"Vergi əməkdaşını döydürən parlamentdə hansı qanunu verəcək?"

"Vergi əməkdaşını döydürən parlamentdə hansı qanunu verəcək?"

Azərbaycan parlamentində təmsil olunan deputatların bir qisminin dəfələrlə biznesləri mətbuatda işıqlandırılıb.
BAXAR.AZ xəbər verir ki, bu deputatlar vergi əməkdaşlarını döydürüb, xalqı təhqir edib. Bir hissəsini nəinki xalq, heç seçiciləri də tanımır.
Azərbaycanda biznesmenlər, oliqarxlar parlamentdə təmsil olunur. Bu qanunla qadağandır. Bu nəyin nəticəsidir? Sualımızı Ağ Partiya başqanı Tural Abbaslı cavablandırıb:
"Təəssüf ki, Azərbaycanda ilk dəfə deyil oliqarxlar parlamentdə təmsil olunur. Bu ənənə nazir, komitə sədrlərinə də aiddir. Azərbaycanda deputat, nazir, oliqarx, alverçi sözləri sinonim kimi işlənir. Bu isə dövlətin, dövlətçiliyin inkişafının qarşısını alan amillərdən biridir.
Təsəvvür edin ki, sabah dövlət büdcəsinin artırılması naminə mobil telefonlarının ölkəyə gətirilməsi üçün rüsumların artırılması haqqında Milli Məclisdə qanun layihəsi müzakirəyə çıxarıldı. Tozsoran alverçisi Elnur Allahverdiyev nəyə səs verəcək? Birbaşa marağı var bu qanun layihəsində. Yaxud pampers alverçisi, vergi işçilərini "Relax"da döydürən İqbal Məmmədov kimi adamlar hansı qanunu verəcəklər? Bu məsələlər artıq öz həllini tapmalıdır. Son parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin böyük əksəriyyəti oliqarx, alverçilər oldu. Onun da nəticəsində dövlət və dövlətçilik bu vəziyyətdədir.
Deputatın biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağan olunub. Lakin bunlar qanunu da aldadırlar. Öz şirkətlərini qohum-əqrəbasının adına qeydiyyatdan keçirirlər. Bu parlament birmənalı olaraq buraxılmalıdır. Majoritar seçki sistemi ləğv olunmalıdır ki, Elnur Allahverdiyev, Kəmaləddin Qafarov, İqbal Məmmədov kimi təsadüfi adamlar parlamentə düşməsin. Əks təqdirdə bu insanlardan dövlət, dövlətçiliyə heç bir fayda gözləyə bilməyəcəyik.
Karantin dövründə obyektlərini işlədən adamlardan nə gözləmək olar?"
Qeyd edək ki, karantin dövründə fəaliyyət göstərən, qanunu pozan istirahət mərkəzlərindən biri də deputat İqbal Məmmədovun "Relax" İstirahət Mərkəzidir.

Mənbə: teref.az