Siyasətdənxaric işlər naziri

Siyasətdənxaric işlər naziri

Xarici İşlər naziri Elmar Məmmədyarov Dövlət Təhlükəsizlik Xidmətinin onun rəhhərlik etdiyi Nazirlikdə apardığı əməliyyatla bağlı bir neçə cümləlik açıqlama verib. Açıqlama demək olarsa. Oxuyanı dəhşət bürüyür.

Gəlin, bir-bir bu cümlələrdəki fikirlərə (fikir demək olarsa) baxaq:

Birinci cümlə: "Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir".

Bizim şərhimiz: Ölkənin ən strateji strukturlarından birinə rəhbərlik edən - işinin əsas hissəsi danışmaq olan adam başçılıq etdiyi nazirlikdə bu boyda hadisədən niyə danışmaq istəməsin ki? Kim deyir, istintaq sirrini açıb ortaya tökün, cənab nazir?! Dövlət sirrinin, strateji informasiyanın mühüm daşıyıcısı olan quruma rəhbərlik edın adam: "Danışaram, ağzımdan istintaq sirri qaçıraram" deyə narahatdırsa, istintaq sirri ilə hadisələrin ümumi şərhi arasında fərqi bilmirsə, bəs Ermənistanı xarici işlər nazirləri ilə bu uzun illər ərzində necə danışıb?! Onda Mnatsakanyanla da danışmayın; birdən dövlət sirrini açmış olarsınız. Bu qədər də məntiqsizlik olmaz.

Sizdən soruşurlar ki, Nazirlikdə korrupsiyaya münasibətiniz necədir? Demirlər ki, DTX-ya verdiyiniz ifadələrin, izahatların məzmnunu açıb ortaya qoyun. Hərçənd ki, XİN-in İşlər İdarəsinin müdiri saxlanılarkən əməliyyat çəkilişində korrupsiya sxemini açıb kamera qarşısında deyib artıq, bircə qalır, yığılan pulların 80 faizinin hara xərclənməsinə aydınlıq gətirmək, neynək, onu da bizə yox, istintaqa deyin. Amma bizə deyin ki, buna görə ən azı siyasi məsuliyyət hiss edə bilirsiniz, ya yox?! Danışmaq istəmirsiniz?! Xeyr, danışmağa sözünüz yoxdur. Qarabağ danışıqları kimi mühüm proses haqqında danışılası qədər açıqlama verə bilirsiniz, 3 məmurunuzun korrupsiya ittihamı ilə həbsinə qiymət verə bilməzsiniz?! İnandırıcı deyil.

 

Elmar Məmmədyarov

İkinci cümlə: "Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər".

Bizim şərhimiz: 16 ildir xarici işlər naziridir, ondan qabaq İtaliyada səfir, ABŞ səfirliyində birinci katib-filan... Belə çıxır ki, 60 yaşlı diplomat hələ də bilmir ki, istintaqın gedişinə təsir etmədən necə danışmaq olar. Əslində nazirin indi oxuyacağınız üçüncü cümləsində bunun cavabı var.

Üçüncü cümlə: "Həbslərə gəlincə, çox təəssüflənirəm".

Bizim şərhimiz: Nəyə təəssüfləndiyi aydın olmur. Belə çıxır ki, dövətin strateji strukturunun və dolayısı ilə bütövlükdə dövlətin imicinə, milli maraqlara zərbə vurulmasına görə deyil, yaxın adamlarının, dostlarının həbsinə görə təəssüflənir. 80:20 nisbətində gəlir-çıxar sxeminin pozulmasına görə də təəssüf varmı görəsən?! Bunu çox dərindən şərh etməyək; istintaq bu suala cavab verəcək. Sadəcə, məntiqin burda özünü reanimasiya cuhazına qoşduğuna diqqət yetirmək istədik. Bu da son deyilmiş; "kulminasiya"ı dördüncü cümlədədir.

Dördüncü cümlə: "İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək istəmirəm".

Bizim şərhimiz: Onu düz deyirsiniz bəlkə də; hamı zatən Sizdən şərh yox, istefa gözləyir, cənab nazir. Zəhmət çəkməyin, biz özümüz şərh edərik. Baxın, hər şeyi qoyaq bir qırağa, 30 ildir müstəqil dövlətik və onun yarıdan çoxunun xarici işlər naziri qonşularla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqları sazişə bağlaya bilməyib. Rusiya son Konstitusiya dəyişikliyi ilə bizə ərazi iddiasını Əsas Qanuna yazdı. Sabah-birisigün çıxıb deyə bilər ki, filan ərazilər mənimdir. Rusiya-Azərbaycan sərhəddində bu yaxınlarda olanları da xatırlayın. Buna izahat və ardınca da istefa vermək olardı məsələn. Yaxud Gürcüstanla bizi sərhəd mübahisəsinə çəkib az qala toqquşdaracaqdılar, xatırlayırsınız yəqin ki. Eləcə də, izahat və istefa vermək üçün Sizin İranla bağladığınız sazişdən tutarlı başqa nə səbəbiniz ola bilər?! (Daha tutarlısı, əlbəttə, Qarabağ danışıqları ilə bağlıdır ki, o da tək Sizlik məsələ deyil. Sayənizdə heç BİZlik də deyil çoxdan). Hələ səfirliklərdə kim nə işlə məşğuldur, ona toxunmuruq.

Yəni Sizin istefa verməyiniz üçün DTX-nin əməliyyatına ehtiyac yox idi ki. Əgər doğru anladımsa, nazir kimi etdiklərinizin və etməli olub etmədiklərinizin şərh olunası bir yanı yoxdur - burda Sizinlə razılaşmamaq olmaz.

...Doğru anlamaq demişkən, bu dörd cümləni Azərbaycanın xarici işlərinə yaraşdırmadım. Ya Siz jurnalistin suallarını doğru anlamamısınız, ya da jurnalist Sizin cavablarınızı yanlış eşidib. Məncə, jurnalist doğru suallar verib, cavabların yanlış eşitməyib, yanlış cavablar eşidib. Bu boyda məntiq "axsaqlığının" - siyasətdənxaric işlərin - "xaric" avazın başqa izahı yoxdur.

Mənbə: www.bizimyol.info