“Müavinini qoruya bilməyənə ölkənin sərhədlərini tapşırırlar”

“Müavinini qoruya bilməyənə ölkənin sərhədlərini tapşırırlar”

“Tez-tez soruşurlar ki, iqtisadiyyat bu təzyiqə nə qədər dözər. Mən də demək olar ki, hər gün bir neçə dəfə qarşılaşdığım suala sualla cavab verirəm ki, hansı iqtisadiyyatı nəzərdə tutursunuz? Əgər azad biznesi nəzərdə tutursunuzsa sonu günlər, maddi durmunuzu nəzərdə tutursunuzsa, sonu aylar, əgər söhbət oliqarxların inhisarçı biznesindən gedirsə sonu illər, onların ailə təsərrüfatlarından gedirsə, sonu əsrlər sürə bilər. Cavabımla razılaşmayanlar, dövləti nəzərdə tuturuq deyə sorğusunu davam etdirərsə, onun da cavab budur ki, Azərbaycanda dövlət adına nə varsa hamısını, o sıradan milli iqtisadiyyatı da bir qrup quldur məmur və oğru sahibkarla əlbir olub mənimsəyib. Bu ölkədə Azərbaycan dövlətinə məxsus nə qalıb ki, onun da başlanğıcı və sonu olsun?! 2001-2019-cu illər ərzində ARDNF-nin daxilolmaları 159,4 milyard ABŞ dollar olub, normal hakimiyyət bu pulla cənnət yaradardı, bizimkilər isə ölkəni korrupsiya cəhənnəminə çevirib, Azərbaycanı bütün dünyada rüsvay ediblər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

 

Q.İbadoğlu qeyd edib ki, hətta anormal dövlətdə korrupsiya sahəsində bu qədər davamlı pis nümunələr olmaz, hakimiyyət ya buna son qoyar, ya da özü süqut edər: “Bizdə isə klarnet çalandan visa verənədək hamısı rüşvətxordur, müavinini qoruya bilməyənə ölkənin sərhədlərini tapşırırlar. Baxın, görün, Azərbaycanda nə qədər korrupsiya cinayətləri vardır: Beynəlxalq Bank işi, MTN işi, Rabitə işi, MN işi, DSX işi, XN işi, subsidiya işi, icra başçıları işi, sosial kartlar işi, pensiya işi və bütün bunlar korrupsiya dur demək üçün bəs deyilmiş kimi hələ ardı da gəlir... Əslində siyası iradə olarsa, ADR Hərəkatının bu günlərdə açıqlayacağı "Addım-addım" anti-korrupsiya sahəsində təkliflər paketini reallaşdırmaqla bu işi bitirmək olar. Artıq yetər, korrupsiyaya son qoymasaq dövlət əldən gedəcək, ölkəni hələ çox fəalakətlər gözləyəcək”.

Mənbə: pravda.az