Polkovnik: “Qarabağda Ermənistana heç bir “çətir” kömək edə bilməyəcək”

Polkovnik: “Qarabağda Ermənistana heç bir “çətir” kömək edə bilməyəcək”

 

“İşğal altında olan Qarabağ üzərində HHM vasitələrinin say tərkibinin çoxalması sayəsində atəşin sıxlığı, məhvetmə zonalarının bir-birini örtməsi, bir hədəfə atəş zamanı 1,2,3, ZRS-in atəş açması imkanların artması bu ərazilərdə uçan hədəflərin məhvetmə ehtimalını yüksəldib”. Bunu Ordu.az-a açıqlamasında Hava Hücumundan Müdafiə sahəsi üzrə mütəxəssis, ehtiyatda olan polkovnik Ramiz Şərifov deyib.


O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin doğma torpaqlarımızı düşməndən azad etdiyi zaman ilk tapşırıqlarından biri vətənimizin bir parçası olan Qarabağ üzərində səmada üstünlüyü ələ almaq olacaq.

“Bunun üçün ilk növbədə biz düşmənin bu ərazilərdə yerləşdirdiyi HHM vasitələrini məhv etmək, ya da döyüş qabiliyyətini itirmiş vəziyyətə gətirməliyik. Ümumiyyətlə HHM vasitələrinin susdurulmasının (məhv edilməsi, döyüş qabiliyyətinin itirilməsi) bir çox taktiki üsulları var. Burada biz bu üsulların əsaslarını və HHM silahlarının tam və ya qismən döyüş qabiliyyətinin itirilməsini nəzərinizə çatdıracağıq. İlk növbədə onu qeyd etmək istəyirəm ki, HHM silahları (ZRK,ZRS) hədəf və raket kanallarına görə bir, iki, üç və daha çoxkanallı olduğuna görə, döyüş zamanı bu kanalların biri, ikisi sıradan çıxsa da HHM silahları məhdud da olsa döyüşə hazır sayılır. Buna görə biz HHM silahlarını susdurmaq üçün yalnız birkanallı sistemi sıradan çıxarmalı və ya məhv etməliyik. Yəni demək istəyirəm ki, məsələn əgər S-125 ZRS-də 4 ədəd 5P74 markalı atıcı qurğu varsa və hər qurğunun üzərində 4 raket yerləşirsə biz bir atıcı qurğunu məhv etsək belə, bu ZRS döyüşə sadəcə 16 raketlə deyil 12 raketlə hazır sayılır. Qarşımıza məqsəd qoysaq ki, biz bu ZRS məhv etməliyik, deməli yalnız Antena postunu sıradan çıxarmalıyıq ki, bütün bu zenit raket sistemi metal yığıntısına çevrilsin. Hərbi Hava qüvvələrinin döyüş taktikasında, HHM sistemlərinin atəş zonalarının yarılması, onların məhv edilməsi (döyüş qabiliyyətini itirmək) üsulları var. HHM silahları inkişaf etdikcə bu üsullar da inkişaf edir”, - deyə Ramiz Şərifov qeyd edib.

Polkovnik qeyd olunan taktiki üsulları sadalayıb:

“1. HHM vasitələrini atəş nəticəsində məhv etmək (artilleriya, yaylım atəş sistemləri, kiçik taktiki raketlər, dron komikadzelər vasitəsilə və s.).

2. Təyyarələrdə olan radioelektron mübarizə vasitələri vasitəsilə düşmənin HHM zenit sistemlərinin işini iflic etmək, təyyarələr və ya digər uçan HHQ vasitələrlə bu ZRS-i birbaşa təyinatla məhv etmək.

3. Hərbi Hava Qüvvələrinin təyyarələrində olan düşmənin radioelektron vasitələrinin işlədiyi ektromaqnit şualarına özü yönələn raket və bombaların tətbiqi (düşmənin ZRS məhvetmə zonasına girmədən).

4. Aviasiyanın taktiki döyüş düzlüşündən istifadə edərək düşmənin HHM sistemlərini məhv etmək (demonstrativ aldadıcı qrup, aktiv və passiv maneə tətbiq edən qrup, bilavasitə düşməni məhv edən qrupun birlikdə tətbiqi).

5. Döyüş başlamazdan əvvəl (döyüş vaxtı) düşmənin istifadə etdiyi ZRS-lərin işlədiyi radiodalğaların uzunluğunu, tezliyini, polyarizə edilən radiokomandalarını aşkarlamaq, döyüş vaxtı isə müxtəlif yerlərdə yerləşdirilən yerüstü simulyatorlar (imitatorlar) vasitəsilə bu sistemlərə “nişangah” (priçel) və geniş diapozonda “qoruyucu” (zaqraditelnıy) rejimdə güclü aktiv maneələrin tətbiq olunması nəticəsində düşmən ZRS-lərin “kor edilərək”, döyüşə hazır olmalarına baxmayaraq bu sistemlərə müxtəlif silahlarla zərbələr endirməklə onları metal yığınına çevirmək.

6. Döyüş başlamazdan əvvəl kiçik diversiya qurupları vasitəsi ilə ZRS-lərin əsas aqreqat və qurğularının məhv edilməsi və ya sıradan çıxarılması (S-125 ZRS antena postu, “Buk M1” antena sistemi SOÇ, “Tor- 2MKM”, “Osa-MKM” antena qurğusu, ümumiyyətlə düşmən silahlı qüvvələrində olan bütün ZRS-in birkanallı sistem və qurğuları).

7. Hava şahinlərimizin düşmən ZRS-lərin məhvetmə zonalarına daxil olmadan yüksək dəqiqlikli, çox böyük partlama və məhvetmə gücünə malik bombalardan istifadə nəticəsində eyni vaxtda bir və ya bir neçə sistemlərin etibarlı şəkildə məhv edilməsi”.

O qeyd edib ki, hazırkı şəraitdə, bütün HHQ mütəxəsislərimiz gecə-gündüz demədən öz peşə hazırlığını yüksəltməli, nəzəri biliklərlə yanaşı döyüş texnikalarında, təyyarə və helikopterlərdə reqlament işlərini praktiki olaraq vaxtında və yüksək səviyyədə həyata keçirməli, düşmənin döyüş arsenalında olan və alına biləcək HHM vasitələrinin texniki xüsusiyyətlərini, onların üstün və zəif cəhətlərini mükəmməl şəkildə bilməlidirlər. Yadda saxlamaq lazımdır ki, hava döyüşlərin nəticəsi, möhkəm nizam-intizam, mütəxəsislərin yüksək peşə hazırlığı, döyüş texnikasının döyüş imkanından vaxtında tam istifadə edilməsindən asılıdır.

“Son zamanlar düşmən ölkənin hərbi rəhbərliyinin pofoslu və hərbi ritorikalı çıxışları əsasən geniş yerli xalq kütləsinə hesablanıb. Həmçinin düşmən ölkə rəhbərliyi Rusiyanın hava çətirinə güvənərək müxtəlif bəyanatlar verir. Amma düşmən unudur ki, Azərbaycan Silahlı Qüvvələri öz əzəli torpağı olan Qarabağı azad etməyə qalxdıqda, bu ərazidə ona heç bir “çətir” kömək edə bilməyəcək”, - deyə polkovnik sözlərini yekunlaşdırıb.

Ordu.az

 

Mənbə: ordu.az