Prezident açıq danışdı və bu mesajı verdi - Deputat

Prezident açıq danışdı və bu mesajı verdi - Deputat

Prezidentin çıxışı zamanı mövcud problemlər, həmçinin uğurlarımız haqda səmimi danışması önəmli bir nüansdır. Çünki toxunduğu mövzuların əsas məğzi məhz xalqımızın maraqlarıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalların açılışında iştirakı zamanı yerli kanallara müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, Prezident budəfəki çıxışında daha çox ölkə daxilində baş verən son proseslərdən danışdı:

“Ölkə başçısı xüsusilə məlum oteldə baş verən hadisəyə toxunaraq, heç kəsin qanunlardan üstün olmadığını bir daha qeyd etdi. Düşünürəm, Prezidentin bu mövzulara toxunması, diqqət mərkəzində saxlaması vətəndaşlarımız üçün də müsbət mesajdır. Yəni hər kəs anlayır ki, kimsə varlıdır deyə, istədiyini edə bilməz”.

Deputatın sözlərinə görə, bəzi Avropa təşkilatları Azərbaycana qarşı ikiüzlü mövqe sərgiləyir:

“Prezident çıxışı zamanı həmçinin Ermənistanda baş verən son hadisələrə - artan etirazlara, xalqın narazı olmasına, kütləvi həbslərə diqqət çəkdi. Məsələ ondadır ki, Ermənistanda baş verən bu və bu kimi hadisələrə beynəlxalq qurumlar səssiz qalır. Halbuki belə bir hadisə Azərbaycanda baş versə, sözdə demokratik hüquq müdafiəçisi olan qurumlar tənqidlərə başlayardı. Bu hal belə özlüyündə ikiüzlü siyasətin ən bariz nümunəsidir. Şübhəsiz, ölkə başçısı bunun səbəbini bilir və təsadüfi deyil ki, o, bu və bu kimi halları erməni lobbisi və onun maliyyə vəsaitləri ilə əlaqələndirdi. Yəni bu qurumların kimə və hansı meyarlarla işlədiyini yaxşı anlayır və bunu açıq şəkildə hamıya anladır”.

Mənbə: axar.az