Ölkəmizin təşəbbüsləri dünya üzrə koronavirusla mübarizəyə böyük töhfədir

Ölkəmizin təşəbbüsləri dünya üzrə koronavirusla mübarizəyə böyük töhfədir

Dünyanı cənginə almış koronavirusa qarşı mübarizə məqsədilə Azərbaycan hökuməti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsindən əsas məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da, virusun yayılmasının qarşısını almaqdır.
Əgər koronavirusla bağlı dünya üzrə rəsmi statistikanı təhlil etsək, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziyalara verdiyi müsahibəsində də ölkəmizdə bu sahədə vəziyyətin yaxşı mənada fərqli olduğunu bildirib: “Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər... Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq”.
Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. Buna görə də dünyada Azərbaycana olan inam və etimad daha da güclənmişdir. Bunu Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans formatında Zirvə görüşü bir daha sübut etdi. Həmin görüşdə Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Çox keçmədi ki, dövlət başçımızın həmin təşəbbüsü BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəkləndi. Bu, böyük tarixi hadisədir.
Yalnız işğalçı Ermənistan bu təşəbbüsə qarşı çıxmaqla, zəruri bəşəri həmrəylik göstərmədi. Əslində, bu, təəccüb də doğurmur. Çünki bütün dünya COVID-19-a qarşı mübarizədə dünya həmrəyliyin vacibliyini anladığı halda, Ermənistan öz mahiyyətinə uyğun olaraq qlobal xarakter daşıyan təşəbbüsdən kənarda qaldı. Bundan bir qədər əvvəl - iyunun 18-də Azərbaycan Prezidentinin Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş nazirini terroru dəstəkləyən dövlət kimi növbəti dəfə əsaslı faktlarla ifşa etdiyini də yaxşı xatırlayırıq. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd etmişdi. Azərbaycan Prezidenti isə vurğulamışdı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir.
İnanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səyləri birləşdirməklə, COVID-19-a qarşı mübarizədə birlik və həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq.

 

Seyfəddin ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri

Mənbə: xalqqazeti.com