BAMF ölkə prezidentinə müraciət edib

BAMF ölkə prezidentinə müraciət edib

Milli Mətbuatın 145 İllik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb. Sərəncamda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması məsələsinə toxunulub. Bununla bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondununun (BAMF) prezidenti Umud Mirzəyev ölkə rəhbərinə müraciət edib.

“Hələ 80-ci illərin sonundan başlayan Qarabağ münaqişəsi, azərbaycanlıların Ermənistandan deportasiyası, Azərbaycan ərazilərinin işğalı ölkəmizin beynəlxalq mətbuata çıxışının olmaması səbəbindən doğru düzgün işıqlandırılmamış və beynəlxalq ictimaiyyətin diqqətinə yetərincə çatdırılmamışdır. Bu da öz növbəsində erməni avantürasına zəmin yaratmışdır. O vaxtlar xarici jurnalistlərin ölkəmizə səfərləri əksər vaxtlarda şəxsi münasibətlər hesabına reallaşdırılırdı. Həmin jurnalistlərə isə güclü təzyiqlər edilir, yazıları çox vaxt dərc olunmurdu. Bu gün Azərbaycan dövləti, ölkə mediası bu sahədə xeyli nailiyyətlərə imza atıb. Beynəlxalq medianın diqqətini cəlb etmək üçün Ölkə Rəhbərinin təşəbbüsü ilə xeyli uğurlu layihələr icra edilmişdi. Bu işdə Heydər Əliyev Fondunun beynəlxalq media qurumları ilə tərəfdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər, Xocalıya Ədalət kompaniyası və digər təşəbbüsləri xüsusi qeyd etmək lazımdır” deyə Umud Mirzəyev bildirib.

BAMF da münaqişə bölgələrindən obyektiv informasiyanın dünyaya çatdırılmasına yardım göstərmək məqsədi ilə, ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin obyektiv işıqlandırılması üçün 100 lərlə jurnalistin, vətəndaş fəalının, beynəlxalq ekspetlərin müharibədən zərərçəkmiş və işğaldan azad olunmuş ərazilərə səfərlərini təşkil edib.

“Hələ 90-cı əvvəllərindən BAMF-ın ətrafında Azərbaycanı sevən, ən çətin zamanlarda onun yanında olan jurnalist kontingenti formalaşmışdır. Onlardan bəziləri dünyalarını dəyişmiş, bəziləri isə bu gün də fəaliyyətlərini davam etdirirlər. Sözü gedən jurnalistlərdən xüsusi olaraq Yuriy Pompeyev (Rusiya), Riçard Lapaytis (Litva), Modris Auzenş (Latviya), Andrey Edokov, Aleksey Sukanov, Boris Qolovin(Rusiya), Uli Rotfus (Almaniya), Arye Gut (İsrail), Malik Ayub Sumbal (Pakistan), Şohrat Barlas (Özbəkistan), Piter Teys (ABŞ), Cim Klensi (CNN), Aleksandra Broks (Litva), Aleksandr Nekrasov, Adel Dərviş (Böyük Britaniya), Andraş Biro (Macarıstan), Sami Əl-Hacc, Hazem Abuvafta, Ziyad İbrahim (Əl Cəzirə, Qətər), adlarını qeyd etmək istərdim.” Umud Mirzəyev bildirib. Məsələn Ölkə rəhbəri 2016-cı ilin may ayında İstanbulda keçirilən Dünya Humanitar Sammitdə rəsmi görüşlər keçirərkən, Əl Cəzirə televiziyasında ermənilərin aprel döyüşlərində istifadə etdikləri kimyəvi silahın diplomatik nümayəndələrin iştirakı ilə zərərsizləşdirilməsi əməliyyatı dünyaya yayımlandı. Bu ciddi fakt idi. Daha sonra ölkə rəhbəri öz çıxışında bunu dünyaya bəyan etdi. Keçən il Əl Cəzirə televiziyasının ən yüksək texnologiyalardan istifadə edərək BAMF-la birgə ölkəmizlə bağlı hazırladığı hər birisi 25 dəqiqədən ibarət 5 tanıtım filmi ərəb dünyasında ciddi rezonans doğurdu. Və yaxud macar jurnalistlərin Qarabağ münaqişəsindən bəhs edən “Atəşkəs” sənədli filmi Avropada xüsusən Macarıstan və Pribaltika ölkələrində böyük marağa səbəb olmuşdu. Bu siyahını uzatmaq olar. Yəni bu işləri görən əcnəbi jurnalistlər hər cür minnətdarlığa, hər cür mükafata layiqdirlər

BAMF prezidenti jurnalistlərin mükafatlandırılması ilə bağlı sərəncamın həm yerli, həm də xarici KİV nümayəndələri arasında böyük rəğbətlə qarşılandığını deyib. “Uzun müddətdir xarici media nümayəndələri ilə əməkdaşlıq edən, ölkəmizi tanıtmaq naminə geniş tərəfdaşlıq imkanlarına sahib BAMF-ın rəhbəri olaraq hesab edirəm ki, sərəncamın ölkə jurnalistləri ilə yanaşı, Azərbaycanın yanında olan xarici jurnalistlərə də şamil olunması bizim əcnəbi həmkarlarımızın fəaliyyətinin təşviq edilməsinə, eləcə də ölkəmizin beynəlxalq media tribunalarında mövqeyinin daha da güclənməsinə səbəb olardı.” deyə Umud Mirzəyev bildirib.

U. Mirzəyev Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında təmənnasız xidmətlər göstərən Riçard Lapaitis, Arye Gut, Şuxrat Barlas, Malik Ayub Sumbal, Piter Teysin müvafiq qaydada mükafatlandırılması təklifi ilə çıxış etdiyini bildirib. “Riçardis Lapaitis BAMF-la 1992-ci ildən əməkdaşlıq edir. Qarabağ müharibəsi zamanı onun təmas xəttinə yaxın regionlara səfərləri də BAMF-ın dəstəyi ilə həyata keçirilib. O, Xocalı faciəsinin şahidi olmuş azsaylı jurnalistlərdəndir. Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən və Riçardın qəhrəmanı olduğu “Sonsuz Dəhliz” filmi dünyanın 100-dən yuxarı ölkəsində nümayiş etdirilmiş, müxtəlif kino festivallar tərəfindən təltif edilmişdir. Digər bir nominant Hal-hazırda İsraildə yaşayan, əslən Azərbaycandan olan Arye Gut təkcə keçən 3 il ərzində dünyanın ən nüfuzlu qəzet və jurnallarında, aparıcı xəbər portallarında Azərbaycanla bağlı 50-dən yuxarı yazının müəllifidir. Şuxrat Barlas, Malik Ayub Sumbal, Piter Teys erməni terrorizmi, daşnakların azərbaycanlıların başına gətirdikləri müsibətləri, erməni yalanları haqda yazıları dünyaya yayan azsaylı xarici jurnalistlərdəndir.” Umud Mirzəyev bildirib.

“Bu jurnalistlər sayəsində Azərbaycanın haqq səsi, Qarabağ münaqişəsi, erməni terrorizmi ilə bağlı həqiqətlər, post Sovet məkanında, Avropa və Amerika da daxil olmaqla dünyanın müxtəlif ölkələrinə yayılmışdı. Bu insanlar Azərbaycanın mövqeyini təmənnasız olaraq bütün kürsülərdən, bütün tribunalardan çıxış edərək yorulmadan, heç kimdən çəkinmədən müdafiə etmişlər deyə BAMF prezidenti açıqlama verib. O baxımdan da istedadlı, xüsusi xidmətləri olan jurnalistlərimizlə yanaşı, azərbaycanı təmənnasız sevən, ölkəmizə dostluq münasibəti bəsləyən, ağrı acılarına şərik olan xarici jurnalist həmkarlarımızın mükafatlandırılması üçün ölkə rəhbərinə müraciət etdik” deyə BAMF prezidenti vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF BMT qurumları, Beynəlxalq Mətbuat İnstitutu (IPI), Beynəlxalq Sülh Bürosu (IPB), Beynəlxalq Jurnalistlər Federasiyası, dünyanın tanınmış media qurumları ilə həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası (ECRE) və bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

BAMF Mətbuat departamenti

EDNews.net

Mənbə: ednews.net