Axundovla Zərdabinin tarixi məktublaşması

Axundovla Zərdabinin tarixi məktublaşması

“Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy, sən hər qəzetində bir müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib bizə hey təklif edirsən: elm öyrənin, elm öyrənin… Çox yaxşı… İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək elmi harada öyrənək, kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı, hansı istitaət (pul, maliyyə – E.A) ilə?“

Yuxarıdakı sətirlər 1877-ci ilin yanvarında Azərbaycanın fikir babası, çağdaş mədəniyyətimizin yaradıcısı Mirzə Fətəli Axundov (1812-1878) “Vəkili Milləti-Naməlum” imzası ilə başqa bir görkəmli aydınımıza, “Əkinçi” qəzetinin və milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabiyə (1837-1907) ünvanladığı məktubdandır.

Epistolyar ədəbiyyatın bu qiymətli nümunəsi aradan 150 ilə yaxın bir zaman keçdikdən sonra da öz dəyərini, qiymətini qoruyub saxlayır. Təkcə ona görə yox ki, həmin məktubun, eləcə də ona cavabın altında ictimai-siyasi və mədəni fikir tariximizin, aydınlanma hərəkatımızın qüdrətli simalarının imzası var.

Həm də ona görə ki, bu məktublaşma təqvim XXI yüzilliyi göstərərkən də öz aktuallığını qoruyub saxlayır. Təhsilimizin, elmimizin indiki ağır günlərində bilgisiz, savadsız bir yüksəlişin, tərəqqinin xəyal belə edilməyəcəyini bizə yenidən xatırladır.

Doğrudur, həmin məktubların yazıldığı dövrün gerçəklikləri ilə bugünkü reallıqlar xeyli fərqlidir. İndi məktəblərimiz də var, oxuyub yazma bilənlərimiz də. Ancaq həmin məktəblər, oxuyub yazma səviyyəsi Azərbaycanın modern, mədəni dünya ilə ayaqlaşması baxımından nə qədər funksionaldır? Biz indi də bu sual ətrafında düşünməyə, baş yormağa məcbur və məhkumuq.

Yaxud, qəzetlərimiz var, ancaq onlar həqiqəti nə qədər yaza, kütlə şüurunu nə qədər aydınlada bilirlər? Elmlər Akademiyamız var, lakin orada sonuncu dəfə hansı mütərəqqi elmi yeniliyə, icada imza atıblar? Bu gün Elmlər Akademiyası dedikdə göz önünə mələyin uçma sürətini hesablayan, yerin düz olduğunu iddia edən “alimlər” gəlirsə onlardan nə gözləyə, koronavirus mövzusunda şeir müsabiqəsi elan edən bir idarədən nə umub-küsə bilərik?

Qısası, Axundovla Zərdabi arasındakı məktublaşmanın motivi ilk baxışda yuxarıda yazdıqlarımızdan çox fərqli olsa da, əslində eyni ağrının, eyni əzabın ifadəsidir: yüksək təhsil, bilgi, mədəni, mənəvi diriliş bizim üçün hələ də əlçatmaz, ünyetməzdir.

***

Həsən bəyə ünvanladığı məktubun sonunda Zərdabidən onu “Əkinçi” səhifələrində dərc etməsini istəyən Axundov sual edirdi ki, lap məktəb tikdik, müəllimləri haradan alaq? Sitat: “Türki, farsi və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, bəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas (qadınlar, qızlar – E.A) və kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanlar açaq və müəllimlər gətirdək, ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?”

Mirzə Fətəlinin fikrincə, elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə (vasitə, üsul) gərəkdir, lakin: “Əvvələn, istitaətimiz yoxdur, səbəbini izhar etməyə isə cürətimiz yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səhifəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünnü. Şiələrin sünnülərdən zəhləsi gedir, sünnülərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz. İttifaq haradan olsun? Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki, farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Bəs onlar niyə elmsizdirlər? Külli Ərəbistan bisavaddır, ərəblər ya dilənçilik, ya çapavulçuluq edirlər. Külli Anatoliya bisavaddır, külli İran bisavaddır. Ancaq İstanbulda, Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır. Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir. Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur… Kim alsın? Vəqta ki, şəhərlərdə, kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzeti alıb neyləsinlər? Cırsınlar, tullasınlar? Külli İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Qalan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıblar, dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən bitər ki, bizim hətta çobanlarımız da Prus (Şərqi və Mərkəzi Avropada XVI-XX yüzilliklərdə mövcud olmuş Prussiya dövləti nəzərdə tutulur – E.A.) çobanları kimi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə…“.

***

Zərdabi, şübhəsiz ki, Axundovun bu məktubunu cavabsız qoya bilməzdi. O, Mirzə Fətəliyə yazır ki, bu məktub qışın çilləsində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzəsi salır. Sitat: “Doğrudur, bizim zəmanədə elmsiz qalan millətin puç olmağı məlum və aşkardır və əgər elm təhsil etmək üçün istitaət, ittifaq, vəsilə gərək imişsə və bunlardan heç biri biz müsəlman tayfasında yox imiş və ola bilməz imiş, bəs belə də sizin kağız bəzi elm təhsil edənlərin (təhsillilər nəzərdə tutulur) sözünü təsdiq edir ki, deyirlər gələcəkdə müsəlman milləti bisəmərə olacaq. İş, həqiqət belə deyil. Bu, siz buyurduğunuz qədər müşkül deyil. Bu halda bizim vilayətdə ildə 100 manat verməyə tavannası (maddi imkanı – E.A) çatan 500 adam tapılar və əgər onlardan 200-cən adam işdən xəbərdar olub öz millətini bisəmərə olmaqdan qorumaq istəyə, onda hər ildə 20 min manat cəm etmək olar.

Ey mənim dostum, heç bilirsinizmi bu məbləğ ilə nə qayırmaq olar? Əvvələn, on ilə bir çapxana açmaq olar ki, orada qəzet və elm kitabları çap olunub müftə və ya bir cüzi qiymətə xalqa paylansın. Tiflis və ya başqa şəhərdə bir məktəbxana açmaq olar ki, hər 300 ev o məktəbxanada öz xərci ilə bir uşaq oxutsun. Həmin uşaqlar təhsil aldıqdan sonra onları şəhərlərə və ya kəndlərə aparıb evə 1 manat vermək ilə məktəbxana aça bilər. Bu halda Qafqazın şəhərlərində və kəndlərində məktəbxana aça bilərik ki, orada öz dilimizdə uşaqlarımız təlim olunsun və yəqin ki o vaxt indikindən yaxşı müsəlman olarıq…”

Həsən bəy lap sonda isə qeyd edirdi ki, Axundovun yuxarıdakı sözləri oxuduqdan sonra güləcəyini bilir, çünki bu xəyaldır. Lakin xarakter etibarilə xeyli optimist və təşəbbüskar biri olan Zərdabi dərhal da əlavə edir: “Doğru deyirsiniz, … bu xəyaldır. Amma onun xəyal olmağına səbəb biz özümüzük. Bizə ki, göydən kömək gəlməyəcək, əgər bisəmərə olmaqdan özümüzü mühafizə etmək istəyirik, qəflətdə olmaq nə lazım. Yəqin deyəcəksiniz ki, ittifaqımız yoxdur, sünni, şiə sözü bizə mane olur. Əzizim, bizim zəmanədə və vilayətdə sünni, şiə sözü yalnız anlamaz ağzında qalıb. Bəs, mənim dostum, halva-halva deməklə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çırmalayıb meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz”.

Mənbə: azlogos.eu