Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi ölkəmizdə vəziyyəti tam nəzarətdə saxlamağa imkan verir

Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi ölkəmizdə vəziyyəti tam nəzarətdə saxlamağa imkan verir

Bakı, 10 iyul, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak etdilər. Prezident İlham Əliyev açılışdan sonra yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində çox mühüm məqamlara toxundu. Dövlətin başçısının üzərində dayandığı diqqətçəkən məsələlərdən biri də koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət idi.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılması nəzərdə tutulur. Beş modul tipli xəstəxana artıq istifadəyə verilib. Bu xəstəxanalardan ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda fəaliyyət göstərir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, xəstəliyin dinamikası əlavə xəstəxanalara ehtiyac olacağını deməyə əsas verir və biz ən kritik vəziyyətə hazır olmalıyıq.

T.Cəfərova deyib: “Prezident İlham Əliyev koronavirusla mübarizə ilə əlaqədar ölkədə modul tipli xəstəxanaların açılmasına xüsusi diqqət yetirir. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır, həmin tibb müəssisələrinin 36-sı dövlət başçısının müvafiq sərəncamları ilə inşa edilib. Məhz Azərbaycan Prezidentinin uzaqgörənliyi nəticəsində ilk günlərdən qabaqlayıcı tədbirlərin görülməsi, məqsədyönlü addımlar atılması bu gün ölkəmizdə vəziyyəti tam nəzarətdə saxlamağa imkan verib.

Dövlət başçısının da qeyd etdiyi kimi, yoluxmanın tempinin yüksək olmasına baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Həm də bu nəzarət təkcə mərkəzdə, iri şəhərlərdə deyil, bütün ölkə miqyasında uğurla həyat keçirilir. Təsadüfi deyil ki, koronavirusla mübarizəyə cəlb olunmuş 45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir”.

Deputat diqqətə çatdırıb ki, pandemiyanın ilk aylarında respublikamızda cəmi 6 laboratoriya olduğu halda, indi onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Beləliklə, son nəticədə laboratoriyaların sayı 44-ə çatdırılacaq. Məhz bu tədbirlərin nəticəsidir ki, Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada təqribən 40-cı yerdə qərarlaşıb. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin yeni istifadəyə verilən modul tipli hospitalı xəstəliklə mübarizədə əlavə imkanlar yaradacaq. Ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayılıqdır. Bu xəstəxanada bütün lazımi şərait yaradılıb. Palatalar, laboratoriya, diaqnostika mərkəzi, həkimlər üçün yaxşı şərait var. Bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni, təqribən iki ay ərzində 2 mindən çox xəstəni burada yerləşdimək mümkün olacaq.

“Pandemiyanın ilk günlərindən qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində bu gün ölkəmizdə vəziyyət nəzarət altındadır. Məhdudlaşdırıcı tədbirlərin görülməsi vətəndaşların sağlamlığının təmin edilməsinə yönəldilib. Dövlətimiz bütün mümkün tədbirlərdən istifadə edir ki, kritik vəziyyəti adlaya bilək. İnanırıq ki, bu çətinliyin də öhdəsindən birlikdə gələcəyik”, - deyə Tamam Cəfərova fikrini yekunlaşdırıb.

Mənbə: azertag.az