“Türkiyə Azərbaycanda iki hərbi baza formalaşdırmalıdır” - tanınmış politoloq

“Türkiyə Azərbaycanda iki hərbi baza formalaşdırmalıdır” - tanınmış politoloq

Elxan Şahinoğlu: “Bu baş versə, həm işğalçı Ermənistana, həm də Rusiyaya ciddi mesaj olacaq...”

Regionun lider dövlətlərindən birinə çevrilmiş Türkiyə Qətərdən sonra Liviyada da hərbi bazalar qurur. Qeyd edək ki, Türkiyənin Qətərdəki ilk hərbi bazası paytaxt Dohadan cənubda 2015-ci ilin oktyabrından fəaliyyət göstərir. Təkcə həmin bazada 3 minədək hərbçi xidmət edir. Bunun ardınca Ankara Qətərdə ikinci hərbi bazanı qurmuşdu.

Bunun ardınca digər müsəlman dövlətində hərbi bazanın qurulması bir sıra gücləri ciddi narahat edib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 8-də İngiltərənin baş naziri Boris Consonla görüşüb. İngiltərə görüşlərində Liviya mövzusunun da müzakirə olunduğunu bildirən Çavuşoğlu deyib: “Birləşmiş Krallıq da, biz də ən yaxşı həllin siyasi danışıqlar yolu olduğunu düşünürük”.

Bundan öncə isə Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın ölkənin Liviyada qanuni Trablus hökumətinə dəstəyinin bundan sonra da davam edəcəyini demişdi. Qeyd edək ki, Türkiyə Liviya qanuni hökumətinin istəyi ilə ötən il Hərbi Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi imzalanıb. Bu günlərdə isə Liviyanın ingilisdilli nəşri “The Libyan Observer” Türkiyənin Liviyadakı iki hərbi bazanı öz qüvvələrini yerləşdirmək üçün təchiz etməyi planlaşdırdığı barədə məlumat verib. Qaynarinfo xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən yazan nəşr, Marşal Haftarın Liviya Milli Ordusu ilə döyüşlərdə Ankaranın Milli Saziş Höküməti ordusuna verdiyi yardım çərçivəsində iki ölkənin hərbi əməkdaşlığı gücləndirməkdə davam etdiyini qeyd edib.

Rəsmi Tripolinin qələbəsindən sonra türk qoşunları üçün iki bazanın yaradılması nəzərdə tutulur. Söhbət Türkiyənin hava hücumundan müdafiə sistemləri və dronlar yerləşdirməyi planlaşdırdığı Əl-Vatiya aviabazasından gedir. Türkiyə Silahlı Qüvvələrinə verilə biləcək ikinci baza Misratda yerləşir. “Həmçinin qeyd olunur ki, yenidənqurma layihələri (baza altındakı hərbi infrastruktur) artıq yaradılmağa başlayıb, çünki Türkiyə 9 illik dağıdıcı müharibədən sonra yenidənqurmaya töhfə verməyə hazır olduğunu nümayiş etdirməyə çalışır”, - deyə məqalədə bildirilir. Bundan əlavə, materialda deyilir ki, Liviya və Türkiyənin neft hasilatı üçün ortaq layihələrə başlaması gözlənilir. Yayılan məlumatlara gör, Liviyada daha 2 hərbi baza Türkiyənin istifadəsinə veriləcək. Belə ki, Türkiyə-Liviya arasındakı hərbi əməkdaşlıq çərçivəsində Haftardan geri alınan Vatiyyə hərbi bazasına Türkiyə rəhbərlik edəcək. Bazaya türk PUA-larının və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır. Axar.az-ın xəbərinə görə, Misirata limanı da dəniz bazası kimi Türkiyənin istifadəsinə veriləcək. Bildirilir ki, dənizdə neft yataqlarının böyük hissəsi Türkiyəyə məxsus olacaq. Bölgədə qazma işlərinin təhlükəsizliyi üçün türk gəmilərinin mövcudluğu da zəruri görünür.

NATO-nun aparıcı dövlətlərindən olan Türkiyənin NATO üzvü olmayan ikinci müsəlman ölkəsində hərbi bazalar yaratması bir məsələni yenidən aktuallaşdırır: Azərbaycanda niyə Türkiyə bazası olmasın?

Qeyd edək ki, bu barədə uzun illərdir danışılır. Xüsusilə də Ermənistanın öz havadarlarına arxalanaraq Azərbaycan ərazilərini işğal etməsi və torpaqların ilhaqından əl çəkməməsi bu məsələni daim aktual edir. Üstəlik, işğalçı Ermənistanda Rusiyanın hərbi bazasının mövcudluğu da Bakı-Ankara hərbi əməkdaşlığına geniş zərurət yaradır. Düzdür, iki ölkə arasında hərbi əməkdaşlıq xeyli inkişaf edib, ancaq bu, bazaların qurulmasına gətirib çıxartmayıb. O da vurğulanmalıdır ki, Ermənistan həm Türkiyə, həm də Azərbaycan torpaqlarına iddia edir. Elə isə birgə hərbi bazaların yaradılması məsələsində yolu kəsən nədir?

Bu mövzunun davamlı təbliğatçılarından biri olan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a öz düşüncələrini bölüşdü: “Liviya Milli Barışıq Hökuməti Türkiyəyə Əl Vatiyyə bazasını vermək məsələsini həll edib. Ankara burada hava hücumundan müdafiə sistemlərini və hərbi dronları yerləşdirməyi planlaşdırır. Türkiyənin Liviyadakı ikinci hərbi bazası isə Misrata limanında yaradılacaq. Burada Türkiyənin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin yerləşdiriləcəyi nəzərdə tutulur. Bu hərbi baza da Türkiyə üçün vacibdir. Türkiyənin Liviyanın xüsusi iqtisadi zonasındakı dəniz yataqlarından neft çıxaracaq şirkətlərinə ortaq ola biləcəyi, Türkiyənin hərbi gəmilərinin varlığının qazma işlərinin təhlükəsizliyinin təminatı üçün zəruridir. Türkiyəni Aralıq dənizində sıxışdırmaq istəyən dövlətlər var. Türkiyə son illərdə bölgənin aparıcı gücünə çevrilib. Türkiyə Cümhuriyyəti tarixində bu ölkə eyni zamanda sərhədlərindən kənarda 3 ölkədə - İraqda, Suriyada və Liviyada hərbi əməliyyatlar həyata keçirir. Bu Türkiyənin bölgədə hərbi bazalar yaratmasını da aktuallaşdırır”.

E.Şahinoğlunun sözlərinə görə, vaxtilə deyirdilər ki, Türkiyə NATO üzvü olduğundan qurumun kollektiv icazəsi olmadan başqa ölkədə hərbi baza yarada bilməz: “Ankara bu arqumenti Qətərdə hərbi baza yaratmaqla ortadan qaldırdı. Həmin hərbi bazalar ilk növbədə Qətərin özünə lazım idi. Çünki bir neçə il əvvəl Qətərin qonşu ərəb dövlətləriylə münasibətləri gərginləşdi. Səudiyyə Ərəbistanı Qətərə qarşı bir neçə maddəlik ultimatum irəli sürdü, ətrafında ittifaq yaratmaqla Dohaya qarşı sanksiyalar tətbiq etdi. Türkiyə Qətərdə hərbi baza yaratmasaydı, Dohanın ciddi təhlükəsizlik problemləri yaranacaqdı. Türkiyənin Qətərdəki hərbi bazası Ankaranın bölgədə artan roluna işarə idi. Bundan sonra Türkiyə İraqda PKK ilə mübarizə aparmaq üçün dağ massivlərində hərbi postlar yaratdı. Əslində həmin postları da kiçik hərbi bazalar hesab etmək olar. Türkiyə Somaliyə humanitar və iqtisadi yardım etdikdən sonra bu Afrika ölkəsi ilə hərbi əməkdaşlıq imkanlarını hərəkətə gətirdi. Türkiyənin Suriyada hərbi varlığı da inkarolunmaz faktdır. Hazırda Türkiyə Liviyada möhkəmlənir. Keçmişdə bəziləri deyirdi ki, Türkiyənin Liviyada və ya Suriyada nə işi var? Bu sual hazırda aktuallığını itirib, Türkiyədə hakimiyyətə müxalif olanlar belə anlamağa başlayıblar ki, Türkiyə İraqda, Suriyada, Liviyada və Somalidə hərbi varlığını ortaya qoymasa, oralarda Türkiyəni qəbul etməyən dövlətlərin hərbi bazaları olacaq və bu amil Türkiyə üçün gələcəkdə ciddi təhdidə çevriləcək. Bu baş verməsin və Türkiyənin bölgədəki rolu hamıya aydın olsun deyən Ankara dost dövlətlər və qüvvələrlə hərbi əməkdaşlığını genişləndirmək siyasətinə üstünlük verir və bu strateji baxımdan doğru siyasətdir”.

Politoloqun fikrincə, Türkiyənin hərbi baza quracağı növbəti ölkə Azərbaycan olmalıdır: “Azərbaycan öz torpaqlarını azad etmək istəyir. Biz Ermənistanla qarşı-qarşıya qalsaq, Dağlıq Qarabağ və ətraf rayonların boşaldılması məsələsini çoxdan həll etmişdik, bunu ermənilərin özləri də etiraf edirlər. Ancaq Ermənistanın arxasında Kreml və Rusiyanın Ermənistandakı hərbi bazaları dayanır. Azərbaycanın müdafiə naziri Zakir Həsənov da son müsahibəsində etiraf etdi ki, 2016-cl ilin aprel savaşının 4-cü günündə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ona zəng etdi və hücumu dayandırmağı xahiş etdi. Yəni bu zəng olmasaydı, Azərbaycan ordusu daha çox ərazini işğaldan azad edəcəkdi. Bu, ondan xəbər verir ki, növbəti savaşda Rusiya yenidən bizə torpaqlarımızı azad etməyə mane olacaq. Biz bu əngəllərə rəğmən, döyüşləri davam etdirsək, Rusiyanın Ermənistandakı hərbi bazaları 1990-cı illərin əvvəllərində olduğu kimi erməni separatçılarına dəstək verəcək. Bunun qarşısının almağın yolu Türkiyənin Liviyada olduğu kimi, Azərbaycanda iki hərbi bazasının yaradılmasından gedir. Birinci baza Naxçıvanda, digəri Abşeronda formalaşdırılmalıdır. Türkiyənin Abşeronda hərbi hava qüvvələrinin yerləşdirilməsi zəruridir”.

E.Şahinoğlu qeyd etdi ki, bu, baş versə, həm işğalçı Ermənistana, həm də Rusiyaya ciddi mesaj olacaq: “Biz də təhlükəsizliyimizə təminat almış olarıq ki, kimsə Azərbaycana hücum etməyəcək, dövlətimizi bölməyə çalışmayacaq. Bəziləri bu fikrin əleyhinə çıxaraq deyir ki, guya Türkiyə Azərbaycanda hərbi bazalar yaratsa, biz qardaş dövlətin təsiri altına düşəcək və ondan asılı olacağıq. Əlbəttə, hərbi bazaların yaradılması halında Türkiyədən asılılığımızın artacağını istisna etmirəm. Aydındır ki, bir dövlət səni qoruyursa, həmin dövlətin maraq və istəklərini nəzərə almalısan. Ancaq hazırki vəziyyətdə hesab edirəm ki, bizim üçün vacib olan dövlətimizin təhlükəsizliyini sonsuzadək təminat altına almaq və işğalçıya, o cümlədən onun arxasındakı dövlətlərə və güclərə göz dağı verməkdir. Biz tək Ermənistanla bacararıq, ancaq onun arxasındakı güclərə müqavimət göstərmək üçün Türkiyənin yardımına ehtiyacımız var. Bunun yolunda xarici və təhlükəsizlik siyasətini Türkiyə ilə uzlaşdırmağa dəyər. Məgər Türkiyənin hərbi bazalarının var olduğu Qətər Ankaradan tam asılı vəziyyətə düşüb? Bəli, bunun qarşılığında Qətər Türkiyəyə milyardlarla dollar yatırım qoymağa boyun olub. Ona qalsa, Azərbaycan hərbi bazalar mövzusu olmadan da Türkiyəyə ən böyük yatırım qoyan ölkələrdəndir. Türkiyənin Azərbaycanda hərbi bazalar yaratmasına heç nə mane olmur, yetər ki, biz bunu istəyək”.

 

 

Mənbə: moderator.az