İranın Suriyadakı hərbi karvanı məhv edildi

İranın Suriyadakı hərbi karvanı məhv edildi

Suriyanın şərqində yerləşən Deyr əz-Zor bölgəsində Bəşər Əsəd rejiminin tərəfində döyüşən və İranın dəstəklədiyi terrorçu qrupları daşıyan maşın karvanları havadan bombalanıb.

Cebhe.info-nun məlumatına görə, Əlbukamal rayonunda baş verən aviazərbələr nəticəsində 35 yaraqlı öldürülüb. Məhv edilənlərdən iki nəfəri silahlı qrupların başçılarıdır. Lakin hava əməliyyatını keçirən tərəfi müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, bu son 8 gündə ikinci analoji hadisədir. İyulun 3-də də İrana bağlı yaraqlılar Mayadin rayonunda naməlum döyüş təyyarələri tərəfindən bombalanmışdı.

Neft və qaz yataqları ilə zəngin olan Deyr əz-Zor bölgəsi İranın Livana quru yolları vasitəsilə çıxışını təmin edən ərazi hesab edilir. İraq və İordaniyadan gələn boru kəmərləri, həmçinin ticarət yolları da Deyr əz-Zordan keçir. 2017-ci ildə Bəşər Əsəd hakimiyyətinin İŞİD terrorçuları üzərində qələbəsindən sonra Deyr əz-Zor İrandan dəstəklənən silahlıların nəzarətinə keçib. Sünni ərəblərin yaşadığı Deyr əz-Zorda İran, İraq, Əfqanıstan, Pakistan və Livandan gəlmiş muzdlu şiə yaraqlıları, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsgərləri üstünlük təşkil edir.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info