"Paşinyan ölkədəki siyasi sistemi öz maraqlarına görə dəyişdirmək istəyir"

"Paşinyan ölkədəki siyasi sistemi öz maraqlarına görə dəyişdirmək istəyir"

Təəssüflər olsun ki, Ermənistanda siyasi proseslər konstruktiv məcrada inkişaf etmir və illərlədir bu davam edir.

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə yeni modul tipli xəstəxananın açılışında Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı "Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi" fikirlərini şərh edərkən deyib.

O bildirib ki, Ermənistanın başında olan insanlar siyasi avantürayla məşğul olurlar:

"Dövlət başçısı İlham Əliyev müsahibə zamanı bu barədə konkret olaraq işarə ilə vurğulayıb. Niyə belə olur? Əslində, Ermənistan hərbiləşmiş bir dövlətdir, hərbiləşmiş bir cəmiyyət qurub. Bu ölkənin başında olan insanlar siyasi avantürayla məşğul olurlar. Ermənistan qonşuluğunda olan iki ən biri ölkələr Türkiyə və Azərbaycanla düşmənçilik aparır və əlbəttə ki, bu, siyasi avantürizmdən başqa bir şey deyil. Onların bu siyasətinin nəyinki xarici siyasətə təsiri var, eyni zamanda daxili siyasi proseslərə də çox mənfi təsiri olub. Ona görə də Ermənistan cəmiyyəti sanki bir rezervasiya olunmuş cəmiyyətdir. Rezervasiya olunmuş cəmiyyətin öz qanunları var. Bu qanunları həmin bu siyasi elita tətbiq edib. Bu qanunlar işləmir, siyasi sistem məhsuldar fəaliyyət göstərmir, inkişaf etmir. Ona görə Ermənistanın daxili siyasi arenasında tez-tez qeyri-legitim hadisələr baş verir. Bir hakimiyyət digər hakimiyyəti qeyri-legitim yolu ilə devirir. Digər tərəfdən demək lazımdır ki, onsuz da, pis işləyən, səmərəsiz fəaliyyət göstərən siyasi sistemində bu illər ərzində kifayət qədər böyük dəyişikliklər olub. Bu da onun evalusiya xarakterli inkişafından xəbər vermir. Bilirik ki, müxtəlif ölkələrdə siyasi sistemlər də inkişaf edir, evalusiya xarakteri daşıyır bu inkişaf. Hər dəfə təkmilləşdirilərək yeni sistem ərsəyə gəlir".

Politoloq qeyd edib ki, Paşinyan ölkədəki siyasi sistemi öz maraqlarına görə dəyişdirmək istəyir:

"Ermənistanda bir neçə il bundan qabaq keçmiş hakimiyyət, Sarkisyan başda olmaqla siyasi sitemin dəyişməsinə dair siyasət aparmağa başlamışdı. Prezident üsulundan parlament idarə üsuluna keçiblər. Sarkisyan bunu öz şəxsi və klanının ehtiyaclarını ödəmək üçün edib. Lakin onu devirən Paşinyan üçün həmin bu sistem kifayət qədər yararlı deyil. Paşinyan da indi onu öz maraqlarına görə dəyişdirmək istəyir. Buna görə də, o, hal-hazırda növbəti qeyri-konstitutsion, qeyri-legitim addımlar atmağa məcbur olur. Çünki sistemi öz maraqlarına uyğunlaşdırmaq üçün bunu etməlidir. Bax, bu proseslər həm ziddiyətli, həm də çox təhlükəli proseslərdir. Çünki son nəticə etibarı ilə ölkənin siyasi durumunda qeyri-sağlam vəziyyət yaradır, müxtəlif siyasi aktorlar bir-biri ilə qarşıdurmada olur. Bu, onsuz da, problemin içində olan cəmiyyətə çox neqativ təsir göstərir. Burada cəmiyyət və iqtidar cari problemlərlə məşğul olmaqdansa siyasi çəkişmələrdə iştirak etməyə məcbur olurlar.

Bizim üçün bu, çox təəssüfedici bir şeydir. Çünki Ermənistan, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın tərəfmüqabildir. Biz bu tərəfmüqabili ilə normal münasibətlər qura bilmirik. Ona görə ki, onlar işğalçılıq siyasətindən əl çəkmirlər. Eyni zamanda, orada belə bir insan yoxdur ki, öz legitimliyinə cavabdeh olsun. Bu ölkənin başında bir legitim siyasi xadim dayanmır ki, danışıqlar prosesinin məsuliyyətini öz boynuna götürsün. Hamı qorxur, çünki bilirlər ki, qeyri-legitimdirlər, xalq onları dəstəkləməyəcək, nüfuzları yoxdur. Əlbəttə ki, bizim üçün çox çətindir belə tərəfmüqabili ilə danışıqlar aparmaq və son nəticə etibarilə danışıqlar prosesi də durğundur. Danışıqlar prosesində xoşagəlməz vəziyyət bu və ya digər şəkildə Ermənistan siyasi elitasının apardığı siyasətin nəticəsidir".

Təhməz Təkin
Milli.Az

Mənbə: news.milli.az