İran müttəfiqi Ermənistana xeyir-dua verdi: İsraildə səfirlik aça bilərsiniz...

İran müttəfiqi Ermənistana xeyir-dua verdi: İsraildə səfirlik aça bilərsiniz...

Moderator.az Armenpress-ə istinadən xəbər verir ki, İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Abbas Badaxşan Zohuri, Ermənistanın İsraildə səfirlik açması qərarına toxunub.

Armenpress-in məlumatına görə, İctimai Televiziya Şirkətinə verdiyi müsahibədə səfir Zohuri İranın Ermənistanın qərarlarına hörmətlə yanaşdığını qeyd edib.

O qeyd edib ki, bu illər ərzində İran İsrailə olan münasibətini açıq göstərib, bununla belə çalışıb ki, bu münasibətlər qonşularına problem yaratmasın.

“İsrail həmişə qonşularımızla ən yaxşı münasibətlərimizi korlamağa çalışıb. İran Ermənistanın qərarına hörmətlə yanaşır. Rəsmi şəxslərlə görüşlərimizdə biz həmişə qayğılandığımızı ifadə edirik. Mövqeyimiz budur ki, qonşularımızla yaxşı münasibətlərimiz var və onları korlamaq istəmirik "- Zohuri deyib.

 

Redaksiyadan: Təxminən ilin əvvəllərində İranın Ermənistandakı elə bu səfiri Ermənistanın İsraildə səfirlik açmasını çox narazılıqla qarşılamışdı, hətta bu narazılığı erməni politoloqları dəstəkləmişdi. Arqumentləri də bu olmuşdu ki, Azərbaycanı başdan-ayağa silahlandıran İsraillə dost olmaqdansa, çətin günlərdə həmişə dayağımız, köməyimiz olan İranla həmrəy olmaq daha yaxşıdır. İndi İran ermənistana xeyir-duasını verdi. Sabah İsraildə açılan Ermənistan səfirliyi dinc dayanmayacaq və bütün hiyləgər fəaliyyətləri ilə Azərbaycan-İsrail münasibətlərini korlamağa çalışacaqlar. Səfirin sözlərindən məlum olur ki, onlar” çalışırlar ki, İsrailə görə qonşularla münasibətlərə xələl gəlməsin”. Qonşunun biri də bizik və İranın istəyi ilə biz ciddi bir tərəfdaşımız olan ölkədə hələ də səfirliyimizi açmırıq. Azərbaycan elə zənn etməsin ki, Ermənistan səfirlik açdığına görə İranla münasibətlərində bir gərginlik yaranacaq. Bu olmayacaq! İranı islam həmrəyliyi yox, İran dövlətinin Cənubi Qafqazda mənafeyi maraqlandırır. Bu marağın içərisində həmişə olduğu kimi Ermənistanla dostluq münasibətləri var və işğal olunmuş Azərbaycan torpaqlarının geri qayıtmaması, yəni mövcud vəziyyətin davamı İranın maraqlarına uyğundur.

Azərbaycan təcili olaraq Tel-Əvivdə səfirliyin açılmasına qərar verməli və Ermənistanı qabaqlamalıdır.

 

 

Mənbə: moderator.az