Baş infeksionist istefa verən baş epidemioloqdan danışdı: “Mən də onun kimi maaş alımıram…”

Baş infeksionist istefa verən baş epidemioloqdan danışdı: “Mən də onun kimi maaş alımıram…”

Xəbər verildiyi kimi, İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib.

O, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib. Qeyd edək ki, bu günlərdə İbadulla Ağayev ondan açıqlama alan jurnalistə rayonda olduğunu və ölkədə baş verən hadisələrdən xəbərsiz qaldığını bildirmişdi.

Pandemiya şəraitində, ölkənin indiki ağır durumunda onun bu açıqlaması sosial şəbəkələrdə və ictimaiyyətdə ciddi tənqid edilərək, qınaq obyektinə çevrilmişdi. Ehtimal olunur ki, İbadulla Ağayevin də istefası bu səbəbdən olub.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev əslində İbadulla Ağayevin Səhiyyə Nazirliyinin baş epidemiloqu vəzifəsinin formal xarakter daşıdığını deyib:

“İbadulla müəllimin tutduğu vəzifə ictimai əsaslarladır. Nə maaş alırdı, nə də vəzifə hesab olunurdu. Sadəcə olaraq, gözəl epidemiloq və savadlı mütəxəssis olduğuna görə baş epidemioloq kimi fəaliyyət göstərirdi. Eləcə də mən... Mənim də tutduğum vəzifə maaşlı deyil. Təcrübəmizə və savadımıza güvənib bizi bu vəzifəyə təyin ediblər. Biz də öz bacardığımızı pandemiya ilə mübarizəyə həsr edirik”.

Cəlal İsayev İbadulla Ağayevin ciddi tənqid atəşinə tutulduğu üçün istefa verdiyini deyib:

“İbadulla Ağayev vəzifə tutmurdu ki, istefa da versin. Amma ağır durumda belə təcrübəli yoldaşlarımıza ehtiyac var idi və onlardan istifadə olunurdu. Görünür, onun üstünə çox düşüblər və belə bir addım atıb. Kimlərinsə haqqında təbii ki, tənqidi fikir söyləmək olar. Hamımız insanıq və hər insan oğlu səhvsiz ola bilməz. Amma bir də var ki, bunu çox ciddi şəkildə qabardasan. Mən jurnalistin yazdığını kənara qoyuram. Bəzi insanlar qəbuledilməz postlar paylaşmışdılar. Buna nə ad vermək olar? Bizim ziyalılara münasibətimiz belə olmalı deyil axı...”

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info