Deputat koronavirusa yoluxan prezidenti QINADI: “Tərbiyə problemidir”

Deputat koronavirusa yoluxan prezidenti QINADI: “Tərbiyə problemidir”

Dövlət Dumasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki, Gennadi Onişçenko Braziliya Prezidentinin Jair Bolsonarunun mətbuat konfransı zamanı koronavirus infeksiyasına yoluxmasını açıqladıqdan sonra maskasını çıxarmasını axmaqlıq adlandırıb.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, prezidentin səhv addım atdığını bildirib:

“Əlbəttə ki, yüksək davranış mədəniyyəti sərgiləməyib. Əgər yoluxduğunuzu bilirsinizsə, bunu etmək lazım deyil. Ancaq bu təlim-tərbiyə problemidir. Konfrans şüşə arxasından və ya maska ​​ilə keçirilə bilərdi”, - akademik qeyd edib.

O, xatırladıb ki, Bolsonaru CoViD-19 səbəbiylə sərt məhdudiyyətlərin tətbiq olunmasının əleyhinə idi. Eyni zamanda Braziliya prezidentinin özünün yaxşı olduğunu göstərmək istəyinə də şübhə ilə yanaşıb.

Millət vəkili xatırladıb ki, fəsadlar dərhal görünmür, xəstəliyin səkkizinci, on ikinci günlərində üzə çıxır.

Dövlət Dumasının deputatı əlavə edib ki, indi şəxsi gigiyena və təhlükəsizlik tədbirlərini bu istiqamətə yönəltmək lazımdır.

Xatırladaq ki, Braziliya Mətbuat Birliyi (ABI) ölkə prezidentini Ali Məhkəməyə vermək niyyətindədir. Jurnalistlər siyasətçini koronavirus xəstəliyinə yoluxma riskini artırmaqda günahlandırıblar.

Aytən Məftun

Mənbə: publika.az