"ABŞ və ÜST arasındakı münasibətlər seçkilərlə bilavasitə bağlıdır"-RƏY

"ABŞ və ÜST arasındakı münasibətlər seçkilərlə bilavasitə bağlıdır"-RƏY

ABŞ hökuməti 2021-ci il iyulun 6-da Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tərk edəcək. Bununla bağlı artıq rəsmi qərar elan olunub və BMT məlumatlandırılıb.
ABŞ hökuməti və ÜST arasında gərginlik bu ilin yazında qeydə alınıb. Vaşinqton bu qurumu pandemiya ilə əlaqədar ölkələri vaxtında xəbərdar etməməkdə, Çinə dəstək verməkdə ittiham edir.

Hazırda pandemiyanın davam etdiyi bir vaxtda bu qərar Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinə necə təsir edəcək? Ümumiyyətlə, ÜST pandemiya dövründə nə dərəcədə faydalı bir qurum kimi özünü göstərdi?

Bu barədə politoloq Nəzakət Məmmədova Sonxeber.az-a danışıb.

Politoloq bildirib ki, 2020-ci ilin əvvəllərində pandemiya yayılmağa başlayanda Rusiya və digər ölkələr Çin ilə sərhədləri bağlayanda ÜST buna qarşı çıxaraq etiraz etdi:

"Bildirdi ki, bu, iqtisadiyyatı zəiflədə bilər və s. Çin Xarici İşlər Nazirliyi də onunla eyni mövqedən çıxış edirdi. Görünür, Trampı ən çox hiddətləndirən bu məsələdir ki, ÜST ABŞ-ın ən böyük rəqibi Çinlə gizli sövdələşməyə getmişdir. İngiltərə mətbuatı da ÜST-nı "çürümüş təşkilat" adlandıraraq Londondan ona ayrılan 200 milyon dollar illik üzvlük haqqının kəsilməsini tələb etmişdi.

Ağ Ev əməkdaşları artıq prezident Tramp üçün ÜST-ə alternativ bir qurum yaradılması ilə bağlı layihə hazırlayırlar. ABŞ Nümayəndələr palatasında demokrat çoxluğun lideri Steni Hoyer prezident Trampı öz qərarına yenidən baxmağa çağırıb. Onun sözlərinə görə ÜST-də struktur islahatları aparılmalıdır ki, Çin və başqa ölkələr onu öz dezinformasiya məqsədləri üçün istifadə edə bilməsinlər.

Buradan da görünür ki, Demokratların namizədi qalib gələcəyi təqdirdə ABŞ və ÜST arasındakı münasibətlər yenidən normallaşa bilər. Bəzi versiyalara görə, təşkilatın büdcəsinin 15 faizini ödəyən ABŞ onu öz kəşfiyyat orqanı kimi görmək istəyir: dünyada səhiyyə ilə bağlı bütün məlumatların ilk olaraq ABŞ ilə bölüşdürülməsi. ÜST isə bunu etməyərək, əksinə, Çinin yalanlarına şərik olaraq koronavirus təhlükəsi barədə ABŞ və digər ölkələri xəbərdar etmək əvəzinə, onu ört-basdır eləməyə çalışıb.

ABŞ Konqresindəki demokratlar Nensi Pelosinin başçılığı altında Trampa qarşı hay-küylü etiraz kampaniyasına başlayıblar və prezidentdən dərhal Konstitusiyaya riayət etməyi tələb ediblər. Konqresin qərarı ilə ÜST-ə ayrılmış vəsaiti prezidentin öz şəxsi istəyi ilə dayandıra bilməyəcəyini ona xatırladıblar. Bu da onu göstərir ki, ABŞ və ÜST arasındakı münasibətlər seçkilərlə bilavasitə bağlıdır. Trampın Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşməsini dayandırmasının bir səbəbi də seçkilərə hesablanmış ola bilər. Seçkilərə yarım il qalıb, ölkə dərin maliyyə problemləri və virusun törətdiyi ağır nəticələrlə üzləşib. Halbuki Tramp uğurlu biznesmen kimi özünün ikinci prezidentlik kampaniyasını da iqtisadi uğurlar üzərindən əhaliyə təqdim etmək istəyirdi. Belə bir şəraitdə ÜST-nin maliyyələşdirilməsinin dayandırılması Trampın praqmatik biznesmen prezident obrazını bir daha möhkəmləndirə bilər.

Bu, ABŞ-ın BMT strukturları ilə ilk qarşıdurması deyil. Birləşmiş Ştatlar 1984-cu ildə də Reyqanın prezidentliyi dövründə SSRİ ilə münaqişə səbəbindən YUNESKO-dan çıxmışdı və yalnız 2002-ci ildə Buşun zamanında yenidən üzvlüyünü bərpa etdi. ABŞ 2017-ci ildə yenidən YUNESKO-dan çıxmağa cəhd edərək, bunun səbəbini əsas bir amillə izah etmişdi ki, təşkilata ən çox üzvlük haqqı verməsinə baxmayaraq, bunun heç bir faydasını görmür, necə ki, indi ÜST-ə qarşı eyni iddialar irəli sürür. ABŞ-ın bir müddət öncə YUNESKO-dan çıxdıqdan sonra, indi də ÜST-dən çıxmaq cəhdlərini onun BMT sistemini tərk etməsinin növbətı mərhələsi kimi qiymətləndirmək olardı. Bundan sonra mərhələli şəkildə təşkilatın digər qurumlarından da uzaqlaşma prosesi davam edəcək, nəticədə Soyuq müharibə dövrünün reallığını əks etdirən BMT tamamilə ləğv oluna bilər.

ABŞ artıq dünyanın idarə olunmasını BMT vasitəsilə, yaxud orada rəqib Rusiya, Çinlə razılaşdırmaqla yox, təkbaşına və ya müttəfiqlərinin, öz yaratdığı koalisiyaların köməyilə həyata keçirmək istəyir. Lakin ABŞ-dakı prezident seçkilərində Tramp seçilməzsə, ABŞ-ın ÜST və digər beynəlxalq təşkilatlarla münasibəti xeyli yaxşılaşacaq".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az