Urmiyə deputatı koronavirusa yoluxub

Urmiyə deputatı koronavirusa yoluxub

Qərbi Azərbaycan vilayətinin Urmiyə şəhərinin parlamentdəki millət vəkili Vəhid Calalzadə koronavirusa yoluxduğunu bildirib. Urmiyəli deputat bu haqda İnstagram səhifəsində məlumat yayıb.

Vəhid Calalzadə bəzi simptomları müşahidə etdikdən sonra test verdiyini, ancaq birinci testin nəticəsi mənfi çıxdıqdan sonra sağlamlıq durumu ağırlaşdıqca ikinci test verərək, koronavirusa yoluxduğunun təsdiqləndiyini bildirib. O, testin nəticəsi müsbət olduqdan sonra şəxsi evində karantinə alınıb.

Calalzadə İran parlamentinin koronavirusa yoluxan 7-ci deputatıdır. Təbriz şəhərinin deputatı və İran parlamentinin rəyasət heyətinin sözçüsü Məhəmməd Hüseyn Fərhəngi 7 deputatın koronavirusa yoluxmasını təsdiq edərək, ötən həftə İran parlamentinin 100 vəkilindən testı alındığını və onlardan 7-nin testinin müsbət çıxdığını bildirmişdi.

İran Azərbaycanının vilayətlərində o cümlədən, Qərbi Azərbaycanda COVİD-19 pandemiyasının təhlükəli vəziyyətdə olduğu bildirilir.

Bu gün iyulun 8-də Şərqi Azərbaycan valisi Purməhəmmədi bu vilayətin 12 şəhərində pandemiyanın çox ağır və təhlükəli mərhələyə keçdiyini bildirib və həmin şəhərlərdə bəzi məhdudiyyətlərin yenidən bərpa olacağını söyləyib.

Purməhəmmədi bu 12 şəhərin Təbriz, Marağa, Mərənd, Miyana, Əhər, Binab, Çaruymaq, Sarab, Sərəskənd (Həştrud), Heris, Culfa və Horand olduqlarını bəyan edib.

Qərbi Azərbaycanda Tibb Elmlər Universitetinin rektorunun iyulun 7-də verdiyi məlumata görə, vilayətdə son 24 saatda 170 yoluxma halı aşkarlanıb və 10 nəfər həyatın itirib.

İran prezidenti Həsən Ruhani iyulun 4-də koronavirus pandemiyasının qarşısını almaq üçün yeni addımları elan etdiyi zaman maska taxmayanlara xəbərdarlıq edərək, onların ictimai xidmətlərdən məhrum olunacaqlarını bildirib.

Mənbə: www.amerikaninsesi.org