Pandemiya dövründə Azərbaycan bir daha beynəlxalq həmrəyliyə sədaqətin bariz nümunələrini göstərdi

Pandemiya dövründə Azərbaycan bir daha beynəlxalq həmrəyliyə sədaqətin bariz nümunələrini göstərdi

Ağdam, 8 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Müxtəlif sahələrdə regional və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan pandemiya dövründə də yeni formatlarda beynəlxalq təşəbbüskarlığı ilə seçilməkdədir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev bildirib.

Cari ilin aprel və may aylarında Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi imkanlarının Türk Şurası və Qoşulmama Hərəkatı çərçivəsində videokonfrans formatında müzakirə edilməsinin dünya miqyasında böyük rezonans doğurduğunu vurğulayan A.Əliyev deyib: "Azərbaycan Prezidentinin təşəbbüsü əsasında təşkil edilən həmin müzakirələr COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın genişləndirilməsinə diqqətin artırılmasında mühüm rol oynadı. Elə bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən Prezident İlham Əliyevin təşəbbüsü yüksək qiymətləndirilib və koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə edilməsinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının gündəliyinə çıxarılması məqsədəuyğun hesab edilib. Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edilib. Qərarın qəbul edilməsinə dünyanın 130 dövləti tərəfindən müsbət rəy bildirilməsi problemin aktuallığı ilə yanaşı, Prezident İlham Əliyevin təşəbbüsünə yüksək diqqətin təzahürü hesab edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin COVİD-19 pandemiyasına qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü müasir şəraitdə qlobal həmrəyliyin və əməkdaşlığın yeni imkanlarının dəyərləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözügedən təşəbbüsü irəli sürməkdə məqsədi də məhz dünya dövlətlərini ümumi bəlaya qarşı səyləri birləşdirməyə səsləməkdən ibarətdir.

Dövlətimizin başçısının təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formasında xüsusi sessiyasının çağrılması barədə qərarının qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz ifadəsidir. Azərbaycanın artan əhəmiyyəti və beynəlxalq iştirakçılığı onu beynəlxalq münasibətlər sisteminin ən fəal və çevik iştirakçılarından biri kimi tanıdıb. Dəfələrlə Azərbaycan Prezidentinin qlobal əhəmiyyətli təşəbbüslərinin beynəlxalq formatlarda müzakirə predmetinə çevrilməsinin, bir sıra hallarda isə xüsusi toplantıların çağrılmasına səbəb olmasının şahidi olmuşuq. Bu xüsusda Prezident İlham Əliyevin beynəlxalq miqyaslı siyasi lider kimi statusu getdikcə yüksəlir. Onun təşəbbüslərinin, müxtəlif beynəlxalq formatlarda səsləndirdiyi çağırışların mühüm əhəmiyyət kəsb edən beynəlxalq qərarların əsasını təşkil etməsinin davamlı xarakter alması diqqəti cəlb edir. Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzlu lider imici Azərbaycanın diplomatik uğur və nailiyyətlərinin əvəzolunmaz resursudur.

Azərbaycanın beynəlxalq həmrəylik sahəsində hər bir təşəbbüsü, o cümlədən ümumdünya miqyasında fəlakətə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması ilə əlaqədar təşəbbüsü ölkəmizin beynəlxalq əməkdaşlığa açıq, tolerant, demokratik, özünü dünya birliyinin bir hissəsi kimi dərk edən dövlət olmasından xəbər verir. Pandemiya dövründə Azərbaycan bir daha beynəlxalq həmrəyliyə və əməkdaşlığa sədaqətin bariz nümunələrini göstərdi. COVİD-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmağımız, 30-dan çox ölkəyə humanitar yardım göndərməyimiz bu fikirlərin əyani təsdiqidir. Ölkəmiz bir daha sübuta yetirdi ki, dünya birliyi üçün əhəmiyyət kəsb edən heç nə ona yad deyil. Sülh, əmin-amanlıq, təhlükəsizlik, separatizmə və terrorizmə qarşı barışmazlıq, dövlətlərin ərazi bütövlüyünə hörmət, ədalət və bərabərlik kimi bəşəri dəyərlərə sədaqət Azərbaycan dövlətinin xarici siyasət sahəsində, beynəlxalq münasibətlər müstəvisində fəaliyyətinin fundamental prinsipləridir. Dünya birliyində bir sıra hallarda qarşılıqlı etimadın və həmrəyliyin çatışmadığı indiki dövrdə sadalanan həmin prinsiplər xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin prinsiplərə inam dövlətimizin beynəlxalq mövqeyini möhkəmləndirir, onun diplomatik nailiyyətlərinin fundamentini təşkil edir, Azərbaycanın beynəlxalq hüquq və dəstəkdən faydalanmaq imkanlarını qat-qat gücləndirir.

Prezident İlham Əliyevin yeni təşəbbüsü həm amansız COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsində, həm də qlobal miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq. Bu təşəbbüs, eyni zamanda, diplomatiya tariximizə ümumdünya problemlərinin həllinə Azərbaycanın yeni və əhəmiyyətli töhfəsi kimi daxil olacaq.

Mənbə: azertag.az