Avstriya almandilli dövlətlərlə COVID-19-la bağlı payız hazırlıqlarını müzakirə edib

Avstriya almandilli dövlətlərlə COVID-19-la bağlı payız hazırlıqlarını müzakirə edib

Vyana, 8 iyul, AZƏRTAC

Avstriyanın Səhiyyə naziri Rudolf Anşoberin dəvəti ilə almandilli ölkələrin (Almaniya, İsveçrə, Lixtenşteyn və Lüksemburq) səhiyyə nazirləri COVID-19 böhranı və payıza hazırlıqla bağlı görüş keçiriblər.

AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçirilən görüşdə əsas mövzu növbəti qrip mövsümünə erkən və əsaslı hazırlıq və bu yolla da səhiyyə sisteminin həddən artıq yüklənməsinin qarşısının alınması olub.

Avstriya Səhiyyə Nazirliyindən bildirilib ki, görüşdə iştirak edən bütün tərəflər payızda COVID-19 pandemiyası və qrip mövsümünə yeni tədbirlər paketi ilə cavab verilməli olduğunu təsdiqləyiblər. Bunun üçün testlərin sayının artırılması, yoluxmuş şəxslərin təmasda olduğu insanların mümkün qədər qısa zamanda müəyyən olunub təcrid edilməsi və həmçinin əhali arasında riskli vəziyyətin mahiyyətinin izahı istiqamətində diqqət artırılacaq.

Görüşdə COVID-19 pandemiyasından çıxarılan nəticələr və mümkün peyvənd maddəsinin birgə əldə edilməsi yolları da müzakirə edilib.

Qeyd edək ki, almandilli dövlətlərin səhiyyə nazirlərinin görüşü 2013-cü ildən bəri ildə bir dəfə baş tutur. Nazirlərin növbəti görüşü 2021-ci ilin iyun ayında Lüksemburqda keçirilməlidir.

Mənbə: azertag.az