"TƏBİB bizdən laborotoriya dovşanları kimi istifadə edir”

"TƏBİB bizdən laborotoriya dovşanları kimi istifadə edir”

Tanınmış yazıçıdan etiraz...

 

"Nəsə düzgün deyil, heç düzgün deyil, tamam düzgün deyil".

Xatırlayırsınızsa, may ayında hamını təəccübləndirərək indi virusu saya almadığımıza görə bir azdan sürətlə yaxınlarımızı itirəcəyimizi söyləmişdi TƏBİB-in sədri Ramil Bayramlı. İyunda TƏBİB-in Yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bundan da o yana getmişdi, demişdi ki, “yalnız 60-70 faiz əhali təbii yolla yoluxandan sonra virusun qarşısı alına bilər”. (Yəni ki, ölkə əhalisinin 6-7 milyonu virusa yoluxacaq!) İyulda da şanlı TƏBİB başbilənləri bəyan etdi ki, payızda vəziyyət lap pis olacaq.
Qorxu, vahimə yaratmaq, əhalini stresə salmaq - bunların yeganə məqsədləri sanki budur.

Mən dəhşətə gəlirəm, əhali üzərində laboratoriya dovşanları kimi eksperimentlər aparan TƏBİB adlı qurumda yəni heç kəsinmi ümumbəşəri insanlıq prinsipləri, əxlaq kodeksi, həkim humanizmi barədə bilgiləri yoxdur? Dünya praktikasında ən ağır, hətta yaşamasına ümid olmayan xəstələrə belə ürək-dirək vermək, onları ümidləndirmək praktikasına rast gəlindiyi halda bizdə sapsağlam insanlara “payızda hamınız öləcəksiniz” hökmü verilir. Yaxşı, deyək, məsuliyyətsiz insanlar çoxdur, virusu vecə almırlar, yoluxmaya şərait yaradırlar, bunun müqabilində siz də dünyadakı yumşalma meyillərinin ziddinə olaraq 40 dərəcə istidə sərt karantin rejimi tətbiq edirsiniz, insanların hərəkətlərini məhdudlaşdırırsınız. Bəs deyil? Bu hədə-qorxular bəs nədir axı? Nə məqsəd güdürsünüz?

Bir qədər öncəki 2 günlük həftəsonu evəqapanma rejimində on minlərlə insanın real virusa yoluxma təhlükəsi altında marketlərdə çörək növbələrində qalması, yay mövsümündə insanların immun sistemini möhkəmləndirib təbiətə çıxmaq, hava və günəş vannası qəbul etmək zərurətinin qarşılığında onların hazırkı evlərinədoldurulma aksiyası, Bakının nisbətən yükünün azaldılması məqsədilə insanların rayonlara buraxılmasının əngəllənməsi, metronun fəaliyyətinin dayandırılması fonunda avtobus basabasları... Amma bütün tədbirlərə rəğmən də yoluxma hallarının hey artması, virus testinin, ağciyər tomoqrafiyasının kəlləçarxan qiymətləri, aptek işbazlarının pnevmaniya, qızdırma və virusəleyhinə preparatların qiymətini 3-4 dəfə bahalaşdırması (məsələn, Arbidol bir azdan qızıl qiymətinə olacaq), bəzi yoluxanların ( AzTV-nin mərhum əməkdaşı Samir Nemətzadənin siması gözümün önündən getmir) xəstəxanalardakı dözülməz şərait barədə sosial mediada yaydıqları fikirlər, həyatını risk altında qoyan fədakar tibb personalının əməkhaqlarının yubadılması, əhalinin kütləvi psixoz halı - hara gedirik belə? Sanki kimlərsə qəsdən sabotaj edirlər.

Bəlkə də öz yarıtmaz fəaliyyətlərini, səbatsızlıqlarını örtmək üçün TƏBİB-çilər özlərini sığortalayır, “hər şey siz karantin rejiminə əməl etmədiniz deyə belə oldu” hökmünü verməyə zəmin yaradırlar. Çoxlu suallar yaranır: bu TƏBİB diletantlığı nəydi, hardan peyda oldu bu qurum, səhiyyə nazirliyi niyə tam iflic vəziyyətindədir, hanı epidemiologiya, virusologiya mütəxəssisləri, infeksionistlər? Başqa ölkələri demirəm, elə qonşu Türkiyəylə Rusiyanın səhiyyə nazirlərinə baxın, hər gün efirə çıxır, maarifləndirici çıxışlar edir, statistika açıqlayır, xalqa ürək-dirək verir, birlikdə virusa güc gələcəklərini bildirirlər.

Dünya üzrə virusu yenməyin əsas yolu karantin rejiminin tətbiqi ilə yanaşı, məhz insan psixologiyasını pozitivə yükləməkdir. Yoxsa ki, sən rəsmən bəyan edəsən ki, bir azdan sürətlə yaxınlarınızı itirəcəksiniz, 60-70 faiz əhali mütləq virusa yoluxmalıdır, payızda vəziyyət lap pis olacaq və s.

Azərbaycan dövləti pandemiya elan olunanda “Biz birlikdə güclüyük” şüarını irəli sürmüşdü. Gözəl şüardır! Amma hamılıqla əməl olunsa!".

Varis Yolçuyev(bakupost)

pia.az

Mənbə: pia.az