“Heç bir ölkə bu bəladan sığortalanmayıb” - Yusif Bağırzadə

“Heç bir ölkə bu bəladan sığortalanmayıb” - Yusif Bağırzadə

“COVID-19 sərhəd tanımır, elə ona görə də heç bir ölkə bu bəladan tam olaraq sığortalanmayıb”

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə pandemiya dövründə atılan addımları şərh edərkən deyib. O bildirib ki, Azərbaycan koronavirusla mübarizədə öncül yerlərdən birini tutur.

“Bu epidemiya ölkələr və millətlər arasında heç bir fərq qoymur. Yoxsul və yaşayış səviyyəsi aşağı olan ölkələrdən tutmuş dünyanın ən inkişaf etmiş ölkələrinə qədər hamı bu bəla ilə üzləşib. İnkişaf etmiş və müvafiq olaraq səhiyyəsi də güclü olan ölkələrin bu problemin həllində daha təsirli addımlar atacağı güman edilirdi, lakin görünən odur ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr elə inkişaf etmiş ölkələrdir.

Azərbaycan hökuməti tərəfindən təbii olaraq bütün atılan addımlar təhlil edilir, müvafiq məsləhətləşmələr həyata keçirilməklə qərarlar verilir. Məhz bu cür koordinasiyalı və düşünülmüş siyasətin nəticəsidir ki, bu gün ölkəmizdəki vəziyyət bir sıra ölkələrdən daha yaxşıdır. Müqayisə aparsaq görərik ki, əhalisi Azərbaycanla eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mini keçib, ölənlərin sayı minlərlədir. Məsələn, bu sırada Belçika, İsveçrə, Çexiya kimi ölkələri göstərmək olar. Elə ölkələr də var ki, məsələn Portuqaliya və İspaniya kimi yenidən sərtləşdirilmiş karantin rejiminə keçmək məcburiyyətində qalıb. Azərbaycan bu tip ölkələrlə müqayisədə pandemiya ilə mübarizədə öncül yerlərdən birini tutur", - politoloq söyləyib.

Atılan addımların əhalinin sağlamlığına, təhlükəsizliyinə yönəldiyini deyən Y.Bağırzadənin fikrincə Azərbaycan koronavirusla mübarizədən uğurla çıxacaq: "Atılan addımların əsas məqsədi təbii ki, insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır və görünən odur ki, dövlət bu vəziyyətdən daha az itkilərlə çıxmaq üçün bütün imkanlarını səfərbər edib. Baxın, qısa vaxt ərzində 36 yeni xəstəxana istifadəyə verilib və yaxın bir ay ərzində 1300 yerlik daha bir modul xəstəxananın inşa ediləcəyi gözlənilir. Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Tək pandemiya dövründə 36 yeni xəstəxananın, 20-dən çox yeni laboratoriyanın yaradılması, testlərin sayının fantastik dərəcədə artırılması, aqrar və qeyri-neft sektorlarında artım, valyuta ehtiyatlarımızın çox cüzi olaraq azalması və mövcud sosial layihələrdən əlavə yeni-yeni ”rifah paketlərinin” tətbiqi təkzibolunmaz faktlardır və bir daha sübut edir ki, Azərbaycan pandemiyadan müəyyən itkilərə məruz qalsa da, sonda onu güclənərək başa vurmaq imkanlarına malik az-az ölkədən biri olacaq”.

Mənbə: axeber.az