Ermənistan prezidenti qəfildən Qarabağa gəldi

Ermənistan prezidenti qəfildən Qarabağa gəldi

Ermənistan prezidenti Armen Sərkisyan qəfildən işğal altındakı Azərbaycan ərazilərinə növbəti dəfə qeyri-qanuni səfər edib.

Turkustan.info bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, Ermənistan prezidenti iyulun 10-da Dağlıq Qarabağa “işgüzar səfər edib”.

İşğal altındakı Xocalı aeroportunda separatçılar tərəfindən qarşılanan A.Sərkisyan daha sonra Xankəndi şəhərində baş separatçı, oyuncaq qurumun lideri Araik Arutyunyanla görüşüb. Prezident Sərkisyan erməni separatçıya uğurlar arzulayıb, qondarma qurumun keçirdiyi “parlament və prezident seçkilərini demokratik” adlandırıb.

Görüşdə Dağlıq Qarabağın güclənməsi və inkişafı ilə bağlı məsələlərin müzakirə edildiyi bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyan da gözlənilmədən işğal zonasına gəlmişdi. Ermənistan prezidentinin də bir neçə gün Qarabağda qalacağı bildirilir.

Artıq bir neçə saatdır ki, Ermənistanın Prezident Aparatı bu qanunsuz səfər barədə xəbər yayıb.

Ancaq təəssüf ki, Azərbaycan XİN hələlik beynəlxalq birliyə, Bakını hərbi ritorikadan çəkinməyə çağıran həmsədrlərə etiraz bəyanatı göndərməyib. Əslində danışıqlara zərbə vuran bu səfərlərin qarşılığında XİN BMT-yə rəsmi etiraz etməli, Ermənistan rəhbərliyinin dərhal və qeyd-şərtsiz torpaqlarımızdan rədd olması tələbini ortaya qoymalı, ordu döyüş hazırlığı vəziyyətinə gətirilməli idi. Nə qədər ki, bu olmayacaq, düşmən ölkədən belə səfərlər adi hal alacaq… /Musavat.com/

 

 

Mənbə: turkustan.info