Şeyxin elmi platforması nələrə qarşı sipərdir?

Şeyxin elmi platforması nələrə qarşı sipərdir?

QMİ Sədrinin mövqeyindəki ardıcıllıq kənar güclərə fürsət vermir

Bəşər tarixində dövlətlər mövcud olandan bəri dinə ictimai-siyasi münasibətlərin, insanların yönləndirilməsi üçün mühüm rıçaq kimi baxılıb.

Qədim dövrlərdə, orta əsrlərdə inanc bayrağını qaldırıb ərazi müharibələri, işğalçı yürüşlər təşkil edənlər tarixin yaddaşında izini saxlayıb. Səlib müharibələrindən tutmuş müsəlman dünyasındakı məzhəb əsasında aparılan hərbi münqişələrə qədər olan bütöv bir dövran bu faktorun necə hərəkətverici olduğunu dəfələrlə subut edib.

Çağdaş dövrümüzdə dini faktordan istifadə edib böyük geopolitik davalar aparan qüvvələr daha modern amilə fokuslanıblar: İndi bu siyasətin hədəfində siyasi və iqtisadi maraqları olduğu dövlətin ictimai rəyində söz sahibi olmaq istəyi durur! Bunun üçün insan ruhunun saf və humanist hissini ehtiva edən dini etiqadı imtahan meydanına çeviriblər. Bu platformaya “düzgün ilahi həqiqətlər” iddiası ilə müdaxilələr aktuallaşıb.

Dünyanı başına götürmüş qondarma “mədəniyyətlərarası toqquşma”nəzəriyyəsinin ardıcılları dini dözümsüzlük tezislərini geopolitik savaş prioritetlərinə müncər edərək qanlı dava meydanlarını idarə edirlər. Bu gün dünyada dindən qarşıdurma faktoru kimi istifadə etmək xaos, işğal üçün əsas arqumentə çevilirb. Müqəddəs Quranın “bir-birinizi tanıyasınız deyə sizi qövmlərə ayırdım” mesajını iblisanə niyyətli “din strateqləri” görməzdən gəlməyə üstünlük verirlər. Süni din savaşları bu gün Yəməndə böyük fəlakətin indikatoruna çevrilib, Fələstində on illərdir davam edən etimadsızlıq və qarşıdurmanı idarə edən mühüm elementə dönüb.

Ölkələrin daxilində parçalanma salmaq üçün də bu faktordan yararlanırlar. Türkiyədə FETÖ faktoru, Ukrayna və Rusiya arasında kilsə qarşıdurması neo-müstəmləkəçilik siyasətinin davranışları kimi özünü büruzə verir.

Dünyada geopolitik güclərin MDB məkanına getdikcə artan marağını və diqqətini izləmək mümkündür. Postsovet məkanında nufuz mübarizəsi bir sıra hallarda burada özünün xoşagəlməz siyasi konyukturasını da nümayiş etdirir. Şərqlə Avropa arasında mühüm qovşaq olan Azərbaycanın bölgədə tutduğu yer dünya güclərinin maraqlar mübarizəsinin getdiyi məkandır.

Yuxarıda qeyd etdiyimiz problemlər Azərbaycanın da xüsusi münasibətini tələb edir. Ölkəmizdə dini harmoniya min illik tarixə söykənir. Bu baxımdan Prezident İlham Əliyevin bəyan etdiyi və dövlət siyasəti olaraq yürtütdüyü mulkulturalizm və dini dözümlülük burada yaşayan xalq üçün yad ideyalar deyil. Lakin kənardan bura idxal olunmaq istəyən “yad dini həqiqətlər” bu tolerantlıq mühitinin dağıdılmasına yönəlik siyasi mesajı daşıyır. Bunun qarşısının alınmasında Qafqaz Müsəlmanları İdarəsinin və onun rəhbəri Allahşükür Paşazadənin fəaliyyəti mühüm əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, QMİ sədrinin savadlı və geniş dünya görüşünə malik olması bir çox hallarda ölkədə proseslərin böhranlı vəziyyətdən çıxmasına böyük kömək edib. İlk növbədə qeyd etmək lazımdır ki, QMİ sədri dünyada islam vəhdətinin yaradılmasının açıq və qızğın tərəfdarı kimi tanınıb. Məzhəb və din qarşıdurmasının qəti əleyhdarı olan A.Paşazadənin bu yöndə fəaliyyəti ardıcıl olub. Şeyxülislam dünyəvi elmin fundamental məsələlərinin dinlə heç bir ziddiyyət təşkil etmədiyini hələ 30 il əvvəl müdafiə etdiyi doktorluq işində və kitablarında əks etdirib.

Şeyxülislamın elmi fəaliyyətinin əsasını təşkil edən, redaktoru mərhum akademik Ziya Bünyadov olan “Qafqazda İslam” kitabı bu baxımdan fundamental nəşrlərdən sayılır. Kitabda elmlə dinin vəhdəti məsələsinə xüsusi ilə toxunulur.

Öz əsərində tarix elmləri doktoru olan Allahşükür Paşazadə islam və elmin bir-birini inkar etmədiyini müxtəlif faktlarla və müqəddəs kitabdakı ayələrlə göstərir. Şeyxülislam yazır ki, müasir cəmiyyətin inkişaf meylləri elm ilə dinin “qətiyyən uyuşmazlığı” barədə geniş rəvac tapmış yanlış fikrin əsassızlığını subut edir: “Din ilə elm arasında əzəli və əsla aradan qaldırılması mümkün olmayan ziddiyətlərin mövcudluğu barədə fikirlərlə razılaşmaq olmaz. İnsanı Allaha itaət etməyə çağıran islam eyni zamanda ona düşünməyi, dərk etməyi vacib buyurub”.

Görkəmli alim, akademik Ziya Bünyadov “Qafqazda İslam” əsəri barədə yazdığı rəyində qeyd edib ki, hər şeydən əvvəl fəlsəfi ümumiləşdirmələr aparılıb: “Şeyx sübut edib ki, İslam Qafqazda və başqa regionlarda hərbi-iqtisadi işğal nəticəsində deyil, öz mədəni qüdrəti, mənəviyyat yaratma imkanları sayəsində yayılıb”.

Tarix elmləri doktoru mərhum Seyidağa Onullahinin “Qafqazda İslam” kitabına yazdığı opponent rəyində Şeyxülislamın təhrifə yol vermədən İslam dininin mahiyyətini olduğu kimi açdığını qeyd edib: “Şərh və təhlil etmək üçün tədqiqatçıdan İslam dinini dərindən bilmək, dünyəvi elmlərə yiyələnmək, təbiət və cəmiyyətdə baş vermiş hadisələr və bu hadisələrə İslam dininin qüvvətli təsirini dərindən dərk etmək bacarığı və məharəti tələb olunur. Həmin tələb olunan şərtlər, bütövlükdə, görkəmli din və ictimai xadimi Hacı Allahşükür Paşazadənin bu əsərində mövcuddur” –deyə S.Onullahi yazıb.

Göründüyü kimi QMİ sədrinin elmi yanaşama metodu ənənəvi qaraguruh və “saf din” yaymağa cəhd edənlərə qarşı güclü platformadır. Bu bazaya söykənərək QMİ sədrinin apardığı ardıcıl fəaliyyət ölkəmizə qarşı aparılan ən müxtəlif avantura və məzhəb “səlibçiləri”nin mövqelərini sarsıdır.

Belə mövqe zaman-zaman A.Paşazadənin ictimai xadim kimi din və dövlət siyasətinin ayırıcı və birləşdirici xətlərini müəyyən etməyə, ən müxtəlif təxribatların qarşısının alınmasında kömək edib.

1990-cı ilin yanvarında sovet rəhbərliyinin Şeyxülislama siyasi böhran girdabına düşmüş Azərbaycanda hakimiyyəti götürəcəyi təqdirdə ordunun şəhərə girməyəcəyi barədə avantürist təklifinə QMİ sədrinin sərt davranışı bu ardıcıllığın bariz nümunəsi sayıla bilər. Ermənistanın Qarabağa olan ərazi iddialarına “dini müharibə” donu geydirmək cəhdini darmadağın edən A.Paşazadə bu dava üçün xristian həmrəyliyini əldə etməyə çalışan erməni hiyləgərliyini yerindəcə faş etdi.

QMİ sədri bütün fəaliyyətində dinin siyasətə alət edilməsinin qəti əleyhdarı olub.

Azərbaycanda digər dini konfessiya rəhbərlərinin 1990-cı ildə Şəhidlərin dəfnində birgə iştirakı buna bariz numunə oldu.

Onun bu mövqeyi müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirilib və A.Paşazadə nufuzulu din xadimi olaraq etimad gətirib.

Ötən il Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin deputatı nufuzlu “Ər Riyad” qəzetində səfər təəssüratlarını danışarkən Azərbaycandakı dini tolerantlığdan təəccübünü gizlətməmişdi: "Bakının məscidlərində sünnü və şiə məzhəblərinin mənsubları heyrət doğuracaq şəkildə bir yerdə namaz qılırdılar”-deyə qəzet yazmışdı.

QMİ sədrinin müsəlman ölkələri arasında həmrəyliyə və vəhdətə çağırışı Səudiyyə Ərəbistanı, İran, Misir kimi dini hövzə sayılan dövlətlərin rəhbərləri tərəfindən müsbət qarşılanıb.

Təsadüfi deyil ki, ötən il Misirin paytaxtı Qahirədə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının konfransıda İslam dünyasına xüsusi töhfələri vermiş beş görkəmli müsəlmanın siyahısında Allahşükür Paşazadənin də adı var idi.

A.Paşazadənin digər səmavi dinlərə olan hörməti və əməkdaşlığı bir müsəlman din rəhbəri üçün ciddi mesajı sayıla bilər. Rusiya Pravoslav Kilsəsinin rəhbəri, Patriarx Kiril, Roma Papası Fransisik, və digər konfessiya liderləri ilə xoş və etimada söykənən dostluq münasibətləri çoxkonfessiyalı Azərbaycanda dini dözümlülük və harmoniyanın saxlanmasında öz böyük töhfələrini verib.

Bu mövqe eyni zamanda heç bir tərəfə ölkəmizdə üstün olmağa imkan verməyib.

Belə etimad QMİ-yə xarici ölkələrdə - İspaniyada, Almaniyada, Avstriyada, Maltada tolerantlıq prinsiplərini müdafiə edən uğurlu beynəlxalq konfranslarını keçirməyə imkan verib. Bunların içində ötən il Bakıda keçirilmiş Dini liderlərin sammiti xüsusi yaddaqalan oldu.

Dini dözümsüzlük zəmnində zorakılıqların qarşısının alımmasında dini liderlərin rolu danılmazdır. Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Azərbaycanda cəmiyyət arasında harmoniyanın qorunmasında, siyasi proseslərin böhranlı vaxtlarında mənəvi dəstəyi və bəzən proseslərin önünə çıxması ilə ictimai- siyasi sabitliyi qoruyan ciddi amil kimi çıxış edib.

Vaxtaşırı ona olan hucumların kökündə də tutduğu belə ardıcıl mövqeyi dayanır.

Bu baxımdan şeyxülislam Allahşükür Paşazadə Azərbaycan dövlətinin prioritetlərini dünya trendlərinə bağlayan nufuzulu din xadimi olmaqla bu prosesə öz böyük töhfələrini verir.

“Analitik” Təhlil Mərkəzi

 

 

Mənbə: moderator.az