Deputat: “İqtidar-müxalifət münasibətlərində yeni siyasi münasibətlər sisteminin formalaşmasını görməkdəyik”

Deputat: “İqtidar-müxalifət münasibətlərində yeni siyasi münasibətlər sisteminin formalaşmasını görməkdəyik”

“Son bir neçə ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, siyasi sahəni də əhatə etməkdədir. Siyasi sahədə həyata keçirilən islahatlar nəticəsində ölkədə siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev Azərbaycanda həyata keçirilən iqtidar-müxalifət dialoqu və siyasi partiyaların rəsmi qeydiyyatı ilə bağlı məsələni şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, biz son zamanlarda indiyədək iqtidar-müxalifət münasibətlərində müşahidə etmədiyimiz tamamilə yeni siyasi münasibətlər sisteminin formalaşmasını görməkdəyik.

“Görünən odur ki, hakimiyyət iqtidar-müxalifət münasibətlərin sivil qaydalara uyğun qurulmasında, davamlı olmasında, bunun bir ənənə halını alınmasında maraqlıdır və bu məsələdə cənab Prezidentin də siyasi iradəsinin ortada olduğuna şahidlik etməkdəyik. Bu özünü istər son zamanlarda uzun illər fəaliyyət göstərən bir sıra siyasi partiyaların rəsmi dövlət qeydiyyata alınması, istər müxalif siyasi qüvvələrlə iqtidarın görüşünün keçirilməsi və onların ölkədəki vəziyyətlə bağlı mövqelərinin öyrənilməsi, istər hakimiyyətin qanunverici orqanı olan Milli Məclisdə müxalifət partiyaların yüksək vəzifələrdə təmsil olunması, istər mediada fərqli düşüncəli qüvvələrin, iqtidar-müxalifət qüvvələrin debatları və sair formada təzahürünü göstərir. Elə bu günlərdə Milli Məclisdə parlament sədri Sahibə xanım Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə siyasi partiyaların görüşlərinin keçirilməsi ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində atılan əməli addımdır. Yəni hakimiyyət öz əməli fəaliyyəti ilə bunu sübut etməkdədir. Hakimiyyətin bu addımı da müxalifət qüvvələrin mütləq əksəriyyəti tərəfindən müsbət dəyərləndirilməkdədir. Siyasi qüvvələr əmindirlər ki, həyata keçirilən bu siyasət nəticə etibarı ilə fərqli düşüncəli partiyaların ölkənin inkişafı, milli marqlar naminə mövqelərin bir araya gətirilərək, dialoqun qurulması yeni siyasi münasibətlər sisteminin inkişafına öz töhfəsini verəcək”- deputat bildirib.

Deputat əlavə edib ki, müxalifətin əsas fəaliyyəti təkcə iqtidarı yerli-yersiz tənqid etmək deyil:

“Təbii ki, tənqid olmalıdır. Ölkə başçısı özü hətta müşavirə və toplantılarda görülən işlərlə bağlı çatışmayan cəhətləri gündəmə gətirir, kadrları üzərlərinə düşən vəzifəni yerinə yetirmədiyinə görə ən kəskin formada tənqid edir, tutduğu vəzifədən azad edir. Əgər bunu ölkə başçısı edirsə, təbii olaraq müxalifət də çatışmayan cəhətləri gündəmə gətirməli və məsələnin həlli, ölkənin inkişafı ilə bağlı təkliflərini verməlidir. Daha bundan siyasi spekulyasiya vasitəsi kimi istifadə etməməlidir.
Amma təəssüflər olsun ki, ölkədəki bəzi siyasi qüvvələr cənab Prezidentin dialoq məsələsinə hələ də qeyri-adekvat reaksiya verməkdə və ölkədə siyasi sabitliyi pozmaq, xaos yaratmaq, ölkənin hərtərəfli böhrana sürüklənməsində maraqlıdır. Fəaliyyətlərini də ancaq bu istiqamətdə qurublar. Bu isə yolverilməz haldır. Qlobal problemlər və milli məsələlərdən spekulyasiya edib dövləti xaosa sürükləmək isə ilk növbədə xalqa xəyanətdir. İstənilən siyasi qüvvənin hakimiyyət uğrundakı mübarizəsini cəmiyyətdə xaos yaratmadan, böhranın dərinləşməsinə yox, alternativ ideya və fikir qoymaqla sivil formada aparmalıdır.
Ölkə başçısının siyasi islahatların, siyasi qüvvələr arasında münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsinin əsas hədəfi bu cür mənfi halların aradan qaldırılmasına, siyasi mədəniyyətin fromalaşmasına nail olmaqdır. Hesab edirəm ki, başladılan bu proses Azərbaycanda iqtidar-müxalifət, partiyalar arasında siyasi mədəniyyətin formalaşmasına, sağlam əməkdaşlığın, dialoq mühitinin genişlənməsinə, bütövlükdə ümummilli məsələlərdə həmrəyliyin nümayiş etdirilməsinə, milli maraqlarımızın qorunmasına öz töhfəsini verəcəkdir”.

Mürtəza
Ölkə.Az

Mənbə: olke.az