Dünya mediası Azərbaycan həqiqətlərinə böyük maraq göstərir

Dünya mediası Azərbaycan həqiqətlərinə böyük maraq göstərir

Dinamik inkişaf edən, müasirləşən, demokratikləşən Azərbaycanda qazanılan uğurlar beynəlxalq aləmdə də müsbət əks-səda doğurur, ölkəmizin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Dünya birliyinin bərabərhüquqlu və məsuliyyətli üzvü olan Azərbaycan bu gün həm də qlobal əhəmiyyətli məsələlərin həllində söz sahibidir. Əlbəttə ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin ya­ratmış olduğu mükəmməl inkişaf doktrinasına uyğun həyata keçirilmiş genişmiqyaslı islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün ol­muşdur. Bununla yanaşı, Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etməsi, eyni zamanda, bu və ya digər ölkələrdə keçirilən qlobal forumların, konfransların əsas iştirak­çısına çevrilməsi günümüzün reallıqlarıdır. Bu uğurlar həm də Azərbaycanın mövqeyinin, siyasi çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı hörmətin, etimadın ifadəsidir.

Azərbaycanın dinamik inkişafı, ilk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər və bir sıra vacib sahələrdə regional mərkəzə çevrilməsi ölkəmizin dünyanın diqqət mərkəzində qal­masına şərait yaradır. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində video­konfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürməsi və bu təşəbbüsün dünyanın 130 dövləti tərəfindən dəstəklənməsi beynəlxalq birliyin ölkəmizə olan böyük etima­dının təzahürüdür. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan dövlətdir.

Heç kimə sirr deyil ki, hazırda bü­tün dünyanın COVID-19 pandemiyası ilə, sözün əsl mənasında, vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsəd kimi ön plana çıxır. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması isə dünyada cərəyan edən böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etima­dın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək.

Pandemiya başlayandan və bir sıra ölkələrdə pik həddinə çatdıqdan sonra virusa yoluxmanın azalması, karantin tədbirlərinin yumşalması­na şərait yaratmasına baxmayaraq, bir çox ölkələrdə yenidən alov­lanmağa başlamışdır. COVID-19 Azərbaycandan da yan keçməmiş, mart ayının son günlərindən baş­layaraq gözəgörünməz düşmən bizim də qapımızı döyməyə başla­mışdır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kompleks tədbirlər hesabına COVID-19-la mübarizədə bir sıra uğurlar əldə edilmişdir. Eyni zamanda, ölkə başçısı bir sıra qlobal təşəbbüslərlə çıxış etmiş, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində iki dəfə yardım göstərmiş, dünyanın 30-dan çox ölkəsinə maliyyə vəsaiti, müxtəlif tipli ləvazimatlar və digər zəruri yardımlar göndərmişdir. Fərəhləndirici haldır ki, öz fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələri əsasında quran Azərbaycan hökumətinə görülən işlərə görə elə pandemiyanın ilk günlərindən yüksək qiymət verilmişdi. ÜST Azərbaycanda fəal iş aparmaqla yanaşı, həm də beynəlxalq səviyyədə Azərbaycanının təşəbbüslərini dəstəkləyir. Təsadüfi deyil ki, ÜST Azərbaycan təşəbbüskarı olduğu zirvə görüşlərində iştirak edir və bu görüşlərdə Azərbaycanın fəaliyyətinə yüksək dəyər verir.

Azərbaycanın COVID-19-a qarşı mübarizəsi, ölkəmizdə karantin qaydalarının tətbiqi xarici mətbuatın da diqqət mərkəzindədir. Yaxın və uzaq ölkələrdə işıq üzü görən mətbuat orqanlarında ölkəmizin pandemiya ilə apardığı uğurlu mübarizənin detalları ətraflı şərh edilir, əhalinin sağlam­lığının qorunmasına və aztəminatlı qəbəqə nümayəndələrinin, eləcə də müxtəlif iqtisadi subyektlərin maliyyə cəhətdən dəstəklənməsinə yönəlmiş effektli sosial-iqtisadi proqramlar­dan bəhs olunur. Xarici mətbuat orqanlarında qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və post-patrul xidmətinin işçiləri karantin şəraitində yorulmadan çalışır və sürücülərin hərəkət üçün xüsusi icazəsinin olub-olmadığı yoxlanılır.

Bəzi xarici internet resursla­rında isə ölkə rəhbərliyinin pande­miya şəraitində yürütdüyü iqtisadi siyasətinə yer verilir. Məsələn, ABŞ-ın “The Daily Signal” saytında dərc edilmiş “Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır” sərlövhəli məqalədə COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan iqtisadiyyatının atdığı addımlar və verilən qərarlarla bağlı məsələlərə toxunulur. Antoni B.Kimin müəllifi olduğu məqalədə qeyd edilir ki, Azərbaycan iqtisadiyyatının əsasını onun zəngin karbohidrogen ehtiyatları və digər təbii resursları təşkil edir. Məqalə müəllifi yazır ki, koronavirus pandemiyası nəticəsində enerji resurslarına tələbat azalmışdır, ancaq koronavirus pandemiyası nə vaxtsa sona çatacaq və bu zaman iqti­sadi azadlıqların təmini istiqamətində lazımi addımların atılması hər zaman olduğundan daha vacib zərurətə çevriləcək. Amerikalı müəllif düşünür ki, bu məsələdə Azərbaycan doğ­ru yoldadır və ölkə iqtisadiyyatını tez və tamamilə bərpa edəcəyini söyləmək mümkündür. Antoni B.Kim Azərbaycanın heç bir halda iqtisadi azadlıqların təmini istiqamətində apardığı işlərdən imtina etməyəcəyini də qeyd edir.

Bu ilin aprel ayında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin üzvü Esmira Cəfərovanın və mərkəzin eksperti Vasif Hüsey­novun Azərbaycanın COVID-19 ilə mübarizəsinə dair məqalələrinin ya­yımlanması da maraq doğurur. Belə ki, Avropa İttifaqının nüfuzlu “Euractiv” portalında E.Cəfərovanın müəllifi olduğu “COVID-19 Azərbaycanın gələcəyə optimist baxmasına mane olmur” adlı məqalədə Azərbaycanın enerji dövləti kimi keçdiyi yoldan, öz müstəqillik və iqtisadiyyatını möhkəmlədirmək üçün gördüyü işlər, islahatlar, Cənub Qaz Dəhlizinin Avropa enerji təhlükəsizliyinə verdiyi töhfə və Azərbaycanın bu zamana kimi əldə etdiyi nailiyyətlər fonunda dünyanı büyürən COVİD-19 epide­miyasına qarşı tez və ciddi şəkildə apardığı tədbilərdən bəhs edilir. Qeyd olunur ki, Azərbaycanın təkcə xam enerji ixracatçısı deyil, həm də enerji təhlükəsizliyini ixrac edən dövlət kimi nüfuzu, dövlətin müxtəlif sahələri, eləcə də iqtisadiyyatının möhkəmləndirlməsi istiqamətində bu zamandək gördüyü işlər və islahatlar pandemiyanın gətirdiyi sosial, iqtisadi və digər çağırışların öhdəsindən də uğurla gəlməkdə Azərbaycana kömək edəcək.

Vaqif Hüseynovun ABŞ-ın nüfuz­lu “Jamestown Foundation” düşüncə mərkəzinin portalında dərc etdiyi “Azərbaycan koronavirus böhranının təsirlərini minimuma endirməyə ümid edir” adlı yazıda da COVID-19-la mübarizədə Azərbaycanın həyata keçirdiyi tədbirlər təsvir olunmuşdur. Müəllif məqaləsində vurğulamışdı ki, virusun Azərbaycanda qeydə alındığı 28 fevral tarixindən etibarən ölkədə onun yayılmasının qarşısını alan kompleks tədbirlər görülmüşdü. Sevindirici hal ondan ibarətdir ki, bu tədbirlər öz bəhrəsini vermiş və infeksiyanın yayılması əhəmiyyətli dərəcə azalmışdı. V.Hüseynov, eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatının və Türk Şurasının hazırki sədri kimi pandemiya ilə mübarizədə beynəlxalq təşəbbüslərindən də bəhs etmişdir. O, Türk Şurası dövlətlərinin virtual sammitinin təşəbbüskarı kimi çıxış edən Azərbaycanın qurum daxilində pandemiya ilə mübarizədə qarşılıqlı əməkdaşlığın təşkilinə mü­hüm töhfə verdiyini də vurğulamışdır.

Bəzi xarici mətbuat orqanla­rında Azərbaycanın koronavirusla mübarizədə infeksiyanın panika­ya səbəb olmadığını yazır və bu məsələdə hökumətin savadlı və planlı şəkildə davrandığı önə çəkilir. Məsələn, Ukraynanın LB.ua saytı koronavirus infeksiyasının yayıl­masına qarşı mübarizə çərçivəsində ölkəmizdə hansı tədbirlərin həyata keçirildiyindən bəhs edir. Materialın müəllifi Aleksandr Demçenko qeyd edir ki, Azərbaycanı belə böhranlı vəziyyət zamanı dövlətin yaratma­lı olduğu sivil imkanlar nümunəsi kimi göstərmək olar. “Məsələn, Azərbaycan nə etdi? Bakı, korona­virusun yayıldığı ölkələrdən gələn vətəndaşların əvvəlcə hava limanla­rında sınaqdan keçirildiyi bir sistemi yaratdı. Orada onlar "saxlanılmır". Təyyarələr də birdən-birə gəlmədi, əksinə, növbələrin yaranmaması və infeksiyanın yayılmaması üçün növbə ilə gəldi. Bundan əlavə, gələnlərin hamısı mütləq müşahidə üçün göndərilir. Bu məqsədlər üçün dörd-beşulduzlu otellər ayrılır. Vətəndaşlar bunun üçün bir qəpik də ödəmirlər; dövlət bütün xərcləri öz üzərinə gö­türdü”, – deyə müəllif qeyd edir.

Müəllif daha sonra yazır: “Bu otellərdə digər ölkələrdən gələn azərbaycanlılar həkimlərin daimi nəzarəti altındadır. Xəstəxanalara və ya klinikalara – infeksiyanın yayılma nöqtələrinə – ailə həkiminə baş çəkməyə getmirlər”. Başqa sözlə, müəllif vurğulayır ki, bütün bu insanlar daim evdə olmurlar, öz yaxınlarını yoluxdurmurlar, hansı ki, virusun daşıyıcısı ola bilərlər. Yazıda, həmçinin Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasından, Prezident İlham Əliyevin və Birinci vitse-pre­zident Mehriban Əliyevanın öz illik əməkhaqlarını həmin fonda hədiyyə etməsindən də danışılır. “Həm də qeyd etmək lazımdır ki, fonda təkcə dövlət tərəfindən maliyyə yönəldilmir. Hazırda hər bir orta və böyük şirkət, banklar və digər özəl qurumlar 10 manatdan 2 milyon manata qədər vəsait köçürmüşlər. Bu səylər sayəsində fonda 100 milyon manat­dan çox könüllü ianə daxil olmuş­dur”, – deyə məqalədə qeyd olunur. Azərbaycan hakimiyyətinin korona­virusun nəzarətsiz yayılmasının bütün mümkün risklərini dərhal aradan qaldırdığını yazan müəllif əlavə edir ki, Ukrayna da problemə belə yanaşmalıdır. Nəqliyyat seqmentində yaranmış vəziyyəti təsvir edən müəllif qeyd edir ki, Bakıda metro stansiyala­rı arasında xüsusi avtobuslar fəaliyyət göstərir, həmçinin xüsusi təyinatlı avtomobillər istisna olmaqla, Bakı, Sumqayıt və Abşeron rayonuna giriş-çıxışının məhdudlaşdırılması barədə məlumat verir.

Azərbaycanın qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsi də ölkəmizin beynəlxalq aləm tərəfindən nüfuzlu və etibarlı dövlət kimi qiymətləndirilməsinə əsas verir. Yerləşdiyi regionunda fəaliyyət göstərən və istismara verilməsinə çox az qalan strateji enerji layihələrinin reallaşdırılması Azərbaycanı enerji təhlükəsizliyinin qarantı adlandır­mağa ciddi əsaslar yaradır. Əlbəttə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyas­da isə etibarlı tərəfdaşa çevirmişdir və bu reallıq xarici mətbuatda etiraf edilir. Bundan başqa, Azərbaycanın tolerant ölkə olması, multikultural dəyərlərin inkişafına davamlı töhfələri dünya mətbuatının səhifələrində xü­susi yer alır. Eyni zamanda, 2012-ci ildə “Evrovision” musiqi yarışmasına, 2015-ci ildə Birinci Avropa Oyunları­na, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, son illər ənənəvi keçirilən Formula-1 yarışlarına evsahibliyi etməsi dünyanın diqqətini Azərbaycana yönəltməklə beynəlxalq baxışı daha da möhkəmləndirir.

Xarici media orqanlarında Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın ic­timai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyəti və incəsənətinin bütün sahələrində əldə etdiyi uğurları haq­qında məlumat verilir. Azərbaycanın regionda lider ölkə olduğu və beynəlxalq sülhə, təhlükəsizliyə və humanitar yardımlara töhfə verən dövlət olduğu vurğulanır.

Mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirən Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz ro­lunu oynayır və bu faktlar beynəlxalq aləmdə müsbət əks-səda doğurur. Gü­nün reallığı budur ki, Cənubi Qafqaz­la bağlı siyasi sahədə Azərbaycanla hesablaşır, məsləhətləşirlər və heç bu faktla mübahisə etmir ki, bölgə iqti­sadiyyatının əsas ağırlığı ölkəmizin payına düşür.

Azərbaycan, həm də regional münaqişələrin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında da fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Bu mənada, hazırda ölkəmiz mühüm siyasi, iqtisadi, idman və digər səpkili beynəlxalq tədbirlərin əsas ünvanıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğur­lu siyasət Azərbaycanı qlobal siyasi, iqtisadi, hərbi, humanitar, mədəni məsələlərin müzakirə olunduğu platformaya çevirmişdir. İndiyədək keçirilən beynəlxalq səviyyəli tədbirlərin ən böyük əhəmiyyəti isə odur ki, Azərbaycan beynəlxalq miqyasda təbliğ olunur, ölkəmizin üzləşdiyi ədalətsizliklərlə bağlı həqiqətlər dünyaya çatdırılır.

Bir sözlə, bu gün Azərbaycan güclü ölkə kimi əhalisinin sağlamlığı­nı qorumağa və iqtisadi inkişafı təmin etməyə, eləcə də qlobal həmrəyə öz müsbət töhfəsini verməyə qadirdir. Qloballaşmadan kənarda qalmayan ölkəmiz bu proseslərdə məhz öz inki­şaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək gələcəyə doğru inamla addımlayır. Bütün bu uğurlar, əlbəttə ki, Prezident İlham Əliyevin qətiyyəti nəticəsində milli iqtisadiyyatımı­zın liberallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər sayəsində mümkün olmuşdur. Bu reallıqlar da xarici media məkanında geniş işıqlandırılır.

“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com