Abituriyentlər üçün çox vacib metodiki və psixoloji tövsiyələr – “10 saat da oxusanız, faydası olmaz, çünki…”

Abituriyentlər üçün çox vacib metodiki və psixoloji tövsiyələr  – “10 saat da oxusanız, faydası olmaz, çünki…”

“Atalar sözü var: “Bir müsibət min nəsihətdən yaxşıdır”. Pandemiyanın təhsilimizə ziyanı əlbəttə çox oldu, bu, istər orta məktəblərdə, istər universitetlərdə lazımi qədər hiss edildi.

Ancaq abituriyentlər üçün daha çətin oldu. Çünki heç kim buna hazır deyildi, xüsusilə də onlar. Bu zamana kimi bizim dərs sistemimiz müəllimlə canlı ünsiyyət formasında olub; bəzən, bilmədiyimiz mövzuları müəllimə tək-tək yaxınlaşaraq izahını istəmişdik ki, indiki şagirdlər bunu online dərslərdə heç cür hiss edə bilmirdi”.

Bunu təhsil eksperti Adil Vəliyev saytımıza açıqlamasında qeyd edib. O, abituriyentlərlə yanaşı, valideynlərə də bəzi tövsiyələr verib:

“Abituriyentlərin də əsas şikayətləri qeyd etdiklərim və əlavə olaraq da internetin bəzi bölgələrdə olmaması idi. Fikrimcə, iyulun sonlarına doğru buraxılış imtahanları tam şəkildə bitəcək və qəbul imtahanları başlayacaq. Abituriyentlərin əsas diqqət etmələri lazım olan qida, istirahət və dərs çalışma saatlarını düzgün seçməlidir. Hava şəraitini də nəzərə alsaq, səhər tezdən 06-00-10-00 arası oyanıb dərs çalışmaları, qidalanmalarına düzgün fikir vermələrini, günorta 1-2 saat dincəlmək və axşam da 22-00 dan gec yatmamağı tövsiyə edərdim.

“Mən universitetə qəbul olarkən son gün oxuduğum mövzulardan 3 sual düşmüşdü və cavablarını xatırlaya bilməmişdim”.

“Beyin dincəlməsə, gündə 10 saat çalışsanız belə oxuduğunuzun çoxu ancaq küləyin vərəq çevirməsindən ibarət olacaq. Valideyinlərə məsləhətim budur ki, imtahan zamanı ailəlikcə övladınızın yanında olmayın. Çünki istəməsəniz belə övladınızda fikir dağınıqlığı yaradarsınız. İmtahan günü məktəbə 2 saat əvvəldən getməniz və yanınızda adi su olmasına çalışın. Çünki məktəbə tez getdiyiniz təqdirdə ətrafla və yanınızdakı insanlarla bir müddət eyni otaqda olmağınız həyacanınıın azalmasına yardım edəcək. Son gün dərs oxumamağınızı tövsiyə edərdim, çünki mən universitetə qəbul olarkən son gün oxuduğum mövzulardan 3 sual düşmüşdü və cavablarını xatırlaya bilməmişdim. Hazırda abituriyentlər qədər onların valideynləri də çox həyəcanlıdır. Valideyinlərin həyəcanını övladlarına yansıtmamasını istərdim. Çalışdığım qədər facebook və instagram səhifəmdən online seminarlar edərək abituriyentlərə motivasiya verirəm. İstenilən zaman imtahanlar haqqında və ya ixtisas seçimləri haqqında əlimdən gələn köməkliyi etməyə hazıram. Bütün abituriyentlərə uğurlar arzu edirəm”.(AzEdu.az )

Mənbə: moderator.az