Masallı gəncləri yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər

Masallı gəncləri yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər

Masallı, 11 iyul, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, iyulun 1-dən 30-dək gənclərin həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallıda çağırışçı-gənclər koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə rayonda tətbiq edilən sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi riayət olunmaqla müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına yola salınıb.

Gənclərin hərbi xidmətə yola salındığı ərazidə yeni növ koronavirus infeksiyası ilə mübarizə məqsədilə tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

Binanın yerləşdiyi ərazidə, həmçinin nəqliyyat vasitələrində dezinfeksiya işləri yerinə yetirilib.

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi, mayor Ceyhun Həsənov, bölmənin əməkdaşı, kapitan Əlisəfa Abbasov çağırışçılara mövcud qaydalar barədə ətraflı məlumat veriblər.

Yolasalma mərasimində çıxış edən Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə, nizam-intizamlı olmağa çağırıb. Bildirilib ki, koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilib. Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə ciddi riayət edilməlidir.

Çağırışçı-gənclər yüksək əhval-ruhiyyə ilə onlar üçün ayrılmış avtobuslarla hərbi hissələrə yola düşüblər.

Mənbə: azertag.az