib ki, aparılan son analizlərin cavabı neqativ çıxıb.

Koronavirusla bağlı 1 saylı Klinik Mərkəzdə 14 günlük müalicənin birinci mərhələsi baş çatıb. Jurnalistlər növbəti 14 günlük reablitasiya müalicəsini evdə davam etdirəcəklər:

“Bu gün yekun müayinələrdən sonra evə buraxıldıq. Son tibbi müayinələrimizin nəticələri neqativ çıxdı. Həkim bildirdi ki, bizdə COVID-19-a qarşı antitellər formalaşıb. Yekun olaraq rentgen müayinələrindən də keçdik və onun da nəticələri müsbət çıxdı. İki həftəlik müalicə öz müsbət nəticələrini verdi.

Qeyd etmək istəyirəm ki, bu xəstəlik bəzilərinin düşündüyü kimi heç də qorxulu və öldürücü deyil. Vaxtında və operativ müdaxilə edildikdə, koronavirusa asanlıqla qalib gəlmək, müalicə olunmaq mümkün olur. Bunun üçün ilk növbədə qanın durulması, pnevmaniyanın qarşısının alınması üçün fəal tibbi müalicə üsulları lazımdır. Biz də burada peşəkar həkimlərin əlinə düşdük. Onlar bizi çox yüksək səviyyədə müalicə etdilər. Mən, bacım və həyat yoldaşım özümüzü tam normal və sağlam hiss edirik. Müalicənin birinci mərhələsi başa çatıb. Növbəti 14 gün müddətində biz evdə reablitasiya dövrü keçəcəyik. Bu dövrdə əsasən vitaminlər qəbul etməklə və sosial izolyasiya qaydalarına əməl etməklə, immunitetin gücləndirilməsi, özünü yenidən virusdan qorumaq məqsədi daşıyacaq. Ümumilikdə nəticələr yaxşıdır”.

Jurnalist onun və ailəsinin sağalmasında xüsusi rolu olanlara da öz minnətdarlığını ifadə edib:

“Sağalmağımız təsadüfi hal deyil və Azərbaycanda bir çox ziyalıların, jurnalistlərin bizə göstərdiyi ictimai dəstəyin nəticəsidir. Xüsusilə çalışdığım Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanova, millət vəkili Qənirə Paşayevaya, Milli Məclisin üzvü və Heydər Əliyev Fondunun şöbə müdiri Soltan Məmmədova, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova öz dərin minnətdarlığımı bildirirəm. Eləcə də bu müddət ərzində bizim xəstəliyimizi və problemlərimizi daim işıqlandıran, onu diqqətdə saxlayan Azərbaycan jurnalistlərinə, hər birinə ayrı-ayrılıqda sonsuz təşəkkürümü bildirirəm. Bütün bu proses göstərdi ki, vəziyyətimizi ictimailəşdirən hər kəs dar və çətin günün dostlarıdır. Mən bu dostlarımla fəxr edirəm. Xüsusi olaraq vəziyyətimizi daim nəzarətdə saxladıqları üçün 1 saylı Klinik Mərkəzin baş həkimi Ədalət Dadaşova və müalicə olunduğum şöbənin müdiri Səbuhi Sadıqova da dərin minnətdarlığımı bildirirəm. Bu insanların sayəsində biz həyata qayıtmışıq. Nəhayət, vəziyyətdən istifadə edib insanları bu virusdan qorunmağa, insanları məsuliyyətsiz olmamağa, sosial izolyasiya qaydalarına əməl etməyə, eləcə də xəstələndikdə dərhal həkimə müraciət etməyə çağırıram”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info