"Mən 20 ildir ki, bu fikirləri deyirəm"

"Mən 20 ildir ki, bu fikirləri deyirəm"

Milli Şuranın videoiclaslarında müzakirə edilən biabırçı məsələlər bir müddətdir ki, cəmiyyətə də məlum olur. İclaslarda gedən anormal müzakirələr və davranışları əks etdirən videogörüntülər yayılmaqda davam edir.
Bir neçə gün öncə Milli Şura üzvlərinin onlayn iclasından daha bir ifşaedici video yayılıb. Məlum olub ki, Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimlinin əlaltılarından olan Rahim Hacıyev Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” elan edib və bu cür anormal təbliğata başlayıb. İclas iştirakçıları buna ironiya ilə yanaşıblar. Cəmil Həsənli bu cür kampaniya aparılmasına etiraz edərək bildirib ki, belə təbliğat ictimai rəydə onlara qarşı əlavə qıcıq yaradır. Daha sonra Gültəkin Hacıbəyli, Vidadi Mirkamal da Rahim Hacıyevə etiraz edib.
Rahim Hacıyev tənqidlərdən sonra da iddiasından dönməyib, deyib ki, “vaxt gələcək hamınız o fikirdən artığında olacaqsınız”.
Ardınca isə Qənimət Zahid “Yaxşı, Topçubaşovdur. Allah xeyir versin” söyləyib və gülüşüblər. Sonra Qənimət Zahid Rahim Hacıyevə müəyyən mənada haqq qazandırdığını deyib, bütün diqqəti Əli Kərimliyə, onun blokadaya alınmasına (?) yönəltməyə səsləyib.
O, daha sonra növbəti ifşaya başlayaraq tövsiyə edib ki, Əli Kərimliyə qarşı guya şiddətli təzyiq olması, onun blokadaya alınması fikrini geniş yaymaq, bunun üstünə çox getmək lazımdır. Fikrini də belə əsaslandırıb ki, Əli Kərimlinin guya blokadada olması təbliğatının daha şiddətli aparılması onların hamısının qoruyucu amilinə çevrilə bilər və ən əsası, bundan böyük dividend qazanarlar.
Beləliklə, cəmiyyət Milli Şura üzvlərinin Əli Kərimlini “Zəmanəmizin Məhəmməd Əmin Rəsulzadəsi” elan etməyə cəhd etməsinin də şahidi oldu. Tarixçi Cəmil Həsənli buna qarşı çıxıb və fikrini belə əsaslandırıb ki, ictimai rəy bundan qıcıqlanar. Bəs Cəmil Həsənli Əli Kərimlini niyə “Rəsulzadə” olmağa qoymur? İctimai rəy niyə qıcıqlanar? Rəsulzadə mövzusu nədən bu qədər həssasdır?
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, ən doğrusu tarixi şəxsiyyətləri rahat buraxmaq, onların adından sui-istifadə etməməkdir: “Azərbaycan Xalq Cümhuriyyətinin və qurucularının, böyük dövlət xadimlərinin irsi Azərbaycan dövlətinin, xalqının milli sərvətidir və heç bir şəxs, siyasi qüvvə tərəfindən inhisara alına bilməz. Mən, ümumiyyətlə, tarixi şəxsiyyətlər və onların irsi ilə bağlı xüsusi qanun layihəsinin hazırlanmasının və qəbul olunmasının tərəfdarıyam. Cümhuriyyətin və qurucularının, digər tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, Azərbaycan xalqının milli şüurunun, mədəniyyətinin formalaşmasında müstəsna xidmətləri olan soydaşlarımızın adlarından siyasi və digər məqsədlər üçün istifadə qanunla qadağan edilməlidir və İnzibati Xətalar Məcəlləsində bununla bağlı cərimələr müəyyənləşməlidir. Siyasi partiyalar öz platformaları, proqramları ilə gündəmə gəlməlidir, tarixi şəxsiyyətlərin adları, ideyaları arxasında gizlənərək yox!”.
E.Mirzəbəyli qeyd etdi ki, kimin, yaxud hansısa siyasi təşkilatın bu və ya digər tarixi şəxsiyyətin ideyalarına, irsinə sadiq olması və digər bu kimi iddialar ölçü vahidinə, müzakirə mövzusuna çevrilməməlidir: “Biz nəhayət ki, bu mərhələni adlamalı, siyasi arenaya öz adımızla, prinsiplərimizlə və konkret, ölçüyə gələn proqramlarımızla çıxmağı bacarmalıyıq. Mən 20 ildir ki, bu fikirləri deyirəm. Əli Kərimlinin Məhəmməd Əmin Rəsulzadə ilə müqayisə edilməsi bu düşərgədə yaşanan deqrodasiyanın son həddidir. Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı bəyannaməni qəbul edən, heçdən bir bayraq, bir dövlət yaradan Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadə ilə xarici bir ölkənin layihəsi olan, sonradan isə əldən-ələ keçən ”Milli Şura" adlı “5-ci kolon” yığınağına de-fakto rəhbərlik edən, siyasi ritorikadan başqa heç bir xüsusi keyfiyyəti, milli ideologiyanın, siyasi fəlsəfənin yanından ötüb keçmək potensialında olmayan bir siyasi marionetin müqayisə edilməsi gülüncdür və yumşaq desək, heç bir ölçüyə sığımır. İctimai rəy də şübhəsiz ki, buna görə qıcıqlanır. Cəmil Həsənlinin etitazının səbəbi isə onun Rəsulzadəyə olan sevgisi ilə bağlı deyil. Sadəcə, başa düşür ki, belə ucuz təbliğat elementləri onsuz da gözdən düşmüş “Milli Şura”nı daha da gözdən salır. Yəni Həsənlinin etirazı sırf siyasi korporativ maraqlardan qaynaqlanır".
Cümhuriyyətimizin qurucuları, həmçinin Şərqdə ilk demokratik respublikanın qurulmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə mövzusunun həssaslığına gəldikdə isə, politoloqun sözlərinə görə, bu, təkcə adını çəkdiyimiz böyük tarixi şəxsiyyətimizlə, bağlı deyil. “Azərbaycan xalqı öz tarixi şəxsiyyətlərini, dövlət qurucularını, sərkərdələrini sevir, onlara böyük ehtiram göstərir. Tariximizlə, mədəniyyətimizlə yanaşı, tarixi şəxsiyyətlərimiz də milli identikliyimizin göstəriciləridir. Bir millətin əldə etdiyi ən böyük nailiyyət onun dövlət qurmaq bacarığına malik olmasıdır. Azərbaycan və türk tarixində qurulan, bərpa edilən bütün dövlətlərin qurucuları, liderləri bizim başımızın tacıdır, qürur mənbəyimizdir, bizi millət olaraq ayaqda saxlayan dəyərlərdir. Bu dəyərlərə kimsənin əl uzatmağa haqqı yoxdur!”
“Yeni Müsavat”
 

Mənbə: www.dia.az