“Sürət Hüseynovu qoymurlar rahat yaşasın, deyirlər ki..." - Qulamhüseyn Əlibəyli

“Sürət Hüseynovu qoymurlar rahat yaşasın, deyirlər ki..." - Qulamhüseyn Əlibəyli

 

Hər bir insan sözsüz ki, müəyyən dövrdən sonra düşünüb özünün hərəkətlərinə qiymət verməlidir. Sürət Hüseynov hərbi qiyam qaldırdı və bunun nəticəsində milli hökumət devrildi. Sonra isə o, baş nazir oldu. Amma bununla kifayətlənmədi və növbəti hərbi qiyam zamanı Sürət Hüseynov həbs edildi. Uzun müddət həbsdə qaldıqdan sonra azad edildi. İndi o dövrdə baş verənlər içərisində müsbət şeyləri öz adına, mənfi halları başqasının adına yazmaq, bir qədər də ədəbsiz formada o dövrün hakimiyyətini söymək kişilikdən deyil.

Bu sözləri Aydınlar Partiyasının sədri, keçmiş deputat Qulamhüseyn Əlibəyli son günlər fəallaşan sabiq baş nazir Sürət Hüseynovun məqsədlərini Teleqraf.com-a şərh edərkən deyib.

Qulamhüsey Əlibəyli hesab edir ki, Sürət Hüseynovun fəallaşması təsadüfi deyil:

“Zaman keçdikcə, hakimiyyət möhkəmləndikcə və hakimiyyətdə yumşalmalar baş verdikcə "beşinci kolon" adlandırdığımız şəbəkənin üzvləri fəallaşır. Mən Sürət Hüseynovun fəallaşmasını bu amilə bağlayardım. “Ay belə qəhrəman olmuşam, qoymadılar hərəkət edim” deməklə insanlar ona inanmaz. Sən bir ildən çox baş nazir vəzifəsində olmusan. O zaman bacardığını edərdin. Əgər edə bilməmisənsə, əvvəllər işlədiyin hakimiyyəti niyə söyürsən?”.

Partiya sədri ehtimal edir ki, Sürət Hüseynovun fəallaşması xarici faktorla bağlıdır:

“Əslində elə xarici faktorlar Sürət Hüseynovun bu mərtəbəyə çıxmasına səbəb olmuşdu. İndi də yəqin Sürəti qoymurlar oturub rahat yaşasın, deyirlər ki, çıx, danış. Sürət də danışır. Deyərdim ki, “beşinci kolonun” nümayəndələrinin fəallaşması Azərbaycana təzyiq məsədi daşıyır. Bəlkədə bu fəallaşma ilə onların ağaları Azərbaycandan nəsə almaq və ya Azərbaycanın siyasətində nəyisə dəyişdirmək istəyirlər. Təsadüfi deyir ki, Rusiya prezidenti Putin son illərdə SSRİ dağıldıqdan sonra rus torpaqlarının bəzi ölkələrdə qaldığını deyir. Ola bilsin ki, bu iddialarını reallaşdırmaq üçün təsiri altında olanları meydana çıxarıb danışdırmalıdır”.

Mənbə: teleqraf.com