Misir ordusu Liviya ilə sərhədyanı ərazidə hərbi təlimlər keçirib

Misir ordusu Liviya ilə sərhədyanı ərazidə hərbi təlimlər keçirib

 

Qahirə, 10 iyul, AZƏRTAC

Misir Silahlı Qüvvələri ölkənin qərbində - Liviya ilə sərhədyanı ərazidə genişmiqyaslı hərbi təlimlər keçirib.

AZƏRTAC Misirin Dövlət İnformasiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, “Hasm 2020” adlı təlimə quru, dəniz və hava qüvvələri cəlb olunub. Təlimlər Misirin Müdafiə naziri Məhəmməd Zəkinin və Baş Qərargah rəisi Məhəmməd Fəridin komandanlığı ilə keçirilib.

Baş Qərargahın məlumatında bildirilir ki, təlimlərdə hərbi təyyarələr, helikopterlər və ağır texnikanın köməyi ilə muzdlu silahlıların havadan və qurudan zərərsizləşdirilməsi, terrorçuların şərti düşərgələrinin və logistika mərkəzlərinin məhv edilməsi əməliyyatları yerinə yetirilib.

İki gün əvvəl Misir Prezidenti Əbdülfəttah əl-Sisi ölkənin Liviya ilə sərhədlərinin mühafizəsinin gücləndirilməsinə dair ordu rəhbərliyi ilə müşavirə keçirib.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Mənbə: azertag.az