“Biz mütəxəssislərin də səhvi böyükdür - hərəmiz bir cür məlumat veririk və nəticədə insanlar depressiyaya düşürlər” - Azərbaycanlı həkim

“Biz mütəxəssislərin də səhvi böyükdür - hərəmiz bir cür məlumat veririk və nəticədə insanlar depressiyaya düşürlər” - Azərbaycanlı həkim

Ötən brifinqlərin birində TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı bildirdi ki, payız-qış mövsümü respirator infeksiyaların yüksəliş dövrü hesab olunur. Ona görə də bu aylar üçün koronavirusla bağlı ciddi hazırlıq görmək lazımdır: “COVID-19-la kliniki əlamətləri oxşar olan çoxlu respirator virus və atipik pnevmoniya törədən bakterial infeksiyalar var. Payız aylarına doğru COVID-19-la mübarizədə müsbət irəliləyişlərə nail olunmasa, xəstəliyin differensial diaqnostikası çətinləşə bilər və tibb müəssisələrinin üzərinə daha çox yük düşər. Ona görə də hər kəs məsuliyyətli olmalıdır. Tibb müəssisələri də bu sahədə müvafiq tədbirlər görməlidir ki, lazım gəldiyi təqdirdə xəstəliklərin diaqnostikasını aparmaq mümkün olsun”.

Nəzərə alaq ki, izolyasiya zamanı insanlar təmiz havadan və aktiv yay tətilindən məhrum olur, çimərliklər bağlanır və güclü immunitet üçün lazım olan D vitamini çatışmazlığı yaranır. Bəs, belə olan halda - evdən çıxmadan, bədənin immunitetini möhkəmləndirmədən, payız-qış aylarında güclənən respirator xəstəliklərdən necə qorunmaq olar?

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, orqanizmdə immun sistemini aşağı salan amillərdən biri də əsəb, stress və psixoloji gərginlikdir. Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə avqustun 1-dək karantin, iyulun 20-ə qədər sərt karantin, sərt karantin dövründə isə həftə sonları daha sərt karantin rejimi tətbiq edilir. Təbii ki, bu qərar onsuz da gərgin olan kütləyə əlavə psixoloji zərbədir ki, bu da immunitetin çökməsinə gətirib çıxarır.
Terapevt-hepatoloq Sevindik Arazov AYNA-ya deyib ki, virusdan qorunmaq üçün ilk növbədə yuxu rejiminə riayət etmək lazımdır: “Yəni ki, axşam saat 21:00-dan səhər saat 04:00-a qədər normal yatan insanın oqranizmində “melatonin” adlı hormon sintez olunur ki, bu da bizim həm immunitetimizi gücləndirir, həm də anti-kanserogen təsir edir. Bu isə bizim əlimizdə olan bir şeydir. Digər tərəfdən, iki saatlıq da olsa, SMS vasitəsi ilə çölə çıxmaq fürsətimiz var. Ondan da bacardıqca səhər saat 08:00-10:00 arasında istifadə etməliyik ki, həm günəş vannası qəbul edək, həm də yürüş edək. Bu, D vitamini deposunu normallaşdırmağa, əzələlərimizin və sümüklərimizin boşalmasına yardım edir”.

“Həkim kimi tövsiyəm odur ki, insanlar normal yuxu rejiminə riayət etsin, pozitiv olsun, səhərdən axşama qədər vaxtını internetdə koronavirusla bağlı məlumat əldə etmək üçün keçirməsinlər. Çünki hər insanın ətrafında güvəndiyi ailə həkimləri var ki, onlardan məsləhət alsalar, daha münasib olar. Bu gün insanları da qınamaq olmaz. Çünki biz həkimlərin də səhvi böyükdür - hərəmiz bir cür məlumat veririk və nəticədə insanlar depressiyaya düşürlər. Nəticə də odur ki, bu dəqiqə insanlarda xəstəlikdən çox qorxu, təşviş və həyəcan hissi var”, - həkim vurğulayıb.

Arazovun sözlərinə görə, məhdudiyyətlər insan orqanizminə zərərli olsa da, mütləqdir: “Çünki biz bunun nəticəsində virus zəncirini qırmalıyıq. Zənciri qırmalıyıq ki, avqust-sentyabr aylarına qədər insanların təmiz havaya çıxa bilməsini, ünsiyyət qurmasını təmin edə bilək. Sərt karantin rejimi olmasa, bu xəstəlik xronikiləşəcək və birinci dalğanın üzərinə ikinci dalğa başlayacaq. Biz hələ ikinci dalğanı görməmişik”.

“Bununla belə, ikinci dalğanın olacağını da düşünmürəm. Çünki çox sayda insan virusa yoluxsa və yoluxan insanlar ikinci dəfə yoluxmasa (ki, bu haqda məlumat yoxdur), ikinci dalğanın olmayacağını düşünürəm. Düzdür, bir müddət əvvəl məlumat yayıldı ki, Cənubi Koreyada 27 nəfərdə təkrar COVID-19-a yoluxma qeydə alınıb. Lakin sonradan məlum oldu ki, ilkin olaraq onların yoluxması koronavirus deyilmiş. Yəni bu günə qədər rəsmi olaraq koronavirusa təkrar yoluxma qeydə alınmayıb. Ən azından, virusa qarşı immunitet formalaşır. Yəni ki, kütlənin 60 faizi koronavirusa yoluxsa, ikinci dalğa olmayacaq. Bu gedişlə də mənə elə gəlir ki, bizdə ikinci dalğa olmayacaq. Çünki virus yaşamaq istəyir və bizə öyrəşəcək, biz həkimlər ya xarici, ya da öz təcrübəmizə əsaslanaraq, artıq virusla mübarizənin necə aparılmasını bilirik və yetərincə virusun ağırlaşmasını aradan qaldıran dərman preparatlarından xəbərdarıq”, - müsahibimiz bildirib.
Psixoloq Fərqanə Mehmanqızı isə AYNA-ya, psixoloji problemlərin immunitetə zərərlərindən danışıb. Bildirib ki, düzgün olmayan qərarlar kütlədə haqlı aqressiyaya səbəb olub: “Çünki həm maddi durum, həm insanların yorğunluğu, azadlıqdan məhrum olma hissinin verdiyi depressiya və xəstəliyin yaratdığı ajotaj xalqda stressə səbəb olub. Stress də immuniteti aşağı salır. Stresdən əlavə də rəsmi qurumlara qarşı xalqda inamsızlıq yaranıb. Qurumlara qarşı yaranan inamsızlıq da artıq karantin tədbirlərinin əhəmiyyətsiz olduğu düşüncəsini formalaşdırıb. Ki, bu da kütlədə əlavə psixoloji xaosa səbəb olub. Təbii ki, bu da immunitetin düşməsinə gətirib çıxarır”.

“Bu gün insanlar işləmir, iqtisadi vəziyyət aşağıdır, istədikləri qədər vitaminli ərzaqlar ala bilmirlər, hətta günəş enerjisi ilə belə, qidalanmaq imkanları məhdudur. Bu, insanlarda gərginlik yaradır. Bu, həm bədənin fiziki gərginliyinə, həm də ruhi-psixoloji gərginliyə səbəb olur. Təbii ki, bu dönəmdə immunitetin aşağı düşməsi, istər koronavirus, istərsə də başqa xsətəliklərin yayılmasına gətirib çıxarır. İnsanlar qorxudan, əsəbdən müxtəlif xəstəliklərə tutulurlar. Amma bunun statistikası aparılmır deyə, bir o qədər hiss olunmur. Bizim gördüyümüz ancaq COVID-19-dur. Amma pandemiya xaosu bitəndən sonra nə qədər xəstəliklər üzə çıxacaq. Bunların hamısı da aqressiya, sterss və gərginliyə görə olacaq. Karantinin stresli davamı yoluxmanın qarşısını aşağı salmayacaq, çünki insanların immuniteti stresdən aşağı düşüb”, - psixoloq qeyd edib.

Mehmanqızı düşünür ki, kütləni maarifləndirmək əvəzinə, qorxu ilə idarə etməyə çalışırlar: “Lakin digər xəstəliklər kimi bu xəstəlik də immunitet güclü olanda insana ciddi mənfi təsir göstərmir. Nə qədər insan var ki, bu gün evlərində koronavirusdan müalicə alırlar. Xəstəxanaya ehtiyac duymurlar. Digər tərəfdən, insanı stresdən qoruyan birinci vasitə işdir. Gigiyenik qaydalara, məsafəyə riayət edərək işimizə davam etsəydik, yoluxma da daha az olardı. Lakin əksi olduğu üçün, həm iqtisadi durum aşağı düşüb, həm də insanların maddi durumu zəifləyib. Kütlə stresdən, əsəbdən inamsızlıqdan bezib. Bu da hər cür xəstəliyə qarşı insanların həssas olmağına gətirib çıxaracaq və çıxarıb”.

“Hətta, insanlarda son günlər intihara meyillər çoxalıb. Hələ karantindən sonra da çox problemlərlə üzləşəcəyik. Ona görə də, ən azından hər kəs fərdi şəkildə özünü qorumağa çalışsın. Hər kəsin həyat tərzi və xarakteri müxtəlif olduğuna görə, axtarıb bir yol tapmalıdır. Çünki bunun ana xətti yoxdur ki, mütləq, ümumi çıxış yolu olsun. Lakin stresdən, gərginlikdən uzaq durmaqla, nəinki koronavirus, heç bir xəstəlik insana toxuna bilməz”, - mütəxəssis əlavə edib.

Mənbə: www.dia.az