Prezident Zelenski pandemiya və daşqın dövründə Türkiyənin Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Prezident Zelenski pandemiya və daşqın dövründə Türkiyənin Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Kiyev, 11 iyul, AZƏRTAC

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Cümhuriyyətinin Milli Müdafiə naziri, Ukraynada işgüzar səfərdə olan Hulusi Akar ilə görüşdə koronavirus pandemiyası və daşqın dövründə Ukraynaya göstərilmiş yardıma, həmçinin Ukraynanın müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə Türkiyəyə və şəxsən Prezident Ərdoğana təşəkkürünü bildirib.

AZƏRTAC Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkiyə hökumətinin nümayəndəsi hərbi sahədə Ukrayna-Türkiyə əməkdaşlığının inkişaf dinamikasını yüksək qiymətləndirib. Qeyd edilib ki, tərəflər 2020-ci ilin iyun ayında Ukraynanın NATO-nun “Genişlənmiş imkanlar tərəfdaşlığı” proqramına qoşulması kontekstində sıx qarşılıqlı fəaliyyətə hazırdırlar. Tərəflər Qara dəniz və Azov dənizi regionunda təhlükəsizlik məsələlərinə dair ikitərəfli məsləhətləşmələr mexanizmi yaratmağın mümkünlüyü məsələsini müzakirə etmək barədə razılığa gəliblər.

Vladimir Zelenski Ukrayna silahlı qüvvələri üçün zəruri mallar alınmasına yönəlmiş maliyyə yardımına, habelə Vətəni müdafiə edərkən həlak olmuş ukraynalı döyüşçülərin uşaqlarının və ailə üzvlərinin Türkiyədə müalicəsinə göstərilmiş köməyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib. Tərəflər müdafiə sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş bağlanmasının mümkünlüyünü müzakirə etmək barədə razılığa gəliblər. Söhbət zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın bir sıra praktiki məsələlərinə də toxunulub.

Rüstəm Məmmədov

AZƏRTAC

Kiiyev

Mənbə: azertag.az