Peşə Təhsil Mərkəzinin məzunları üçün onlayn görüşlər

Peşə Təhsil Mərkəzinin məzunları üçün onlayn görüşlər

Bakı, 10 iyul, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan Respublikası təhsil şəbəkəsinin internet operatoru olan “AzEduNet” və “Edumedia-Azərbaycan” şirkətlərinin mütəxəssisləri ilə birlikdə Mərkəzin “Veb dizayner və proqram təminatçısı” ixtisasının məzunları ilə onlayn görüşlər keçirib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən təşkil olunan görüşlər qeyd edilən şirkətlər tərəfindən Mərkəzin təhsilalanları ilə ümumi fəaliyyət istiqamətlərinə dair iş təcrübələrini bölüşmək, təhsilalanların tədris ili ərzində mənimsədikləri bilik və bacarıqlara dair məlumatlanmaq məqsədi daşıyıb. Eyni zamanda, şirkət üçün seçim meyarlarını müəyyən etmək və təhsil müddəti ərzində yüksək nəticə göstərən təhsilalanlara iş imkanları yaratmaq nəzərdə tutulub.

Onlayn görüşlər zamanı şirkətlərin mütəxəssisləri ilə mərkəzin təhsilalanları arasında yeni və interaktiv xidmət və həllərə, İKT xidmətlərinə, müasir avadanlıqların effektivliyi və funksionallığına dair müzakirələr şirkət mütəxəssislərində məzunlara qarşı müsbət fikir formalaşdırıb.

Mənbə: azertag.az