Rusiya Azərbaycanla İran arasında gərginliyin olmasında maraqlıdır?

Rusiya Azərbaycanla İran arasında gərginliyin olmasında maraqlıdır?

İranın nüvə obyektinin İsrail tərəfindən Azərbaycan ərazisindən vurulması iddiası Rusiya və Ermənistanın şərikli təxribatı olması ilə bağlı fikirlər səsləndirilir...

İlqar Vəlizadə: “Rusiya Azərbaycanla İranın arasında qarşıdurmaya heç cür maraqlı ola bilməz”.

Azər Qasımov: “Bu düşmən ölkənin Azərbaycana qarşı informasiya savaşının tərkib hissəsidir. Ancaq bu tip təxribatlara Azərbaycanı cəlb etmək uğursuz cəhdddir. Çünki əsil həqiqəti İran hamıdan yaxşı bilir”.

Xəbər verdiyimiz kimi İsrail İranın Nətənzdəki nüvə obyektində partlayıcı qurğu işə salaraq diversiya həyata keçirib. Bu barədə "The New York Times" qəzetinə Yaxın Şərq ölkələrindən birinin kəşfiyyatında anonim mənbə bildirib.

İranın Atom Enerjisi Təşkilatı da keçən cümə axşamı Nətənzdə uranın zənginləşdirilməsi zavodunda tikilməkdə olan obyektlərdən birində baş vermiş hadisə barədə məlumat verib. Qeyd edilib ki, heç kim xəsarət almayıb, radioaktiv materialların sızması baş verməyib. Bazar günü isə İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəndi bildirib ki, İran Nətənzdəki obyektdə müasir sentrifuqaların istehsalını planlaşdırırmış.

Digər tərəfdən isə İranın nüvə obyektinin İsrail tərəfindən Azərbaycan ərazisindən vurulması iddiası Rusiya və Ermənistanın şərikli təxribatı olması ilə bağlı fikirlər səsləndirilir. Ermənistanın bu təxribatda maraqlı olduğu məlumdur. Rusiyanın bu təxribatda iştirakına nə qədər ehtimal vermək olar və Rusiya hansısa səbəbdən Azərbaycanla İran arasında gərginliyin, qarşıdurmanın olmasına maraqlı ola bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadəyə və BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımova müraciət edib.

İlqar Vəlizadə: “Ermənistandan başqa Azərbaycanla İranın münasibətlərinin pozulmasını heç bir ölkə istəmir”.

Rusiyanın bəzi mətbu orqanlarında erməni mənşəli insanların çalışdığınl və rəhbər vəzifələr də tutduqlarını vurğulayan politoloq əlavə edib ki, Çox güman Rusiyadan gələn bu mesajlarda ermənilərin əli var:

“Bu Rusiyanın hansı mənbələrindən fərziyyələrin gəlməyinə baxır. Heç kəsə sirr deyil ki, Rusiyanın bir çox mətbu orqanları illərdir Ermənistanın müxtəlif siyasi dairələri və yaxud da erməni diasporu ilə sıx əlaqədə çalışırlar. Hətta Rusiyanın bəzi mətbu orqanlarında erməni mənşəli insanlar çalışır və rəhbər vəzifələr də tuturlar. Çox güman ki, Rusiyadan gələn bu mesajlarda bu və ya digər şəkildə ermənilərin əli var.

Ermənistan acızdır və balaca ölkə olduğu üçün heç nə edə bilmir. Ermənistan çalışır ki, burada rezonansa daha böyük olsun. Həm də onlar istəyirlər ki, digər ölkələrin ictimaiyyətini, siyasi dairələrini çaşdırsınlar.

Rusiya Azərbaycanla İranın arasında qarşıdurmaya heç cür maraqlı ola bilməz. Çünki son illər ərzində Rusiya-Azərbaycan-İran üçtərəfli əməkdaşlığı baş tutur. Üç ölkə Şimal-Cənub dəhlizinin reallaşması ilə bağlı əməkdaşlıq edir.

Məlumdur ki, koronavirusla bağlı müxtəlif ölkələr karantin rejimi həyata keçirir. Amma bu şərtlər daxilində belə Şimal-Cənub dəhlizindən müxtəlif çeşidli mallar nəql olunur. Buna görə də Rusiya Azərbaycanla İranın münasibətlərinin stabil olmasında maraqlıdır.

İlqar Vəlizadə: “Ermənistan istəyir ki, digər ölkələrin ictimaiyyətini, siyasi dairələrini çaşdırsınlar”.

Onu da qeyd edim ki, keçən ay Hindistanın Azərbaycandakı səfirliyi bəyanatla çıxış etdi. Bəyanatda bildirilirdi ki, Hindistan Cənub-Şimal dəhlizinin işləməsində maraqlıdır. Beləliklə Hindistan Azərbaycan və İran vasitəsi ilə Rusiyaya və əks istiqamətdə malları ixrac, idxal etsin.

Göründüyü kimi Ermənistandan başqa Azərbaycanla İranın münasibətlərinin pozulmasını heç bir ölkə istəmir. Burada maraqlı tərəf ermənilərdir. Bu məsələnin bu cür qələmə verilməsi də ermənilərlə əlbir olan siyasi dairələrin işidir”.

Azər Qasımov: “Rusiya tərəfinin bu uydurmalarda Ermənistanla birlikdə iştirakı fikrinə ciddi yanaşmaq olmaz”.

Heç bir ağlı başında dövlətin digər tərəflərin problemində alət olmaq istəmədiyini düşünən politoloq Azər Qasımov isə PİA.az-a açıqlamasında İsrailin İrannın nüvə obqektində baş verən qəzada iştirakının istisna olunmadığını bildirib və qeyd edib ki, Ermənistanın bu məsələyə Azərbaycanı da qatmağa cəhd etməsi təbii başa düşülımıəlidir. Bu düşmən ölkənin Azərbaycana qarşı informasiya savaşının tərkib hissəsidir. Bu təxribatlara baxmayatraq Azərbaycan Ermənistan xaric, qonşu dövlətlərə qarşı dost və sülhpərvər siyasət yürüdür. Bu tip təxribatlara isə Azərbaycanı cəlb etmək uğursuz cəhdddir. Çünki əsil həqiqəti İran hamıdan yaxşı bilir:

“İran və İsrail gərginliyi hər zamankı kimi bizi istəməyən qüvvələrin təxribat xarakterli fikirlər uydurmasına səbəb olur. İranın nüvə obyektlərində yaxın günlərdə baş verən və qəza adlandırılan, əslində isə nə olması qaranlıq olan hadisələrin İsrail-İran düşmənçiliyi fonunda dəyərləndirməsi məntiqə uyğundur.

Hesab etmək olar ki, bu qəzalarda İsrailin əli olsun, çünki əvvələr də Israil kəşfiyyat orqanları Iranda nüvə müəssisələrinin fəaliyyətinə mane olmaq üçün müxtəlif xarakterli əməliyyatlar keçirmiş, nüvə alimlərinin fiziki məhvi kimi əməliyyatların həzmetdiricisi olmuşdur. Bu baxımdan bu hadisələrə də bu prizmadan baxmaq olar. Ancaq burada Azərbaycan ərazisindən istifadə kimi erməni tərəfinin səsləndirdiyi fikirlər uydurmadan başqa bir şey deyildir. Bu düşmən ölkənin Azərbaycana qarşı informasiya savaşının tərkib hissəsidir. Ancaq bu tip təxribatlara Azərbaycanı cəlb etmək uğursuz cəhdddir. Çünki əsil həqiqəti İran hamıdan yaxşı bilir.

Rusiya tərəfinin bu uydurmalarda Ermənistanla birlikdə iştirakı fikrinə isə ciddi yanaşmaq olmaz. Rusiya sərhədlərində hər hansı səbəbdən olsa belə, gərginlik, problem istəməz. Ermənistanın bunda maraqlı olması təbiidir və Azərbaycanın maraqlarına zərbə vura biləcək hər hadisədən təxribat kimi istifadə etmək erməni tərəfinin köhnə peşəsidir. Bizim həm İsrail, həm də İran dövlətləri ilə yaxın münasibətlərimiz var. Cənab Prezident İlham Əliyevin: “Azərbaycanın ərazisindən heç bir dövlətə qarşı istifadə edilə bilməz”, fikrini xatırlasaq, belə bir hadisədə Azərbaycanın rolunun olması absurd görünür.

Azər Qasımov: “Əgər İranın nüvə obyektlərinə havadan ya da yerdən raket hücumu olubsa, bunu İran da daxil olmaqla bir sıra dövlətlər hücumun hardan olunduğunu çoxdan təsbit ediblər. Yəni Ermənistanın nə deməsindən asılı olmayaraq, həqiqət ortadadır”.

Hesab edirəm ki, əgər doğrudan da belə bir hadisə baş veribsə, yəni İsrailin İran nüvə obyektlərini bombalaması kimi, bu faktın özü çox ciddi bir haldır, lakin az inandırıcıdır. İlk növbədə ona görə ki, bu təyyarələrin bir neçə dövlətin ərazisindən iz buraxmadan keçməsi məntiqə uyğun deyil. Hər bir dövlət bunun məsuliyyətini başa düşür və bilir ki, belə bir təxribata şərait yaratmaq həmin dövlət üçün arzuolunmaz nəticələr törədə bilər. Digər tərəfdən, əgər İranın nüvə obyektlərinə havadan ya da yerdən raket hücumu olubsa, bunu İran da daxil olmaqla bir sıra dövlətlər hücumun hardan olunduğunu çoxdan təsbit ediblər. Yəni Ermənistanın nə deməsindən asılı olmayaraq, həqiqət ortadadır.

Bu baxımdan heç bir ağlı başında dövlət digər tərəflərin problemində alət olmaq istəməz. Azərbaycan qonşu dövlətlərlə Ermənistan xaric dost və sülhpərvər siyasət yürüdür, odur ki, bu tip təxribatlara onu cəlb etmək istəyənlərə hər zaman qəti mövqeyini bildirib”.

Nərminə UMUDLU
pia.az

Mənbə: pia.az